-
«Gürcüstandakı erməni kilsəsinə qaz verən ölkənin öz kəndində qaz yoxdur. Biz də məcbur qalıb qaz balonlarından istifadə edirik».
Bunu «Qaynar xətt»ə Bərdənin Uğurbəyli kənd sakini Malik Gəraylı deyir.
Onun sözlərinə görə, qazın olmaması kənddə faciələr yaradır. Elə dekabrın 5-də kənddə yaşayan Məmmədovlar ailəsində qaz balonunun partlaması nəticəsində ev yanıb, iki nəfər dünyasını dəyişib, ailənin qalan 5 üzvü isə xəstəxanalıq olub.
2 AYLIQ DƏNİZ ÖLÜB, 2 YAŞLI SƏMANIN VƏZİYYƏTİ AĞLIRDIR
«Həmin gün axşam həmkəndlimiz Əli Məmmədovun evindən partlayış səsi eşidilib. Bütün kənd onların məhəlləsinə axışmışdı. Ailənin 23 yaşlı üzvü Fidanla 2 aylıq balası Dəniz elə oradaca dünyasını dəyişdi. Ev tamam yandı. Qalanları da xəstəxanaya yerləşdirdilər. Evin 2 yaşlı uşağı Səma da xəstəxanadadır. Vəziyyətləri ağırdır».
Bir ailənin 5 üzvünün dekabrın 5-də müxtəlif xəsarətlərlə xəstəxanaya daxilolma faktını Bərdə rayon Mərkəzi Xəstəxanasından da təsdiqləyiblər.
OLMAYAN QAZA TƏNTƏNƏLİ AÇILIŞ?..
Kənd sakininin dediyinə görə, 2 il əvvəl kəndin qaz xəttinin açılışı olub:
«Təntənəli açılış keçirildi. Məşəl yandırıldı, evlərə qaz verildi. Sonra da qazın təzyiqi aşağı salındı. Adamlar yenə başladılar odundan, qaz balonundan istifadə etməyə... Qaz xətti yeni çəkilən kənddə niyə qaz balonu işlədilsin, partlasın ki?».
Bərdə rayon Qaz İdarəsindən bildiriblər ki, evlərə qaz verilişində problem yoxdur. Əli Məmmədovun evində baş vermiş partlayışla bağlı isə rayon prokurorluğu araşdırma aparır və əlavə heç nə deyə bilməzlər.
PROKURORLUQ CİNAYƏT İŞİ QALDIRIB
Prokurorluqdan isə bildirilib ki, dekabrın 5-də Əli Məmmədovun evində qaz balonundan baş vermiş partlayış nəticəsində 1992-ci il təvəllüdü Məmmədova Fidan Abil qızı və onun 2 aylıq övladı Məmmədova Dəniz Vüsal qızı ölüb. Ailənin 5 üzvü Bərdə Mərkəzi Rayon Xəstəxanasına götürülüb. Ev və içərisindəki əşyalar tamamilə yanıb. Faktla bağlı cinayət işi açılıb.
Bərdə rayon İcra Hakimiyyətinin saytında yer alan məlumatda qeyd olunur ki, 2013-cü il fevralın 19-da Uğurbəyli kəndinə təbii qaz verilişinin açılışı olub. 12735 p/metr müxtəlif diametrli qaz xətləri çəkilib, 17 ədəd siyirtmə quraşdırılıb, fərdi qaz sayğacı quraşdırılıb. Kənddəki 380 ailəyə təbii qaz verilib.