Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:37

Qadın və kişi yazıçı intihar edirsə...


Silviya Plat əri şair Ted Hyuz ilə birlikdə. 1956
Silviya Plat əri şair Ted Hyuz ilə birlikdə. 1956

BBC yazır ki, qadın yazıçılar intihar edəndə bu onların bioqrafiyası və yaradıcılığında hər şeydən önə çıxır. Bundan sonra onların sağ ikən yaratdıqları hər şey ölümün kölgəsində qalır. Kişi yazıçı vaxtsız öləndə isə, sadəcə, onun yaradıcılığının yarımçıq bitməsinə təəssüf edilir.

Virciniya Vulfun romanları və Sara Keynin pyesləri ruhi xəstəliyin manifesti kimi görülür. Həyatına intiharla son qoymuş Uels şairi Dilan Tomasın isə alkoqolizm və problemli həyat tərzinə rəğmən, şeirləri "dahiyanə" adlandırılır.

Qadın qorxuları konteksti

İlk növbədə intiharı ilə tanınan qadın sənətkarların önündə tanınmış amerikalı şairə Silviya Plat gəlir. O, 1963-cü il fevralın 11-də dünyasını dəyişib. O zamandan bəri onun adı həmişə qadın qorxuları kontekstində xatırlanır. Şeirləri isə üsyankar, lakin depressiv gənc qadını təmsil edir. Plat ənənəvi femininlik standartlarını rədd edən, öz həyatını və hətta ölümünü öz əlinə alan qız rəmzinə çevrilib.

Məqalə müəllifi hesab edir ki, bunun nəticəsində qadın oxucuların Plata marağı dəyərdən salınır. Məsələn, onun "The Bell Jar" romanını oxumaq ciddi ədəbiyyat nümunəsi ilə maraqlanmaqdan çox gənc qız üsyankarlığı kimi qələmə verilir. C.D.Selincerdən tutmuş, Devid Foster Uollesə qədər kişi yazıçıların yeniyetmələrin həyatı haqda yazdığı oxşar romanlarla bağlı isə belə problemlər yaşanmır. Plat qadın olmanın sərt reallığını önə çəkən ilk müəlliflərdən biridir. Plat hətta feminizmin ikinci dalğasından əvvəl qadının ikinci dərəcəli yeri ilə razılaşmamış, onun cinsi ehtiyacları və bu ehtiyacların onun ruh sağlamlığına mənfi təsiri haqda yazmağa başlamışdı.

Ancaq "The Bell Jar" və Platın şeirləri bədii əsərlərdir. Onlar Platın öz real həyat təcrübəsinə əsaslansa da, onun birbaşa bioqrafiyası deyil.

Üç kitab

Kitabsevərlər arasında Platı daha yaxından tanımağa böyük maraq var. Tez-tez rəflərdə şairənin həyatını daha çox işıqlandırdığı iddia olunan yeni bioqrafiya kitabları peyda olur. Təkcə son 18 ay ərzində çıxan kitabların arasında üçü diqqətə layiqdir.

Karl Rollisonun "The Last Days of Sylvia Plath" adlı kitabı yalnız onun intiharına fokuslanıb. Qeyl Krouterin "Three-Martini Afternoons at the Ritz" kitabı isə ikili bioqrafiyadır. Burada həm Platın, həm də digər bostonlu şair Enn Sekstonun bioqrafiyası əks olunub. Üçüncü kitab Hizer Klarkın "Red Comet" adlı nəhəng bioqrafik kitabıdır. Son iki kitabda Platın yeni üzə çıxmış çoxsaylı məktublarından gen-bol istifadə olunub.

Bioqrafiyaların bioqrafiyası

Yazıda daha sonra deyilir ki, Plata maraq o qədər böyükdür ki, hətta onun "bioqrafiyalarının bioqrafiyası" da var. 1994-cü ildə "New Yorker" jurnalının yazarı Canet Malkolm (ötən ay vəfat edib) "The Silent Woman" adlı kitab nəşr etdirib. Bu kitab Plat haqqında yazılmış kitablarla bağlı araşdırmanın nəticəsidir.

Malkolm öz kitabı ilə oxucuya Platın mif olmadığını, bütün insanlar kimi, yaşayıb nəfəs aldığını xatırlada bilib. Məqalədə Malkolmun kitabı Plat haqqında bu günə qədər yazılmış "ən insani" kitab adlandırılıb.

"…Güman ki, Plat hər zaman … sirr olaraq qalacaq. Bu qismən onun vaxtsız ölümü və öz hekayəsinin özünə aid versiyasını danışmaq imkanının olmaması ilə bağlıdır. Qismən də …Platın müxtəlif insanlara göstərə bildiyi üzlərin fərqli olması səbəbindən. Onun nə zaman səmimi, nə zaman əyilmiş təbəssümlə yazdığını anlamaq çətindir", – məqalədə deyilir.

XS
SM
MD
LG