Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:31

Qarabağ qüvvələri Yerevanda baş vermiş 1 mart hadisəsində iştirak ediblər?


Ermənistan Dövlət Nəzarəti Xidməti rəisinin müşaviri Ashot Vanyan
Ermənistan Dövlət Nəzarəti Xidməti rəisinin müşaviri Ashot Vanyan

Ermənistan Dövlət Nəzarəti Xidməti rəisinin müşaviri Ashot Vanyan AzadlıqRadiosu Erməni xidmətinə deyib ki, 2008-ci ilin 1 martında Qarabağdan Ermənistana içərisində hərbçilər olan maşın karvanı keçib.

Xatırlatmaq yerinə düşərdi ki, Ermənistanın hazırda mühakimə edilən keçmiş prezidenti Robert Kocharian elə həmin gün Ermənistanın konstitusiya quruluşunu devirməkdə, başqa sözlərlə dövlət çevrilişdə ittiham olunur.

Ashot Vanyana gəlincə isə o, həmin vaxt Azərbaycanla (işğal olunmuş Laçın rayonunda) həmsərhəd Gorus rayonundakı hərbi qarnizonun rəisi idi və hərbi maşın karvanını şəxsən qarşıladığını söyləyib:

“2008-ci il martın 1-də, saat 17 radələrində, indi dəqiq yadımda deyil, ya bizə təlimat gəlmişdi, ya da bizə zəng eləmişdilər və şifahi göstəriş vermişdilər ki, Yerevana yollanan qoşunların bir hissəsini müşayiət edək, digər hissəsinin isə sadəcə olaraq Gorus qarnizonundan təhlükəsiz keçidinə şərait yaradaq. Qoşun konkret olaraq Qarabağdan gəlirdi, sayını dəqiq bilmirəm, amma 50-100 maşın martın 1-də saat 17-dən sonra Gorus qarnizonundan keçdi. Onlar Müdafiə ordusunun (Qarabağdakı separatçıların hərbi birliyi – red) şəxsi heyətini daşıyırdılar. Onlar Qarabağdan Gorus qarnizonundan keçərək Yerevan istiqamətində hərəkət edirdilər. Demişdilər ki, guya qoşun olmayıb, amma mən bu qoşunların Yerevana təhlükəsiz hərəkətini təmin etmişəm”.

1000 nəfərlik batalyon

Azatutyun yazır ki, 1 mart işi üzrə əsas müttəhim Robert Kocharian-ın vəkillərindən biri bu deyilənlər barədə şərh verməkdən imtina edib.

Vəkil bir daha vuruğulayıb ki, cinayət işində Dağlıq Qarabağdan hansısa hərbi qulluqçunun Yerevana gətirildiyini göstərən bir dənə də material yoxdur.

Bu barədə öz məhkəməsində Kocharian da danışıb:

“Bu hadisələr zamanı Artsaxın (Qarabağ) silahlı qüvvələrindən Ermənistan Respublikasına bir nəfər də gətirilməyib. Bircə adam da gətirilməyib”.

Ermənistanın keçmiş prezidenti Robert Kocharian (solda) Qarabağda separatçı liderlərlə (2007-ci il)
Ermənistanın keçmiş prezidenti Robert Kocharian (solda) Qarabağda separatçı liderlərlə (2007-ci il)

Azatutyun yazır ki, buna rəğmən Kocharianın işi üzrə ittiham qərarında yazılıb:

“Martın 1-də Yerevana Qarabağ müdafiə ordusunun müqaviləli qulluqçularından və zabitlərindən ibarət təxminən 1000 nəfərlik yığma batalyon atılıb”.

Lakin keçmiş hərbçi Ashot Vanyan deyir ki, Qarabağdan Ermənistana gedən hərbçilərin bir hissəsi Gorusun hərbi hissələrindən birində gecələyib.

O bunu da əlavə edib ki, hərbçiləri Qarabağdan Yerevana daşıyan maşınların Ermənistan Müdafiə Nazirliyinə aid nömrələri olub. Bu barədə də ittiham qərarında qeyd var.

