Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:59

Moskvada repressiya qurbanlarına abidə niyə tənqid olunur


V.Putin «Kədər divarı»nın açılışında
V.Putin «Kədər divarı»nın açılışında

Moskvada sovet dövrü repressiya qurbanlarının xatirə abidəsinin açılışında Rusiya prezidenti Vladimir Putin deyib ki, dövlətin insanlara illərlə əzab verməsi unudulmamalıdır.

Oktyabrın 30-da Rusiyada rəsmən Siyasi Repressiya Qurbanlarını Anım günü kimi qeyd olunur. Bu təşəbbüs ilk dəfə SSRİ-nin dağıldığı 1991-ci ildə irəli sürülüb.

«Bu dəhşətli tarixə nəinki... xalqın mənafeyi naminə bəraət qazandırmaq, onun xalqın yaddaşından silinməsinə imkan vermək olmaz», – Putin deyib.

Putin qeyd edib ki, keçmişin repressiyaları Rusiya cəmiyyətini parçalamamalıdır.

«Biz və bizdən sonra gələnlər repressiya faciəsini və onun nəticələrini xatırlamalıdırlar. Ancaq bu o demək deyil ki, kimsə qisasa çağırmalıdır. Heç kim cəmiyyəti təhlükəli qarşıdurmaya sürükləyə bilməz», – o deyib.

ABİDƏ ELƏ BİR ÖLKƏDƏ QOYULMALIDIR Kİ...

Bir qrup sovet dövrü dissidenti və insan hüquqları fəalı abidəni tənqid edib. Onlar hesab edirlər ki, o hadisələrin üstündən onillər keçəndən sonra insanları repressiyalara məruz qoyan hökumətin belə bir abidə qoymaqla «riyakarlıq etməsini» dəstəkləmək yanlışdır.

«Sovet rejiminin qurbanları bizim xatirə və hörmətimizə layiqdirlər. Ancaq Rusiyanın hazırkı siyasi məhbusları da eyni dərəcədə dəstək və diqqətimizə layiqdir», – deyə keçmişdə sovet rejimini, indi isə Putin-i tənqid edən dissidentlər bildiriblər.

Qulaq həbsxanası muzey oldu
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

«Sovet rejiminin qurbanlarına görə üzüldüyünü deyən, əslində isə ölkədə vətəndaş azadlıqlarını boğaraq siyasi repressiyaları sürdürən hökumətin təşkil etdiyi anım mərasimində iştirak düzgün deyil. Şübhəsiz ki, Moskvada siyasi repressiya qurbanlarına abidə qoyulmalıdır, ancaq yalnız ölkədə siyasi məhbusların olmadığı, qatillər cəzalandırıldığı, siyasi repressiyalar xəbər başlıqlarına çıxmadığı, yalnız tarixçilərin araşdırma mövzusu olduğu halda», – Mustafa Dzhemilev, Vladimir Bukovsky, Aleksandr Podrabinek, Arina Ginzburg, Igor Guberman, Pavel Litvinov kimi tanınmış simalar da daxil olmaqla, 40 fəalın imzaladığı bəyanatda deyilir.

«Memorial» insan haqları təşkilatı 2006-cı ildən bəri hər il abidənin qoyulduğu yerdə, KQB-nin əsas varisi sayılan FSB-nin binası qarşısında anım mərasimi keçirib.

«Memorial» ötən gün Sankt-Peterburqda da belə bir mərasim təşkil edib.

Putin-in bu ilin iyununda Stalin-i dəstəkləməsi mübahisələrə yol açıb.

«EFFEKTİV İDARƏÇİ»

Rusiya prezidenti iyunun 15-də Stalin-in «həddindən artıq» qorxunc təqdim edilməsinin Sovet İttifaqı və Rusiyaya hücum üsullarından biri olduğunu deyib.

Putin deyib ki, Rusiyanı tənqid edənlər bugünkü Rusiyanın mahiyyətcə stalinizmin əlamətlərini daşıdığını göstərməyə çalışırlar.

Ancaq həmin çıxışda Putin Stalin-in «həddindən artıq» qorxunc təqdim edilməsi dedikdə, nəyi nəzərdə tutduğunu açıqlamayıb. 1920-ci illərin ortalarından 1953-cü ilədək SSRİ-nin rəhbəri olmuş Joseph Stalin müxtəlif məlumatlara görə, 15 milyondan 30 milyonadək sovet vətəndaşını güllələnmə, əmək düşərgələri və aclıqla məhv edib.

Putin daha öncə də Stalin-i «effektiv idarəçi» adlandırıb. Putin-in hakimiyyətə gəldiyi 2000-ci ildən ölkədə Stalin-in nüfuzu artmaqdadır.

Tənqidçilər Putin və Rusiya hökumətinin son 20 ilə yaxın müddətdə Stalin-in nüfuzunu artırmağa ciddi səy göstərdiyini deyirlər. Keçirilən rəy sorğularının nəticələri bu səylərin nəticəsiz qalmadığını göstərir.

Apreldə müstəqil «Levada» tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, rusiyalıların 25 faizi Stalin repressiyalarına «tarixi kontekstdə» bəraət qazandırır. Sorğu zamanı rəyi soruşulanların daha 13 faizi isə Stalin-in cinayətlərindən xəbərsiz olduğunu deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG