Qazaxıstanda təcavüz qurbanlarının sayı polisə məlumat veriləndən xeyli çoxdur.
Yaxınları qızı yerli polis şöbəsinin yaxınlığında tapıblar.
Almatı vilayətinin Esık şəhərində baş vermiş kütləvi təcavüz hadisəsi ilə bağlı Qazaxıstanda yeni etiraz dalğası başlayıb.
Hadisə belə olub. Esık şəhərinin sakini Jibek Musinovanı ailəvi şənlikdən qayıdarkən qaçırıblar. Yanındakıları döyüblər, özünü isə maşına basıb naməlum istiqamətə aparıblar.
Yaxınları qızı yerli polis şöbəsinin yaxınlığında tapıblar. Polislər isə zərərçəkmişin hüquqlarını qorumaq əvəzinə, istintaqa maneələr yaratmağa başlayıblar. Doğrudur, sonda şübhəli şəxslər saxlanılıb. Amma bu yalnız zərərçəkmişin anası Qulbadar Musinovanın “Tansari” İctimai Birliyinə və sosial şəbəkələrə müraciətindən sonra baş verib. Bu müraciətdən bir neçə saat keçməmiş hadisəyə biganə qalmayan yüzlərlə qazaxıstanlı polisin etinasızlığına etiraz bildirib.
“Təkcə polisdə yox, həkimdə də belədir. Cərrah qızın ünvanına xoşagəlməz sözlər deyib. Özü də onun dərin psixoloji sarsıntı keçirdiyi bir vaxtda. O, heç analiz də götürməyib, ağrıkəsici verdikdən sonra doğum evinə göndərib”, -- “Tansari” İctimai Birliyinin sədri Dina Smailova deyir.
İlk əvvəl kişilərdən səs çıxmırdı
Qazaxıstanda təcavüz qurbanlarının sayı onlar haqqında polisə məlumat veriləndən xeyli çoxdur. Rəqəmlərin sayının çox olduğunu həm də seksual zorakılığa qarşı “Nemolçi.kz” milli hərəkatının təşkilatçılarına dəstək çıxan qadınların sayının çoxluğu da göstərir. Dina Smailova adıçəkilən hərəkatı Rusiya və Ukraynadakı analoji flaşmoblardan ilhamlanaraq, iyulun əvvəlində yaradıb. O, ictimai şəkildə etiraf edib ki, 27 il əvvəl təcavüzə məruz qalıb. Ancaq ötən bu illər ərzində həmişə zorlandığını söyləməyə qorxub. Dina Smailovanın bu etirafından cəmi bir neçə gün sonra sosial şəbəkələrdə “Nemolçi.kz” haştəqi ilə minlərlə buna bənzər əhvalatlar paylaşılıb.
“Görürəm ki, cəmiyyətin baxışında dəyişiklik edə bilmişik. İlk əvvəl kişilərdən səs çıxmırdı. İndi onlardan da böyük dəstək alırıq”, -- Smailova deyir.
Ekspertiza təcavüzçülərdən birinin uşağın atası olduğunu müəyyən edib. Həmin şəxs islah əmək düşərgəsinin əməkdaşı olubmuş.
Bundan əvvəl isə Alma-Atı vilayətində islah-əmək düşərgələrinin birində baş verən kütləvi təcavüz hadisəsi ölkədə böyük rezonans doğurmuşdu. Hüquq müdafiəçisi Yevgeni Jovtisin fikrincə, həmin hadisə məhbusun işgəncəyə məruz qalması faktına əsl nümunədir. Ekspertiza təcavüzçülərdən birinin uşağın atası olduğunu müəyyən edib. Həmin şəxs islah əmək düşərgəsinin əməkdaşı olubmuş. Hadisənin digər iştirakçıları isə hələ də günahlarını boyunlarına almaqdan imtina edirlər.
Bu cür halların qarşısının alınması üçün İnsan Hüquqları üzrə Beynəlxalq Büronun rəhbəri Yevgeni Jovtis təklif edir ki, ölkənin penitensiar sisteminin iş reqlamentində lazımi dəyişikliklər edilsin: “İstintaq
təcridxanalarında və azadlıqdam məhrumetmə yerlərində işləyən həkimləri Daxili İşlər Nazirliyi və Cəzaların İcrası Xidmətinin tabeliyindən çıxarıb Səhiyyə və Sosial İnkişaf Nazirliyinin tabeliyinə vermək lazımdır. Çünki həbsxanalardakı bu cür pozuntuları təsbit etməli olan həkimlər həbsxana rəhbərliyindən müstəqil fəaliyyət götərməlidirlər”.
Başqa bir təklif Cinayət Məcəlləsindən “tərəflərin barışması” anlayışının çıxarılması ilə bağlıdır. Millət vəkilləri də bu təklifi müzakirə etməyə hazır görünürlər.
Təcavüzçülərin 70 faizi əlini-qolunu sallayaraq azadlıqda gəzir
Onların təcavüz qurbanını yola gətirmək üçün kifayət qədər pulu olub.
Dina Smailova əmindir ki, hazırda təcavüzçülərin 70 faizi əlini-qolunu sallayaraq azadlıqda gəzir. Çünki onların təcavüz qurbanını yola gətirmək üçün kifayət qədər pulu olub.
“Qazaxıstanın Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayanların təcavüzə məruz qaldığı hallarda tərəflərin barışması mümkün deyil. Yox, əgər qurbanın yaşı daha çoxdursa, onda məsələ başqa cürdür”, -- deyir deputat Asılbek Smaqulov. Onun fikrincə, “barışıq” sözünün müvafiq maddələrdən çıxarılması üçün əvvəlcə bu dəyişikliklə əlaqədar gərək ictimaiyyətdə geniş müzakirələr aparılsın.