Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:51

Qadın fəalın işi terrorçuluq məhkəməsinə verilib


Lüceyn əl-Həzlül
Lüceyn əl-Həzlül

"The New York Times" qəzeti yazır ki, Səudiyyə Ərəbistanının ən çox tanınan məhbuslarından biri, qadın haqları fəalı Lüceyn əl-Həzlül çərşənbə günü səudiyyəli hakimin qarşısına çıxarılıb. Onun məhkəməyə çıxan zaman fasiləsiz və qeyri-iradi əsdiyi deyilir. Burada ona işinin terrorizm və milli təhlükəsizlik cinayətləri ilə məşğul olan xüsusi məhkəməyə ötürüldüyü deyilib.

31-yaşlı xanım əl-Həzlül 2018-ci ilin yazında həbs edilib. Ona qarşı ittihamlara krallığın siyasi sistemini dəyişmək cəhdi, qadın haqları uğrunda kampaniya keçirmək, xarici jurnalistlər, diplomatlar və insan haqları təşkilatları ilə ünsiyyətdə olmaq da daxildir.

Baydenin vədi

İnsan haqları qrupları onun məhkəməsini "qondarma" adlandırıb, krallığı öz məhkəmələrindən istifadə edərək əl-Həzlül və digər fəalları etiraz etmələrinə görə cəzalandırmaqda suçlayıb.

Müşahidəçilər ABŞ-da yeni prezidentin fəaliyyətə başlamasından sonra vəziyyətin dəyişə biləcəyinə ümid edirlər. Səudiyyə Ərəbistanı hökuməti ilə yaxın münasibətlərdə olan Tramp bu ölkədəki insan haqları məsələləri ilə qətiyyən maraqlanmırdı. Cozef Baydenin idarəçiliyi dövründə bu yanaşmanın dəyişib-dəyişməyəcəyi isə, hələlik, bəlli deyil.

Bayden seçki kampaniyası ərzində ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərini yenidən nəzərdən keçirəcəyinə, Tramp administrasiyasının onlara verdiyi "təhlükəli kart blanş"ı geri alacağına, insan hüquqlarının pozulmasına görə cəzalar tətbiq edəcəyinə söz verib. Onun bu vədi və ötən həftə Səudiyyə Ərəbistanında keçirilən 20-lər qrupu sammitində insan haqları qruplarının gərgin lobbiçilik işi krallığın jest üçün xanım əl-Həzlülü buraxa biləcəyi ilə bağlı bəzi spekulyasiyalara yol açıb.

Bu baş verməyib və, üstəlik, xanım əl-Həzlülün işi, adətən, terrorizm və milli təhlükəsizlik işləri ilə məşğul olan xüsusi təyinatlı cinayət məhkəməsinə ötürülüb.

"Bir il səkkiz aydır ki, bu işlə məşğuldurlar"

İnsan haqları qrupları və xanım əl-Həzlülün ailəsi bu ötürmənin nə demək olduğunu anlamağa çalışır.

"Məhkəmə dedi ki, onların [bu işlə məşğul olmağa] səlahiyyəti çatmır, ancaq onlar bir il səkkiz aydır ki, bu işlə məşğuldurlar. Başa düşmək olmur", - fəalın bacısı Lina əl-Həzlül deyib.

Səudiyyə rəsmiləri "The New York Times"ın xanım əl-Həzlülün işi ilə bağlı açıqlama xahişinə cavab verməyiblər. Ötən həftə xarici işlər üzrə dövlət naziri Adel əl-Cubeyr bu işin onun vətəndaş fəallığı ilə bağlı olduğunu inkar edib.

"Lüceyn əl-Həzlül milli təhlükəsizlik məsələlərinə, xarici qurumlarla işlədiyinə, Səudiyyə Ərəbistanına düşmən qurumları dəstəklədiyinə görə həbs edilib. Bunun qadınların maşın sürmə haqlarını təbliğ etməklə əlaqəsi yoxdur", – əl-Cubeyr BBC-yə deyib.

Lina əl-Həzlül çərşənbə günü bacısı ilə birlikdə Nuf Abdeləziz, Nəsimə əl-Sadah və Səmar Bədəvi adlı daha üç qadın haqları fəalının məhkəmə qarşısına çıxarıldığını deyib. Sonuncu 2012-ci ildə ABŞ Dövlət Departamentinin Beynəlxalq Qadın Cəsarət Mükafatına layiq görülüb.

Bu üç qadının işi ilə bağlı hansı yeniliklərin olduğu məlum deyil.

BƏƏ-də saxlanıb

Lüceyn əl-Həzlül krallığın qadınlara qoyduğu qadağaları tənqid edib və bir neçə dəfə maşın sürmə qadağasını pozduğu üçün saxlanılıb. Qeyd edək ki, bu qadağa 2018-ci ilin iyununda ləğv edilib.

2018-ci ilin martında əl-Həzlül Birləşmiş Ərəb Əmirlikləri ərazisində, magistral yolda saxlanılaraq zorla Səudiyyə Ərəbistanına gətirilib və qısa müddətə həbs edilib. Qadağa ləğv edilən zaman hökumət əl-Həzlül də daxil olmaqla 10-12 nəfəri həbsdə saxlamağa davam edirdi. Onların arasında həm qadınlar, həm də kişilər vardı. Müşahidəçilər deyirlər ki, hökumət bu mütərəqqi qərarın həmin şəxslərin fəaliyyətinin nəticəsi olması təsəvvürünü dağıtmaq üçün belə edib.

Xanım əl-Həzlül sonradan yaxınlarına həbsxanadan özəl bir məkana aparılaraq işgəncəyə məruz qoyulduğunu deyib. 2019-cu ilin martında ona qarşı rəsmi ittihamlar arasında BMT-də işləmək üçün müraciət cəhdi də var idi.

"…Bu, sadəcə, tamaşadır. Bu, ədalətli qanun sistemi deyil. Lüceyn azad edilməlidir", – "Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Adam Kuql belə deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG