Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:26

‘Demirchian-ın seçki bülletenlərini Sevan gölündə məhv edirdilər…’


Grigor Arutyunyan - Karen Demirchian-ın plakatı qarşısında

Ermənistan Xalq Partiyasının sədr müavini Grigor Arutyunyan deyib ki, onun qənaətinə görə keçmiş prezident Robert Kocharian çoxdan dəmir barmaqlıqlar arxasında olmalı idi.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, son 20 ildə Arutyunyan Kocharianın 1998-ci ildə hakimiyyəti qəsb etdiyini dəfələrlə bəyan edib.

Azatutyuna müsahibəsində Grigor Arutyunyan 1998-ci il seçkisi zamanı Robert Kocharianın xeyrinə edilmiş saxtalaşdırmalar və seçicilərə göstərilən təzyiqlərdən də söz açıb.

Onun sözlərinə görə, məsələn partiyanın ovaxtkı lideri Karen Demirchian-a verilmiş 1100 bülletinin Kocharianın adına keçirildiyinin şəxsən şahidi olub. O deyib ki, Demirchian-a verilmiş səslərin bülletenlərini Sevan (azərbaycanca Göycə - red) gölündə məhv edirdilər.

Prezidentliyi başa çatan Robert Kocharian (solda) və sonrakı prezident Serzh Sarkisian 2008-ci ildə
Prezidentliyi başa çatan Robert Kocharian (solda) və sonrakı prezident Serzh Sarkisian 2008-ci ildə

“Karen Demichian-a bu saxtakarlıqlar barədə bəyanat verməyə nə mane olurdu” sualının cavabında Arutyunyan deyib:

“Karen Demirchian dedi ki, rəsmi nəticələri qəbul edir. Əlbəttə, o deyirdi ki, bunu seçki nəticəsi saymaq olmaz.Xalq bu nəticəni qəbul etmir, amma mən qəbul etməyə borcluyam. Çünki mən neçə illər ölkəyə rəhbərlik etmiş bir adamam”.

Arutyunyanın sözlərinə görə Demirchian bunu belə izah edirdi:

“Niyə qəbul edirəm? Mən müharibə edən ölkədəki vəziyyəti nəzərə alıram”.

Arutyunyan keçmiş prezident və onun tərəfdarlarına işarə ilə bildirib:

“Demirchian müəyyən mənada düzgün addım atmışdı, çünki 2004-cü ildə gördüklərimiz onların necə bir adam olduqlarını göstərdi. Bu, 2008-ci ilin 1 martında da təsdiq olundu. Görünür Karen Demirchian irəli baxırdı”.

Azatutyun radiosunun “seçki saxtakarlıqlarına görə cinayət işi qaldırılmalıdırmı” sualına, cavab olaraq Grigor Arutyunyan deyib ki, bir çox faktları təqdim etmək olar, amma bircə bülleten də salamat qalmayıb.

O bildirib ki, hadisənin üstündən 21 il keçib və indi heç nəyi sübut etmək mümkün olmayacaq.

Lakin Azatutyun martın 22-də yazırdi ki, Ermənistanlın Xüsusi İstintaq Xidməti 1998-ci il seçkilərinin saxtalaşdırılmasına dair materialların hazırlanmasına başlayıb.

Bu barədə məlumatı xidmətin mətbuat katibi Marina Ogacanian vermişdi.

Ermənistanın keçmiş müdafiə nazirinin müavini Vaan Shirkhanian
Ermənistanın keçmiş müdafiə nazirinin müavini Vaan Shirkhanian

Bu da qeyd olunurdu ki, bu işlər üzrə təhqiqat müdafiə nazirinin keçmiş müavini Vaan Shirkhanian-ın hazırda həbsdə olan ikinci prezident Robert Kochariana açıq məktubundan sonra başlanıb. Həmin məktubda Shirkhanian yazırdı:

“30 mart 1998-ci ildə prezident seçkisinin ikinci turu idi. Müstəsna olaraq Vazgen Sarkisiana verilmiş 27 faiz səsi sən özünün 59 faizinə çevirdin və özünü Ermənistan prezidenti elan etdin. Amma bu seçkidə səslərin 73 faizini yığmış Karen Demirchian-a sən “səxavətlə” 41 faiz verdin və Vazgenin xahişi ilə ona həm də baş nazir vəzifəsi vəd etdin. Və əlbəttə ki, həmişə olduğu kimi yenə də onu aldatdın”.

