«Azərbaycanda gender balansı yaxşıdır, gözəldir. Heç bəzi ölkələrdə belə bir balans yoxdur. Hansısa sahədə qadınlar çox ola bilər, hansısa sahədə az. «Fifti/fifti» (50-nin 50-yə) olmasa da, nisbət 45-in 55-ədir. Bu da normaldır», – hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi, qurumun Ailə, qadın, uşaq komitəsinin üzvü Ağacan Əbiyev Avropa Şurasının «Qərarvermə prosesində qadınlarla kişilərin balanslı iştirakı» adlı hesabatını şərh edərkən belə söyləyir.
O, sənəddə açıqlanan rəqəmlərə şübhəylə yanaşır, amma bununla belə, hesabatla tanış olduqdan sonra geniş münasibət bildirəcəyini deyir.
Hesabata görə, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin tələb etdiyi gender balansını pozub. Qurum 2003-cü ildə belə bir məqsəd qoymuşdu ki, siyasi və ictimai həyatın fərqli aspektlərində kişilər və qadınların iştirak payı hərəyə azı 40% olsun.
«Qərarvermə prosesində qadınlarla kişilərin balanslı iştirakı» adlı hesabatdan Azərbaycan parlamentində və məhkəmələrdə qadınların təxminən 16 faiz təşkil etdiyi bəlli olur. İcra qurumlarında isə bu rəqəm çox aşağıdır – 4.8 faiz. Bəs səbəb nədir? Ali təhsil almağa, bir neçə dil öyrənməyə meylli Azərbaycan qadınları niyə ictimai-siyasi həyatda, rəsmi qurumlarda geniş şəkildə təmsil oluna bilmirlər?
«KİŞİÜZLÜ CƏMİYYƏT»
AzadlıqRadiosunun həmsöhbətləri bu fikirdədir ki, tək Azərbaycanda deyil, Şərqdə, xüsusən də müsəlman ölkələrində, hətta Skandinaviya ölkələrini çıxmaqla, Avropanın özündə də qadınların qərarvermə prosesində balanslı iştirakı «çətin və ağırgedən» prosesdir.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qonşu Türkiyədən misal gətirir, orda 500 nəfərlik parlamentdə və ya dövlət qurumlarında qadınların çox az təmsil olunduğunu bildirir.
«İllərdir bunu deyirik, bunun mübarizəsini aparırıq. Könül istərdi ki, qadınlar dövlət qurumlarında daha çox təmsil olunsun. Amma təmsil olunmaq xatirinə orda olmasınlar, mühüm vəzifələrə gətirilsinlər, qadınların hər yerdə yolları açılsın, ixtisarlar aparılanda ilk qadınlar yada düşməsin», – Rüstəmxanlı deyir.
Onun qənaətincə, Azərbaycanda gender balansının pozulması daha çox cəmiyyətin problemidir. T.Rüstəmxanlı hesab edir ki, ilk növbədə qadına münasibət dəyişməlidir:
«Nə qədər ki, qadına xor baxacaqlar, ikinci sinif insan kimi baxacaqlar, bu vəziyyət davam edəcək».
«Təmiz Dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da «Azərbaycan cəmiyyəti kişiüzlüdür» deyir.
«Sosial şəbəkələrə baxsaq, qadınlar daha çox kişiləri dəstəkləməyə meyllidir və əmindirlər ki, kişilər daha yaxşı idarəçidirlər, nəinki qadınlar. Qadınların hakimiyyətə gəlməsi ilə bağlı fobiya var. Bu fobiyanı da yaradan bəzən kişilərdir, hətta bəzən vəzifədəki qadın haqda qəddar, rüşvətxor imici yaradırlar. Bu da ona gətirib çıxarır ki, nəticədə yenə kişidən yapışırlar və «kişidən daha yaxşı rəhbər olar» təəssüratı yaradılır», – Zeynalova bildirir.
QADINLARIN ZƏİF YERİ – «ƏXLAQ MƏSƏLƏSİDİR»
Hər iki xanım hesab edir ki, Azərbaycanda karyera pilləsində irəliləyən, xüsusən də siyasi baxımdan fəal qadınların «əxlaq məsələsi ilə vurulması» daha asandır. M.Zeynalova deyir ki, «əxlaq məsələsi» qadınların zəif yeridir, onları bu silahla rahatca ittiham edə, sıradan çıxara bilirlər. Onun qənaətincə, son vaxtlar bu nüans qabarıq şəkildə özünü büruzə verir.
«Siyasətdə bir qadın bir kişiyə rəqib olarsa, dünyada nə qədər çirkab varsa, silaha çevirib onun başına tökəcəklər», – T.Rüstəmxanlı bu fikri davam etdirir.
M.Zeynalovanın fikrincə, Azərbaycanda qadınların ictimai-siyasi proseslərdə, rəsmi qurumlarda az təmsil olunmasına stereotiplər, ailə-məişət münasibətləri də mane olur. O, ailədəki kişilərin qadınları dəstəkləmədiyini, bəzən də vəzifədə olan qadınların ailə həyatı qura bilmədiyini qeyd edir. Zeynalovanın qənaətincə, daha bir başlıca amil kişilərin həmrəy olması, öz həmcinslərini irəli çəkməsi, qadınların bu məsələdə passivliyidir:
«Başqa ölkələrdə vəziyyət fərqlidir, qruplar yaradılır, hərəkatlar mövcuddur. Bizdə bu məsələ zəifdir deyə kişilər üstünlük əldə edirlər».
DEPUTAT: «BÜTÜN SAHƏLƏRDƏ BALANS 50/50 OLA BİLMƏZ»
YAP-çı deputat A.Əbiyevsə vəziyyətin normal olduğunu vurğulayır. O, hətta bir misal da gətirir:
«Gün ərzində mənə zəng vuran 10 jurnalistdən ikisi kişidirsə, yerdə qalanı qadındır, gözəl cinsin nümayəndələridir. Bu da gender balansının pozulmasıdır. Başqa sahədəsə vəziyyət kişilərin xeyrinə dəyişə bilər. Yəni bütün sahələrdə balans 50-nin 50-yə ola bilməz. Düşünürəm ki, bizdə heç bir pozuntu yoxdur. Bizim qadınlar əla işləyirlər, əla nəticələr göstərirlər, kişilərdən də geri qalmırlar».
M.Zeynalova da son illər Azərbaycanda uğurlu sayılacaq addımlar atıldığı qənaətindədir. O, son bələdiyyə, parlament seçkilərində seçilən qadınların sayının əvvəlki illərə nisbətən artdığını qeyd edir:
«Çox yaxşı nümunədir ki, iki qadın icra başçısıdır. Bu yaxınlarda beynəlxalq təmsilçilikdə gənc qızımız (sentyabrda Xanım İbrahimova Azərbaycanın İsveçrəyə səfiri təyin olunub – red.) seçildi. Bu, prosesin başlanğıcıdır. Bir ara proses başladı, qadınlar icra qurumlarında müavin təyin olundular, ikinci şəxs kimi təmsil edilirdilər. Ancaq sonra burda da disbalans yarandı. O qadınların bir neçəsi müavinlikdən azad edildilər. Bu, bizi narahat edir».
Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsindən isə hesabata gün ərzində münasibət bildirəcəklərini deyiblər.