Rusiya prezidenti Vladimir Putin aprelin 2-də bir daha ölkəyə müraciətlə çıxış edərək bildirib ki, qeyri-iş rejimi aprelin 30-dək uzadılır.
O əlavə edib ki, koronavirus pandemiyası ilə bağlı vətəndaşlara işə çıxmadıqları günlər üçün maaş ödənməlidir.
Putin eyni zamanda federasiya subyektlərinin rəhbərlərinə onlara tabe ərazilərdə epidemiya ilə bağlı operativ qərarların qəbulu və profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə əlavə səlahiyyətlər verdiyini deyib.
Rusiya prezidenti fövqəladə vəziyyət elan etməyib.
Putin reytinqinin düşəcəyindən narahatdır
Rusiyada Meduza və Açıq media kimi müstəqil media qurumlarının bundan əvvəl prezident administrasiyası və hökumətdəki mənbələrə istinadən yazırdılar ki, Putin koronavirusla bağlı elan edilmiş karantin rejiminin cəmiyyətdə çox da yaxşı qarşılanmadığını bilir və reytinqinin aşağı düşəcəyindən narahatdır.
AzadlıqRadiosunun Rus xidməti bildirir ki, müstəqil şərhçilər Rusiyada indiyədək fövqəladə vəziyyətin elan edilməməsinin səbəbini də bunda görürlər.
Şərhçilər deyirlər ki, prezident sərt sözlərlə “xalqı qorxutmaq” istəmir və buna görə də “ümumi özünütəcrid” və “qeyri-iş həftəsi” kimi sözlərdən istifadə edilir.
Meduza müstəqil internet qəzeti adının çəkilməsini istəməyən hökumət nümayəndəsinə istinadən xəbər verir ki, fövqəladə vəziyyət elan edilməsinin məsuliyyətini öz üzərinə “texniki baş nazir” sayılan Mikhail Mishustin də götürmək istəmir.
Məsuliyyətin qubernatorlara ötürülməsi
Prezident administrasiyasındakı mənbə Meduza qəzetinə deyib ki, fövqəladə vəziyyəti bütün hallarda Vladimir Putinin özü elan etməli olacaq. Lakin hələlik daha yumşaq tədbirlərdən istifadə olunur.
Meduza qeyd edir ki, regionlar nəzərlərini Moskvaya və Moskva meri Sergey Sobyaninin nə etməsinə dikiblər.
Məhz buna görə də onlar Moskvadan nümunə götürərək hələlik regional fövqəladə vəziyyət rejiminə əl atmırlar.
Bu səbəbdən də regionlar qanunvericilikdə olan xüsusi rejimdən və qanunvericilikdə olmayan “özünütəcrid” tədbirindən istifadə edirlər.
Sobyanin və Mishustin arasında ziddiyyət
Bloomberg saytı yazır ki, Sobyanin karantin tədbirlərinin sərtləşdirilməsi tərəfdarıdır.
Martın 24-də Putinin keçirdiyi müşavirədə məhz Sobyanin Rusiyada keçirilən testlərin kafi olmadığını dilə gətirmişdi.
Mishustin və Sobyanin arasında olan ziddiyyət barədə iki mənbəyə istinadən The Bell xəbər portalı da yazmışdı.
Mer şəhərdə sərt karantin qaydalarının tətbqinə ehtiyac olduğunu desə də, bildirib ki, belə səlahiyyətlərə yalnız hökumət malikdir.
Başqa sözlərlə Moskvada sərt karantin qaydalarının tətbiqi üçün əvvəlcə hökumət fövqəladə vəziyyət barədə qərar qəbul etməlidir.
Amma hökumətdə hesab edirlər ki, Moskvanı epidemiya ilə əlaqədar tam bağlamaq iqtisadi baxımdan ziyanlıdır, beləki pandemiyadan sonra biznesin dəstəklənməsi və Putinin sosial vədlərinin icrası üçün pulu da hökumət axtarmalı olacaq.
Putinin taktiki gedişi
AzadlıqRadiosu yazır ki, bu prezidnetin 2000-ci ildən bəri bu formatda 13-cü çıxışı idi.
Putin bundan əvvəl eyni formatda ötən həftə, martın 25-də çıxış etmişdi.
O həmin vaxt martın 30-dan aprelin 5-dək olan müddəti qeyri-iş həftəsi elan etmiş, bir sıra vergiləri qaldırmış və əhalini koronavirusun yayılmasının yavaşıdılması üçün evdə qalmağa çağırmışdı.
Aprelin 2-də, səhərə olan məlumata görə Rusiyada son 24 saatda daha 771 yoluxma halı qeydə alınıb. Ümumilikdə bu virusa yoluxanların sayı 3548 nəfərdir. Bunlardan 2475-i Moskvaının payına düşür.
Bəzi şərhçilər bildirirlər ki, Putin qubernatorların səlahiyyətlərini artırmaqla özünü gələcək tənqidlərdən sığortalamağa çalışır.
Onların fikrincə, əgər gələcəkdə koronavirusla bağlı vəziyyət nəzarətdən çıxarsa, bunun məsuliyyətini regionlarınn üzırinə atmaq o qədər də çətin olmayacaq,