Shirkhanian ümid edir ki, onun məktubunda toxunulan başqa məsələlər üzrə, məsələn 27 oktyabr hadisəsi üzrə də cinayət işi qaldırılacaq.

Lakin AzadlıqRadiosu Erməni xidmətinin“1999-cu il 27 oktyabr hadisəsi ilə bağlı da araşdırılma aparılacaqmı” sualına Xüsusi İstintaq Xidmətinin mətbuat katibi “bu bizim idarənin səlahiyyətinə daxil olmayan məsələdir” cavabını verib.

27 Oktyabr 1999-cu il hadisəsi

AzadlıqRadiosu 2009-cu ildə 1999-cu il, oktyabrın 27-də Yerevanda Ermənistanın Milli Məclisinə silahlı basqın haqqında yazmışdı.

Basqın vaxtı məclisin sessiyası gedirdi. Nairi Unanyanın başçılıq etdiyi dəstə iclas salonuna daxil olmuş və dövlət çevrilişi etdiyini bildirmişdi.

Nairi Unanyan
Nairi Unanyan

Hücum edənlər millət vəkillərinə mobil telefonlarını söndürməyi əmr etmiş və əvvəlcə baş nazir Vazgen Sarkisiana yaxınlaşmışdılar.

Şahid ifadələrinə görə Unanyan əvvəlcə Sarkisianı güllələmişdi. Onun yanında oturan spiker Karen Demirchian da öldürülmüşdü.

Bu hücumda habelə vise-spikerlər Yury Bakhshian və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosian, deputat Armen Armenakyan və millət vəkili və akademik Mikael Kotanian həlak olmuşdular.

Daha bir millət vəkili – Hayastan qəzetinin baş redaktoru Genrik Abramian hadisə zamanı infarktdan vəfat edib.

Bundan sonra polis və təhlükəsizlik qüvvələri Milli Məclisin binasını mühasirəyə almışdı. Unanyan və yoldaşları 50-dək millət vəkilini girov götürmüşdülər və şəxsən prezident Robert Kocharianın gəlməsini tələb edirdilər.

Hücum edənlərin başçısı Nairi Unanyan keçmiş jurnalist, Daşnaksütyun partiyasının üzvü idi və 1988-1990-cı illərdə “Qarabağ hərəkatında” fəal iştirak etmişdi.

Ermənistan mediasının yazdığına görə hadisədən dərhal sonra yenicə baş nazir təyin edilmiş Aram Sarkisian (o hücumda öldürülmüş Vazgen Sarkisianın kiçik qardaşıdır), Vaan Shirkhanian və mərhum Demirchianın oğlu Stepan Demirchian keçirdikləri mətbuat konfranslarında bu hücuma görə prezident Kocharian və onun ətrafını açıq-aşkar ittiham edirdilər.

Nairi Unanianın ifadələri əsasında prezidentin müşaviri Aleksan Arutyunyan və Robert Kocharianın bir sıra tərəfdarları həbs olunmuşdular.

Sonrakı illərdə Robert Kocharian öz mövqelərini və hakimiyyətini möhkəmlədə bilmişdi.

Yerevan məhkəməsi bu hücumla bağlı işə yalnız 5 il sonra baxa bilmişdi. Nairi Unanyan, onun qardaşı Karen Unanyan, Eduard Grigorian, Vram Galstyan, Darenik Bejanian və Ashot Knyazyan ömürlük həbs cəzasına məhkum edilmişdilər.

Hakim Samvel Uzunyan hökmü oxuduqdan sonra bildirmişdi ki, müttəhimlər barədə ölüm hökmünün çıxarılmamasına yeganə səbəb Ermənsitanın Avropa Şurası qarşısında götürdüyü öhdəlik olub.

AzadlıqRadiosu sonrakı illərdə bu iş üzrə məhkum edilənlərdən bəzilərinin həbsxanada müəmmalı şəkildə öldüyünü yazırdı.

XS
SM
MD
LG