“Havanın temperaturu düşdükcə, evlərə verilən qazın təzyiqi də azalır. Tam düz mütənasibdir. Belə davam eləsə, şaxtalar düşəndə, biz hökumətə qaz verəcəyik”.
“Facebook” (qısaca, FB) istifadəçisi Rauf Həsənli belə yazıb. Ölkədə, özəlliklə paytaxt Bakıda mənzillərdə təbii qazın azalmasından şikayətlənən təkcə o deyil.
“Yalançının qazı kəsilsin. Bir aya yaxındır ki, bizim tərəflərdə (Buzovna, Albalılıq) qazı tortun üstünə qoyub, üfürürük”, Firdovsi Yusubov bunu öz FB hesabında “ölkədə qaz problem yoxdu” deyən rəsmilərə xitabən yazıb.
Eldar Mahmud adlı sosial şəbəkə istifadəçisi “Hal-hazırda Binəqədidə qaz şam kimi yanır” gileyini dilə gətirib.
Buna da bax: Neft buruqları arasında mavi yanacaq arzulayanlar
Rövşən adlı başqa bir istifadəçi isə qeyd edib ki, “postneft dövrünə qədəm qoyacağımızı bilirdik, amma postqaz dövrünə qədəm qoyacağımız ağlımıza da gəlməzdi”.
Postqaz dövrü?
Azərbaycan doğrudanmı postqaz dövrünə qədəm qoyur? Qaz ixracatçısı olan ölkənin vətəndaşları nədən belə istehza dolu anlayış tapmağa meyllənir?
Rəsmi məlumata görə, bu ilin 9 ayında Azərbaycanda 13,77 milyard kubmetr (əmtəəlik) qaz çıxarılıb. Hasilat 654 milyon kubmetr azalıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, hasilatın azalmasının iki obyektiv səbəbi var: “Birinci səbəb ötən ilin dekabrında SOCAR-ın Günəşli yatağında 10 saylı özüldəki yanğınla bağlıdır (Bu yanğında, azı, 10 adam ölmüş, 20-yə yaxın neftçi də itkin düşmüşdü). Yanğından öncə həmin özüldən gündə 1 milyon kubmetr qaz hasil edilirdi və 9 ayda təxminən 270 milyon kubmetr qaz “havaya” uçdu”.
İlham Şaban deyir ki, neft quyularına daha çox səmt qazı vurulduğundan, həmin müddətdə Azəri-Çıraq-Günəşli yatağından da (AÇG-dən) 700 milyon kubmetr az qaz verilib: “Nəticədə 5 illik fasilədən sonra AÇG-də neft hasilatını artırmaq mümkün olub. Neft hasilatının artımı isə Neft Fonduna daxilolmaları artırıb”.
Buna da bax: "Boruları səhv salıb qaz xəttinə su vurublar"
Bu da var ki, ACG yatağından 700 milyon kubmetr az qaz alınsa da, eyni müddətdə “Şahdəniz”dən 800 milyon kubmetr çox qaz gəlib. İlham Şabanın sözlərinə görə, istehsal olunan əmtəəlik qazın 6,1 milyard kubmetri ixrac olunub: “Yerdə qalan 7,67 milyard kubmetr qazın təxminən 2 milyard kubmetri yeraltı qaz anbarlarına vurulub, 3 milyard kubmetrinisə "Azərenerji" istifadə edib. O miqdarın 1,9 milyard kubmetri əhalinin, yerdə qalanı digər sektorların payına düşür. Əhali qrupu arasında istehlak edilən qazın 56 faizi Abşeron yarımadasında işlədilib”.
“Xarici öhdəliyi də yerinə yetirməlidir”
İqtisadçı Natiq Cəfərlinin fikrincə, bir yandan hasilatın azalması, digər yandan ixrac öhdəliyinin artması Azərbaycan hökumətini çətin vəziyyətə salıb: “Xatırlayırsınızsa, Gürcüstan ilin əvvəlində Azərbaycandan 500 milyon kubmetr qaz istəyirdi, əks halda, İran, ya da Rusiyadan qaz alacağını bildirmişdi, hətta danışıqlara da başlamışdı. SOCAR məcbur olub qonşu ölkəyə əvvəlki ildən 300-400 milyon kubmetr çox qaz ötürmək öhdəliyi götürdü”.
