Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:51

Neft buruqları arasında mavi yanacaq arzulayanlar


Balaxanı qəsəbəsi
Balaxanı qəsəbəsi

“Yanardağ küçəsi 15 ilə yaxındır ki, qış yaxınlaşanda qazsız qalır. Məcbur olub elektrik cihazlarından istifadə edirik. Bu aydan qara günlərimiz başlayıb. Yenə qaz yoxdur. İşıqpulu kəllə-çarxdadır”.

Bunu AzadlıqRadiosu-na Sabunçu rayonu, Balaxanı qəsəbəsinin Yanardağ küçəsinin sakini Asya Səfərova deyir.

“İŞIQPUIUNU ÖDƏYƏ BİLMİRİK”

Balaxanıda mavi yanacağa həsrət qalanlar təkcə Yanardağ küçəsində yaşayanlar deyil. Hacı Soltan, Rahib Qədimli, Müsavat küçələrinin sakinləri də eyni dərddədir.

Buna da bax: Zazalılar qazın gəlməsini evdə gözləmədilər

Hacı Soltan küçəsinin sakini Sahib Məmmədov deyir, havanın temperaturu düşdükcə qəsəbəyə verilən qazın təzyiqi də azalır:

“Dörd tərəfimiz neft buruqlarıdır. Qara qızıl yataqlarının üstündə addımlayırıq. Gəl ki, özümüzə qismət olmadı. Xeyrini başqaları gördü. Bizə soyuqdan donmaq qaldı. İşıqpulu çox gəlir, ödəyə bilmirik. Nə vaxta qədər qaz idarələrinin qapısında düşüb qalaq? Balaxanının neftini sümürüb satırlar, əhalisi isə maye qaza həsrətdir”.

“YATDIĞIM YERDƏ QAZI KƏSİRLƏR”

Qəsəbədə vəziyyət belədir –küçələrin bəzilərində, ümumiyyətlə, qaz gəlmir, bəzilərində təzyiq çox aşağıdır, bəzilərində isə gün ərzində bir neçə dəfə xəbərdarlıqsız kəsilir.

Buna da bax:​ Xocasənlilər: 'Qaz verilməsə, aksiyalar davam edəcək...'

Sakinlər yanacağın tez-tez kəsilmənin səbəbini öyrənməkdən ötrü Qaz İstismar Sahəsinə və Sabunçu rayon Qaz İdarəsinə getsələr də, onlara konkret səbəb bildirilmir. Onlarsa qaz verilişinin xəbərdarlıqsız dayandırılması və sonradan bərpa edilməsi hallarından narahatdırlar.

Sahib Məmmədov: “Havalar soyuyanda evlər isti qalsın deyə, qazı yandırıb üstünə dəmir parçası qoyuruq. Səhərə qədər belə qalır. Bunlar da qazı xəbərdarlıqsız kəsirlər, sonra da xəbərdarlıqsız bərpa edirlər. Birinin evində partlayış olur, biri qazdan boğulur... Hər il xəbər çıxır ki, filan ailədə 2-3 nəfər qazdan boğuldu. Hamısının təqsiri qaz idarəsindədir. Qazı kəsir, sonra da çirkli qazı verir evlərə, camaat boğulur. Təqsiri də yıxırlar ölünün üstünə... Ora-bura yazıb yapışdırırlar ki, diqqətli olun, qazla ehtiyatlı davranın. Əgər yatdığım yerdə evimə gələn qazı kəsib, mən yuxudan ayılınca təzədən buraxırlarsa, mən yuxuda ola-ola ehtiyatımı necə gözləyə bilərəm?”

“XƏTLƏR YENİLƏNİB”

Sabunçu rayon Qaz İdarəsindən AzadlıqRadiosu-na bildirilib ki, Balaxanıdakı yeraltı qaz xətləri dəyişdirilib, qazın verilişində problem olmayacaq: “Küçələrin əksəriyyətində sovet vaxtından qalan xətlər idi, son 2-3 ildə hamısı dəyişdirilib. Problem də buna görə idi. Qaz İdarəsi olaraq çalışacağıq ki, bu qışı sakinlərdən narazılıq gəlməsin”.

Buna da bax:​ Rövnəq Abdullayevin qaz açıqlaması dillər əzbəri olur

İdarədən bildirilib ki, bir neçə günə vəziyyət düzələcək, narazı qalmayacaq. Sakinlərsə idarə işçilərinin dediklərini “köhnə qış nağılı” adlandırırlar.

Hüquqşünas Vaqif Alıyev deyir, “Azəriqaz” ASC abonentlə bağladığı müqavilə üzrə onun yaşadığı ünvanı normal qaz verilişi ilə təmin etməlidir. Əgər abonent qaz verilişinin təminatından narazıdırsa, ASC-yə qarşı məhkəmə iddiası qaldıra bilər. “Abonentlər ona görə əziyyət çəkirlər ki, ölkədə “Azəriqaz” ASC-dən başqa abonentin müraciət edə biləcəyi alternativ şirkət yoxdur. Əslində bu özü də qaz təminatını monopoliyada saxlamaqdır”, hüquqşünas bildirib.

XS
SM
MD
LG