Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

‘Qaloş piri’ və ya ‘seyid papağı’ – Azərbaycanda təzə inanclar


İnsanlar şəfanı niyə xəstəxanada yox, ziyarətgahda axtarır?
Gözlə

No media source currently available

0:00 0:15:04 0:00

İnsanlar şəfanı niyə xəstəxanada yox, ziyarətgahda axtarır?

Sosial şəbəkələrdə son günlər məşhurlaşmış “Qaloş piri” videosu ictimai fəallar arasında müzakirələrə səbəb olub: Necə olur ki, insanlar sellafon torbaya bükülmüş, ilk baxışda qaloşu xatırladan əşyanın başlarına toxunmasının onlar üçün faydalı olacağına inanırlar?

Video bu yaxınlarda Goranboy rayonunda çəkilib.

İslam tarixi alimi Altay Göyüşov deyir ki, bu cür inancı heç İslam özü də qəbul etmir:

“Təbii olaraq bu, bizim adət-ənənənin tərkib hissəsidir. Bu, bugünün işi deyil. Ağqoyunlu, Səfəvi, Qaraqoyunlu dövrünü oxuyanda görürük ki, bu, tamamilə normaldır. Buna “folk”- “xalq İslamı deyirlər. Biri var rəsmi, şəriət üzərində qurulmuş İslam – bu İslam saraylarda yaşanırdı. Biri də xalq arasında olan ibadətlər. Bu ibadətlər türklərin əski dinlərinin - şamanizmin və sairin qarışığından yaranmışdı. Zaman -zaman belə inancların zəiflədiyi və ya gücləndiyi dövrlər olub”.

Altay Göyüşov deyir ki, belə inanclar xalqın ən çətin dövrlərində daha da güclənir. Onun sözlərinə görə, Azərbaycanda pirlərin sayı II Dünya Müharibəsi vaxtında xüsusilə artmağa başlamışdı.

Altay Göyüşovun fikrincə, şəhərləşmə, təhsilin səviyyəsi, texnoloji inkişaf artdıqca, belə qüvvələrə də inam azalmalı idi. Amma onun fikrincə, hazırda Azərbaycanda həm siyasi, həm də iqtisadi böhran var və camaat umduğu yerdən- hökumətdən, cəmiyyətdən o köməyi ala bilməyəndə belə şeylərin də sayı artır.

Azərbaycan hakimiyyət rəsmiləri isə vaxtaşırı bəyanatlarında ölkədə bütün istiqamətlərdə inkişafın getdiyini, siyasi, iqtisadi-sosial həyatda islahatların aparıldığını deyirlər.

Qaloş deyil, papaqdır

Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli report.az-a müsahibəsində deyib ki, İslam dini insanları bu kimi xurafatlara dəvət edə bilməz. Onun sözlərinə görə, qaloş videosu kimi tanınan bu hadisə ziyarətgah kimi təqdim edilə bilməz, çünki ziyarətlərin olması normal haldır, istənilən ölkədə ziyarətgahlar var.

“İnsanlar da ora gedib xeyirxah və məntiqə sığan işlər görürlər. Lakin bu şəkildə "ibadət formaları" dinin adına ləkədir. "Qurani-Kərim" insanları düşünməyə, təfəkkürə dəvət edir. İbadətin formaları hədislərdə ifadə olunur. Bu şəkildə ibadət isə heç bir vəchlə qəbuledilməzdir. Məzar üstündə dua oxuna, fatihə verilə, hədiyyə namazı qılına bilər. Lakin bu kimi əməllər dinimizi gözdən salır”.

Altay Göyüşov
Altay Göyüşov

İslam tarixi alimi Altay Göyüşov isə deyir ki, hökumətin bu məsələni tənzimləməkdə rolu təhsili və müasirliyi gücləndirməkdən ibarət olmalıdır. Onun sözlərinə görə, indiki zamanın tələbi elmdir, texnologiyadır:

“Dövlətin işi adekvat təhsil verməkdir. Amma gedib camaata deməməlidir ki, sən buna yox, ona inan. Adam normal təhsil alsa, fizika, astronomiya və s. elmləri öyrənir, normal tənqidi təfəkkürü olur, bütün məsələlərə şübhəylə yanaşır, bilikli, savadlı olur və aydın məsələdir ki, gedib qaloşa inanmır”.

Altay Göyüşov deyir ki, mövhumat insanlarda reallıqdan uzaqlaşmaq, qeyri-real qüvvələrə inanmaq, məsuliyyəti öz üzərindən atmaq kimi xüsusiyyətlər aşılayır, belə vətəndaş isə dövlətin inkişafında daha zəif iştirak edir, cəmiyyəti inkişafdan geri qoyur.

Goranboy rayonunun Qurbanzadə kəndinin icra nümayəndəsi Mehman İbrahimov isə "Report"un Qərb mərkəzinə açıqlamasında deyib ki, görüntü bir Seyidin həyətində ehsan zamanı çəkilib, bükülü əşya isə qaloş yox, seyidin papağıdır. O bildirib ki, insanların həmin papağa toxunma istəkləri haqda bir söz deyə bilməz, bu, onların öz inamlarıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG