Avropa ölkələri hələ də qərarvermə prosesində gender balansına çatmağa çalışırlar. Avropa Şurasının hazırladığı yeni hesabatda bu məsələ araşdırılıb.
«Qərarvermə prosesində qadınlarla kişilərin balanslı iştirakı» adlı hesabatda 46 üzv ölkədə bu sahədə əldə olunanlar təhlil edilir. Avropa Şurasının Nazirlər Komitəsi 2003-cü ildə üzv ölkələr qarşısında belə bir məqsəd qoyub ki, siyasi və ictimai həyatın fərqli aspektlərində kişilər və qadınların iştirak payı hərəyə azı 40% olsun.
Üzə çıxan odur ki, 46 ölkədən yalnız 2-də – Finlandiya və İsveçdə ötən il qadınların parlamentdə iştirak səviyyəsi 40%-lik minimuma çatıb. Avropa üzrə ortalama göstərici 25.6% olub.
Ölkələrdən heç birində parlamentin yuxarı palatası üçün 40%-lik hədəfə çatılmayıb; təyinatlı vəzifələrdə qadınların orta payı 35.8%, seçilmiş üzvlər içində 23.9%-dir.
Avropa üzrə dövlət və hökumət, regional hökumət başçıları və merlər arasında qadınların orta iştirak payı 17%-dir.
***Buna da bax-AŞPA Avropa Məhkəməsini İlqar Məmmədova görə tələsdirir
Orta hesabla, Ali Məhkəmələrdə qadın təmsilçiliyi 33%, Yüksək Ədliyyə Şuralarında 28%, Konstitusiya Məhkəmələrində 26%-dir.
Qadınların ən az iştiraklılığı isə səfir postlarında üzə çıxır – cəmi 13 faiz.
BƏS AZƏRBAYCANDA DURUM NECƏDİR?
Azərbaycanda 2005-ci ildə parlament üzvlərinin 10.5, 2008-ci ildə 11.2, 2016-cı ildə 16.8 faizi qadın olub. Ötən il parlament komitələrinin rəhbərlərinin 13.3 faizini qadınlar təşkil edib.
Regional parlamentlərə gəlincə, Azərbaycanda 2005 və 2008-ci illərdə region parlament (Naxçıvan Ali Məclisi) üzvlərinin 2.2, 2016-cı ildə isə 15.6 faizi qadınlardan ibarət olub. Yəni 11 ilə 13.4 faizlik artım baş verib.
Azərbaycan həm region, həm də ölkə parlamentində qadın iştiraklılığı 20%-dən az olan altı ölkədən biridir. O biri ölkələr Bosniya və Herseqovina, Çexiya, Moldova, Rusiya və Slovakiyadır.
***Buna da bax-AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olundu
Hesabatda qeyd olunur ki, ötən il Azərbaycanda 6 baş nazir müavininin hamısı kişilər olub, eləcə də qadın vitse-prezident də qeydə alınmayıb.
Qeyd edək ki, bu ilin fevralında prezident İlham Əliyev xanımı Mehriban Əliyevanı birinci vitse-prezident postuna təyin edib. Bu təyinatı müxalifət hakimiyyəti bir əldə cəmləmək cəhdi adlandırıb.
İCRA BAŞÇILARI, BƏLƏDİYYƏLƏRDƏ QADINLAR
2005-2016-cı illərdə nazirlər içində qadınların proporsiyası 0 faiz olubsa, nazir müavinləri vəzifələri üçün bu göstərici 2.9% göstərilir.
Regional hökumət başçıları içində də son 11 ildə heç vaxt qadın olmayıb, amma regional hökumətdə iştiraklılıq 2005-ci ildə 0 faizdən 2008-ci ildə 4.8 faizə yüksəlib.
2005 və 2016-cı illərdə mer (Azərbaycanda icra hakimiyyəti başçıları) postunda qadın təmsilçiliyi dəyişməyib – 1.2 faiz.
Di gəl, bələdiyyələrdə qadınların iştirak payı 11 il ərzində 1.7 faizdən 35 faizə çatıb, 33.3 faiz artım qeydə alınıb.
***Buna da bax-S.Seyidov: 'Bizdə sual doğur ki, nəyə görə AŞPA-dayıq'?
Məhkəmə sisteminə gəlincə, 2005-ci ildə Ali Məhkəmədə hakimlərin 12.5, 2008-ci ildə 12, 2016-cı ildə isə 16.2 faizi qadınlar olub. Konstitusiya Məhkəməsində bu göstəricilər uyğun olaraq 11.1 – 22.2 – 22.2 faizdir.
XANIM SƏFİRLƏR
Xarici təmsilçilikdə qadın iştiraklılığı da maraq doğurur. 2005-ci ildə Azərbaycanın digər ölkələrdəki səfirlərinin 2.6, 2008-ci ildə 3.7 faizi qadın olubsa, ötən il bu göstərici 1.7 faizə düşüb, yəni 0.9 faizlik geriləmə baş verib.
Hesabatın əhatələdiyi dövrdə Azərbaycanın qadın elçisi, yaxud xüsusi səlahiyyətli naziri də olmayıb. Nazir müşavirləri arasında da eyni durumdur, qadın təmsilçiliyi 0 faizdir.
Avropa Şurası Parlament Assambleyasında Azərbaycandan qadın təmsilçilərin sayı 2005-2008-2016-cı illərdə dəyişməz qalıb – 25%. Avropa Şurasının Yerli Hakimiyyətlər Konqresində 2005-ci ildə qadın təmsilçiliyi 66.7, 2016-cı ildə isə 33.3 faiz olub, yəni 33.4 faiz geriləmə baş verib.
Regionlar Palatasında Azərbaycan təmsilçilərinin sayı 2005-ci ildə 0, 2008-ci ildə 33, 2016-cı ildə 33 faiz olub.
Bu hesabata Azərbaycandan reaksiyalar bir azdan saytımıza yerləşdiriləcək.