Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:46

Bələdiyyə pirə yığılan nəzirlərə göz dikib


Masallıda məscidlərdən biri
Masallıda məscidlərdən biri

Masallı rayonunun Ərkivan qəsəbə bələdiyyəsi onun ərazisində yerləşən «Seyid Sadıq» pirini nəzarətə götürmək istəyir.

«ORADA KÜLLİ MİQDARDA VƏSAİT TOPLANIR»

Bələdiyyə sədri Anar Rəcəbli bununla bağlı razılığın da əldə edildiyini bildirir:

«Orada külli miqdarda vəsait toplanır . Bu qəsəbənin xeyrinə yaramır. Buna bələdiyyə nəzarət etməlidir. Əksər rayonlarda bunu bələdiyyə özü həll edir. Qəbiristanlıq bələdiyyəsinin nəzarətindədir. Hazırda pir qəbiristanlığın ərazisindədir. Qərar olacaq. Ağsaqqallarla da danışmışıq. Gələn pulun müəyyən hissəsi xeyir işlərinə, kəndin kasıb ailələrinə, imkansız tələbələrə veriləcək».

«GƏLİRLİ SAHƏDİR»

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının cənub bölgəsi üzrə nümayəndəsi Hacı Mirqiyas Təhməzov da bələdiyyənin bu təşəbbüsünü müsbət qiymətləndirir:

«Oraya «Seyid Sadıq» deyirlər. Onun oğlu baxır ora. Yaxşı da gəlirli sahədir. Din qaydası ilə bunu hamımız bilirik. Bunlar götürür. Bələdiyyənin işi çox yaxşı olar. Nəzarət lazımdır».

Bunu da oxu: Nəzir qutuları yığılır, ya yox?

NƏZİRLƏR VARİSLƏR ARASINDA BÖLÜŞDÜRÜLÜR

Hacı Mirqiyas Təhməzovun fikrincə, cənub bölgəsində olan əksər ziyarətgahlarda vəziyyət eynidir:

«Əksər ziyarətgahlar dediyim kimidir. Lerikdə var, nəzirləri ata, qardaş götürür. Lənkəranda olan ziyarətgahlar da belədir. Bunlara nəzarət yoxdur. Bu barədə heç bir qanun yoxdur. Bütün vəsaitlər özlərinə qalır, heç yerə getmir».

Sədrəddin Kazımov
Sədrəddin Kazımov

QANUNDAKI BOŞLUQLAR...

Hüquqi Məsləhətlər və Vətəndaşlara Xidmət Mərkəzinin direktoru Sədrəddin Kazımov isə ziyarətgahlarla bağlı qanunun olmadığını bildirir:

«Ocaqlardır, pirlərdir tarixi abidədirsə, bunlar Mədəniyyət və Turizm Nazirliyinin nəzarətində olmalıdır. Lakin elə pirlər, ocaqlar var ki, nəzarətdən kənardadır. Burda toplanan vəsaitlərin hara getdiyi heç kimə məlum deyil. Düzdür, həmin ziyarətgahlarda xidmətçilər var. Yəqin ki, onlar yığılan vəsaiti tək mənimsəmirlər. Bu haqda heç kimin məlumatı yoxdur. Qanunçuluğa görə, qəbiristanlıqlara bələdiyyələr nəzarət edir. Qəbiristanlığın ərazisində olan məscidlərə də bələdiyyələr və dini icmalar baxır. Ziyarətgahlar tarixi abidə kimi qorunsa da, orda yığılan vəsaitə Mədəniyyət və Turizm Nazirliyi müdaxilə edə bilmir. Çünki bu barədə qanun yoxdur».

«NƏZARƏT VƏ ŞƏFFAFLIQ LAZIMDIR»

Sədrəddin Kazımovun da fikrincə, ziyarətgahlar bələdiyyələrin nəzarətinə verilsə, daha doğru olardı:

«Söhbət nəzarətdən kənarda qalan ziyarətgahlardan gedir. Azərbaycanda elə ziyarətgahlar var ki, ildə orda 10 min manatlarla pul yığılır. Bu pul kənara da gedə bilər. Nəzarət və şəffaflıq lazımdır».

Ölkədə insanların kütləvi şəkildə baş çəkdiyi 50 ziyarətgahın olduğu bildirilir. Beşbarmaq, Xızır-Zində ziyarətgahları daha çox tanınırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytında ölkədə 2 min 54 məscidin və 758 pirin olduğu göstərilir. İstər komitənin, istərsə də Qafqaz Müsəlmanları İdarəsinin saytında pirlərdə toplanan nəzirlər haqqında heç bir hesabat verilmir.

Müstəqil ilahiyyatçılar bunu heç də düzgün saymırlar. Üstəlik, onlar düşünürlər ki, bələdiyyələrin özlərinə də ictimai nəzarət olmalıdır. Əks halda, pirlərdə yığılan nəzirlərin istifadəsində yenə lazımı qədər şəffaflıq olmayacaq. Müstəqil ilahiyyatçılar deyirlər ki, hələ sovetlər vaxtı rayonların milis rəisləri (polis rəisləri), birinci katibləri pirlərdə yığılan nəzirlərdən öz «haqq»larını alıblar. İctimai nəzarət olmasa, yenə nəzirlər vəzifəli şəxslərin əlinə keçəcək. Onların fikrincə, son illər ölkəyə böyük neft pulları gəldiyindən bəzi pirlərə yığılan nəzirlər nəzarətsiz qalmışdı.

Bir gün «Xıdır-Zində» pirində... [Video]

Bir gün “Xıdır-Zində” pirində...
Gözlə

No media source currently available

0:00 0:07:18 0:00

XS
SM
MD
LG