Natiq Cəfərli sözügedən müqaviləni Azərbaycana önəmli müqavilə sayır və deyir ki, ölkəyə valyuta gətirir. Amma onu da əlavə edir ki, qaz hasilatı artmasa, Azərbaycan Türkiyə və Gürcüstan qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək üçün yerli əhalinin qazından kəsməli olacaq: “Bu həm ölkənin nüfuz məsələsidir, həm də ölkəyə valyuta gətirir, ona görə də Azərbaycan öhdəliklərini yerinə yetirməyə məcbur qalacaq. Hasilatda problem yaranacaqsa, özəlliklə qış aylarında sürəkli qaz kəsintisi ilə üzləşə bilərik”.
Buna da bax: «Qaz xətti çəkilən kənddə niyə qaz balonu partlasın ki?»
O, qazla bağlı problemin bir səbəbini də soyuqların vaxtından əvvəl düşməsində, “Azəriqaz”ın qışa vaxtında hazırlaşmamasında görür: “Oktyabrda, adətən, havalar isti keçərdi, qəfil soyudu, “Azəriqaz”sa qışa qışda hazırlaşdığından belə bir problemlə üzləşdik”.
“Kütləvi narazılıq yoxdur”
“Azəriqaz” deyilənlərlə razılaşmır. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəis əvəzi İbrahim Kərbəlayev deyir ki, mavi yanacaq problem kütləvi deyil, mənzillərə yüksək təzyiqdə yetərincə qaz verilir. Onun sözlərinə görə, havalar qəfil soyunanda qazın təzyiqində yaranmış problem artıq aradan qaldırılır.
– İndi sizin evinizdə qaz necə gəlir?
– Bakının Əhmədli qəsəbəsində yaşayıram və mənzilimizdə qaz yanır, özü də təkcə bizdə yox, bütün binalarda.
– Ancaq “Qara Qarayev” metrostansiyasının yaxınlığındakı evlərdə qazın təzyiqinin az olmasından şikayətlənirlər. Yasamalda, Xırdalanda, bəzi rayonlarda, kəndlərdə də adamlar qazsız qalıb...
– Demək olmaz ki, kütləvi qaz problemi var. Əhalinin qaza tələbatı ödənir. Ayrı-ayrı yerlərdə, mənzillərdə problem varsa, bu zaman “Azəriqaz” İstehsalat Birliyinin qaynar xəttinə müraciət edə bilərlər. Gəlib mənzillərə baxış keçirib səbəbini taparlar.
Buna da bax: Rövnəq Abdullayevin qaz açıqlaması dillər əzbəri olur
– “Azəriqaz” qış rejiminə keçib?
– “Azəriqaz” əhalini tələbata uyğun qazla təmin edir. Təbii ki, soyuq havalarda tələbat artır. Yayda 4-6 milyon kubmetrlik qaza tələbat doğursa, soyuqda bu tələbat 19 milyon kubmetrə çatır. Havalar soyuyanda, bəzi ərazilərdə problem yaranmışdı, artıq o yerlərdə də qaz verilişi tənzimləndi.
Energetika naziri Natiq Əliyev hələ ilin əvvəlində qaz hasilatında azalma olacağını bildirmişdi. Nazir “Azərbaycan” dövlət qəzetində dərc edilən məqaləsində qeyd etmişdi ki, ötən ilin dekabrında “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində günlərlə davam edən yanğının hasilata mənfi təsirləri gözlənir.
“Görməmişəm ki, hökumət iclas keçirsin”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabansa o fikirdədir ki, hökumət bu proqnozu gözardına vurmamalıydı. Onun fikrincə, ölkə əhalisinin qazla təminatı SOCAR-ın deyil, hökumətin vəzifəsi olmalıdır və bu, kompleks tədbirlərlə çözülən bir məsələyə çevrilməlidir. Ekspert deyir ki, bu 10 ildə hökumətin qazın effektiv sərfiyyatı ilə bağlı bir müşavirə keçirdiyini görməyib: «“Halbuki ölkənin ən böyük qaz istehlakçısı “Azərenerji”dir. İşlədilən qazın 60 faizi onun payına düşür. Bu qurumun da istehsal etdiyi elektrik enerjisinin böyük əksəriyyəti isitmə ehtiyaclarına yönəldilir. Bundan ötrü qış və yay rejimlərinin hasilatına baxmaq yetər. Belədirsə, onda hökumət niyə indiyədək istilik sistemlərinin effektivliyinə dair bir iclas və ya müşavirə keçirməyib? Mədəni dünya gündəlik işini enerji effektivliyi üzərində qurduğu zaman, bizdə bunun nə olduğunu bilən varmı?». İlham Şabanın ritorik sualı, yəqin ki, qarşıdan gələn daha soyuq aylarda cavablandırılacaq.