"The Guardian" yazır ki, kişilər qadın müəlliflərin kitablarını oxumağa tərəddüd edirlər, çox vaxt bu kitabların üzünü də açmırlar və bu, ətrafa təsirsiz ötüşmür.
Cinsini gizlətmək ehtiyacı
Əsrlər boyu Bronte bacılarından Corc Eliot və Coan Roulinqə qədər bir çox qadın müəllif kitablarını kişilərin də oxuması üçün öz cinsini gizlətmək ehtiyacı hiss edib. Məqalədə deyilir ki, bu gün də vəziyyət çox fərqli deyil.
Məqalənin müəllifi Meri Enn Siqhart "The Authority Gap" adlı yeni kitabında qadınların kişilərdən daha az ciddi qəbul edilməsinin səbəblərini araşdırmağa çalışıb.
Aralarında Ceyn Ostin, Marqaret Etvud, Daniela Stil və Coco Moyesin də olduğu 10 ən çox satılan qadın müəllifin oxucularının yalnız 19 faizi kişilərdir. Ancaq 10 ən çox satılan kişi müəllifin oxucularının 55 faizi kişilər, 45 faizi qadınlardır.
Etvudun oxucularının 21 faizi kişilərdir
Kitabı ən çox satılan 10 qadın müəllif arasında kişi oxucularının sayı hamıdan çox olan triller müəllifi Luiza Rossdur (LJ Ross). "O da tam adını yox, adının baş hərflərini işlətdiyi üçün, güman ki, kişilər onun özlərindən biri olduğunu düşünürlər", – məqalədə deyilir. Bu bizə kişilərin intellektual, yaradıcı, mədəni bərabərliklə bağlı düşüncə və yanaşması haqda nə deyir?
Bədii ədəbiyyatla maraqlanan hər kəsin rəfində olmalı olan Marqaret Etvud kimi yazıçının oxucularının yalnız 21 faizi kişilərdir. Onun kimi "Booker" mükafatına layiq görülmüş kişi müəlliflər Culian Barns və Yann Martelin kişi oxucularının sayı bundan iki dəfə çoxdur – uyğun olaraq, 39 faiz və 40 faiz.
Burada qadınların bədii ədəbi yaradıcılıqda daha zəif olmasından söhbət getmir. 2017-ci ildə ən çox satılan beş romanın hamısının, ən çox satılan 10 romanınsa 9-nun müəllifi qadınlar olub.
Qadın müəlliflərə daha çox bal veriblər
Kişilərin qadın müəlliflərin əsərlərini oxuduqları zaman bəyənməməsindən də söhbət gedə bilməz. Çünki "Goodreads" kitab oxuma platformasında kişi oxucular qadın müəlliflərə 5-dən 3.9 bal veriblər. Kişi müəlliflərə isə bundan az, 3.8 bal veriblər.
Bədii olmayan (nonfikşn) kitablara gəldikdə isə, onların kişi oxucuları qadınlardan bir az çoxdur. Ancaq burada da kişilər kişi müəlliflərin kitablarını daha çox oxuyurlar. Hərçənd, qadın oxucuların da qadın müəlliflərə üstünlük verdiyi üzə çıxıb. Lakin burada da ciddi bir fərq var: qadınların kişi müəlliflərin yazdığı nonfikşn kitablarını oxuması ehtimalı kişilərin qadın müəlliflərin kitablarını oxuması ehtimalından 65 faiz çoxdur. Bu səbəbdən məqalənin müəllifi kişilərin bilərəkdən və ya bilməyərəkdən qadın müəllifləri kişi müəlliflərlə eyni səviyyədə görməməsi qənaətinə gəlib. Ola bilsin ki, kişi oxucular kitabın üzünü açmadan qadın müəlliflərin əsərlərinin onlar üçün olmadığını düşünürlər.
Kişilər qadınların kitablarını oxumursa...
Bu isə kişilərin dünyagörüşünü dar çərçivədə saxlayır. "Mən kişilərin bizim ədəbiyyatı oxumadığını çoxdan bilirəm. Biz öz ədəbiyyatımızda … öz ideyalarımızı araşdırır, zəka və təxəyyülümüzü inkişaf etdiririk. Biz qadınlar haqda yazırıqsa, deməli, qadınlarla bağlı təcrübədən danışırıq. Kişilərdən danışanda isə onlara qadın perspektivindən baxırıq. Buna görə də əgər bütün bunlar onlara maraqlı deyilsə, məncə, bu, son dərəcə narahatedicidir", – yazıçı, "Booker" mükafatı laureatı Bernardin Evaristo müəllifə müsahibəsində deyir.
"Kişilər qadınların yazdığı kitabları oxumursa, onların psixikasını və yaşadıqları təcrübəni anlaya bilməyəcəklər. Onlar dünyanı az qala tamamilə kişi prizmasından görməyə davam edəcəklər, kişi təcrübəsini əsas norma kimi görəcəklər. Bu dar fokus isə bizim onlarla həmkar, dost və partnyor kimi münasibətlərimizə təsir edəcək. Ancaq qadınların yaradıcılığının, əsasən, qadınlar tərəfindən oxunması onun meynstrim deyil, sadəcə ayrıca bir xətt kimi görülməsinə və, deməli, qadın yazarların yoxsullaşmasına səbəb olur. Bu halda onlar daha az hörmət, daha az status və daha az pul qazanacaqlar", – o deyir.
Məqalənin müəllifi yazır ki, kişilər qadın müəlliflərin işlərini oxumaqla içində yaşadıqları qovuğun partlamasına, yeni fikir və baxış bucaqlarının onlara çatmasına və cücərməsinə şərait yarada bilərlər. "İncəsənət bunun üçün deyilmi?", – o, sual edir.