“Azərbaycan tərəfi tezliklə Qırmızı Bazar - Şuşa yolundan istifadəni dayandıracaq”.
Bunu Qarabağdakı separatçı rejimin “dövlət naziri” kimi təqdim olunan Artak Beqlyaryan deyib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Beqlyaryan yolların təhlükəsizliyinin təmin olunması, işıqlandırma və nəzarətin gücləndirilməsi üçün əlavə tədbirlərin görüldüyünü deyib:
“Əlbəttə hazırda təhlükəsizliyi Rusiya sülhməramlıları təmin edirlər və bütünlükdə təhlükəsizlik təmin olunub. Əlbəttə kiçik insidentlər olub və bunların bəzisinə reaksiya verilib və tədbir görülüb. Bizim silahlı qüvvələrimiz habelə önləyici işlər həyata keçirirlər. Bu işlər barədə çoxları bilmir və təsəvvür də etmir ki, bu halların qarşısı alınmasa nə baş verə bilərdi”.
Azərbaycan tərəfinin “həyasız” davarınışları
Beqlyaryan daha sonra Azərbaycan tərəfinin “hərəkətlərinə” toxunub:
“Bəli Azərbaycan tərəfindən, bu yoldan keçid zamanı da daxil, müəyyən həyasız davranışlar olur. Amma qeyd etmək istəyirəm ki, tezliklə, bir neçə aydan sonra Azərbaycan tərəfi Qırmızı Bazar - Şuşa yolundan istifadəni tamamilə dayandıracaq. Bu istiqamətdə, bu yolların təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, işıqlandırma və əlavə nəzartin gücləndirilməsi üçün əlavə işlər görülür”.
Azatutyun yazır ki, Qırmızı Bazar – Şuşa yolunda mütəmadi olaraq insidentlər qeydə alınır.
Məsələn, Dağyurd-Qızıloba (Azatutyun bunu Saruşen-Karmirkux adlandırır - red) sahəsində azərbaycanlıların erməni maşınlarını daşa basması halları olub.
Hazırda azərbaycanlılar Qırmızı Bazardan Şuşaya Rusiya sülhməramlılarının müşayiəti ilə gedib-gəlirlər.
Azatutyun iddia edir ki, yol erməni tərəfinin nəzarətindədir.
Son vaxtlara qədər separatçı rejimin “ombudsmanı” kimi təqdim olunan Artak Beqlyaryan əvvəllər də Azərbaycan barədə sərt bəyanat və ittihamlar səsləndirib.
Xatırlatma
2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Bu il yanvarın 11-də də Moskvada növbəti üçtərəfli bəyanat imzalanıb. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.
Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayonu və daha bir çox kəndi işğal edilmişdi.