Vanyan daha sonra deyib:

“Bizə belə bir informasiya gəlmişdi ki, Ermənistan Respublikası Müdafiə Nazirliyinin Gorusdakı hərbi hissələrindən birində olan maşınların müxtəlif dövlət nömrələri çıxarılıb və dəyişdirilib və daha sonra bu maşınlar Qarabağa, müdafiə ordusuna aparılıb. Bu maşınlar oradan qayıdanda onların üstündə Ermənistan Respubliaksı Müdafiə Nazirliyinin nömrələri vardı”.

Hər şey göz qabağında baş verirdi

Azatutyun yazır ki, ötən ilin “inqilabınadək” Vanyan Gorus qarnizonu hərbi polisinin zabiti idi. O deyib ki, işdən çıxarılmağına səbəb rəisinin qanunsuz əmrini yerinə yetirməməsi olub. Hazırda o, Dövlət Nəzarət Xidmətinin rəisidir.

Onda olan bu informasiyaları hüquq-mühafizə orqanlarına çatdırıbmı sualına Vanyan belə cavab verib:

“Düzünü desəm, yox. Mən əmin idim, çünki hər şey o qədər aşkar idi və hər iş o qədər açıq görülürdü ki, bu barədə hamının bildiyini düşünürdüm. Amma bu bu yaxınlarda eşitdim ki, faktiki olaraq hamıya məlum olan hadisələr baş verirmiş. Buna görə də Ermənistan Respublikasının vətəndaşı və zabiti kimi mən bu barədə məlumat verməyə borclu idim. Mən bunları görmüşəm və özüm şahidi olmuşam. Bu karvanların Yerevana təhlükəsiz keçidini təmin etmişəm”.

1 mart 2008-ci il hadisəsi

Ermənistanda 2008-ci ilin prezident seçkisindən dərhal sonra, fevralın 19-dan başlayaraq minlərlə insan seçki nəticələrinə etiraz edirdi.

Əsasən prezidentliyə namizədlərdən biri, keçmiş prezident Levon Ter-Petrosyanın tərəfdarlarından ibarət etirazçılar başqa bir əslən qarabağlı Serzh Sarkisianın saxtakarlıqla qalib gəldiyini bildirirdilər.

Tənqidçilərin fikrincə, bu seçkidə hakimiyyət faktiki olaraq Qarabağ klanının bir nümayəndəsindən başqasına ötürülürdü.

Nəhayət günlərlə davam edən etirazların əsnasında, martın 1-də polis və təhlükəsizlik qüvvələri gecələri Azadlıq meydanında qurulmuş çadırlarda keçirən etirazçılara dəyənəklər və elektroşokla hücum etmişdilər.

Toqquşmalar zamanı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdu. 200-dən çox nümayişçinin xəsarət aldığı və yaralandığı xəbər verilirdi. Xeyli sayda insan yoxa çıxmışdı.

1 mart 2008. Yerevan küçələrində
1 mart 2008. Yerevan küçələrində

Hadisənin ardınca Levon Ter-Petrosyan faktiki olaraq ev dustağı edilmişdi. Hələ də prezident kürsüsündə qalan Robert Kocharian fövqəladə vəziyyət elan etmişdi.

Human Rights Watch etirazların 10-cu günündə Azadlıq meydanında çadır şəhərciyində olan dinc nümayişçilərə qarşı ifrat güc tətbiqi və zorakılığa görə Ermənistan hakimiyyətini sərt tənqid etmişdi.

O vaxtdan bəri müxalifətin çağırışlarına baxmayaraq 1 mart hadisəsinin təhqiqatından imtina edilirdi.

Lakin 2018-ci ildə Nikol Pashinian baş nazir seçildikdən dərhal sonra 1 mart hadisəsinə dair cinayət təhqiqatına başlanıb.

Robert Kocharian bu iş üzrə əsas müttəhimdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG