Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 13:37

Putin əhaliyə və biznesə geniş güzəştlər elan edir


Prezident Vladimir Putin koronavirusla bağlı vəziyyətlə əlaqədar martın 25-də rusiyalılara müraciət edib.

O bəyan edib ki, Rusiyada gələn həftə “uzadılmış istirahət günləri” prinsipi ilə dövlət hesabına “qeyri-iş həftəsi” elan edilir.

Putin deyib ki, sözü gedən günlər ərzində yalnız hakimiyyət orqanları, banklar, apteklər, nəqliyyat və insanların yaşaması üçün mühüm olan başqa sahələr işləməkdə davam edəcək:

"Gəlin ruslar demişkən “nə olar-olar” prinsipi ilə hərəkət etməyək. Bütün tövsiyələrə əməl etmək, intizam və məsuliyyət nümayiş etdirmək lazımdır. İnanın, indi ən salamatı evdə olmaqdır. Vətəndaşları həkimlərin və hakimiyyətin tövsiyələrinə diqqətlə yanaşmağa çağırıram”.

Putin habelə Konstitusiya dəyişikliklərinə ümumxalq səsverməsinin başqa vaxta təxirə salınması barədə təklif verdiyini bildirib.

Prezident bunu da deyib ki, bütün müavinətlər, həmçinin mənzil-kommunal sistemi üzrə verilən yardımlar avtomatik qaydada uzadılacaq.

Putin fədakar xidmətlərinə görə tibb işçilərinə “ürəkdən” minnətdarlıq bildirib, iqtisadiyyat və biznesin dəstəklənməsi tədbirlərini elan edib.

Prezident əlavə edib ki, 12 min rubla qədər işsizlik müavinətnin indeksləşdirilməsi və 3 yaşınadək uşağı olan ailələrə 5 min rubl ödənməsinə dair təklif verilib.

Kredit ödənişlərindən möhlət

Putin habelə koronavirusa görə bəzi vətəndaşlara istehlak və ipoteka kreditləri üzrə ödənişlərdən “tətil” verilməsini təklif edib. O izah edib ki, bu qayda, işini itirdiyinə və gəlirləri 30 faiz azaldığına görə ödənişləri edə bilməyənlərə şamil olunacaq.

Onun sözlərinə görə, ödənişlərdən tətil habelə kredit götürmüş fərdi sahibkarlara veriləcək.

Putin eyni zamanda vergi ödənişlərindən yarım illik möhlət veriləcəyini deyib. Prezident bunu da qeyd edib ki, daha böyük bizneslər üçün sosial ödənişlərin təxirə salınması tətbiq olunacaq.

O bildirib ki, kiçik bizneslərin sosial ödənişlərinin iki dəfəyədək azaldılması, həm də bunun “bir neçə aylıq yox, uzun müddət” üçün edilməsi nəzərdə tutulub.

Müəssisələrə dəstək, xarici hesablara vergi artımı

Prezident deyib ki, çətin vəziyyətə düşən müəssisələri müflislikdən qorumaq lazımdır.

O bu məqsədlə sözü gedən müəssisələrə kredit ödənişləri və cərimələr üçün möhlət verilməsinin nəzərdə tutulduğunu deyib.

Bundan başqa Putin bildirib ki, gəlirləri ofşorlardakı xarici hesablara gedən müəssisələr üçün vergilər 15 faizədək artırılacaq.

Onun sözlərinə görə, bu qayda həm də sözü gedən şirkətlərin səhmdarlara ödədiyi dividentlərə şamil ediləcək.

Prezident deyib ki, investisiyalardan və banklardakı əmanətlərdən - 1 milyon rubldan çox olan gəlirlərə 13 faiz gəlir vergisi qoyulacaq.

Putin bildirib ki, əldə edilən əlavə vəsaitlər “xəstəliyinə görə işləməyənlərə, iş yerini itirənlərə və ailələli şəxslərə” dəstək verilməsinə xərclənəcək.

***

Rusiya Prezidenti Vladimir Putin konstitusiyaya dəyişikliklərlə bağlı 22 aprel səsverməsini koronavirus epidemiyasına görə təxirə salıb.

Həmin dəyişikliklər Putinin 2036-cı ilədək hakimiyyətdə qalmasına yol aça bilər.

Martın 25-də televiziya ilə canlı çıxış edən Putin deyib ki, səsvermənin yeni tarixi səhiyyə ekspertlərinin tövsiyələri əsasında müəyyən olunacaq.

***

Kreml bildirir ki, Prezident Vladimir Putin bir neçə saat ərzində xalqa müraciət edəcək.

Bu açıqlamadan öncə Baş nazir Mixail Mişustin vilayət qubernatorlarına göstəriş verib ki, koronoviruslu xəstələri xəstəxanalara yerləşdirmək üçün dərhal tədbir görsünlər.

***

Rusiyada virusa yoluxanların sayı kəskin artır

Son 24 saat ərsində Rusiyada koronavirusa yoluxanların sayı 163 nəfər artaraq 658-ə çatıb. Təkcə Moskvada 120 yeni yoluxma halı açıqlanıb.

Rusiya Baş nazirinin müavini Tatiana Golikova martın 26-da deyib ki, artım əvvəl təsdiqlənmiş orta göstəricidən üç dəfəyədək çoxdur.

“Hazırda Rusiyanın 55 regionunda 658 yoluxma halı var. 29 nəfər sağalıb. 112 min nəfər özünütəcrid vəziyyətində nəzarət altındadır”, – Golikova ölkənin koronavirusla mübarizə üzrə federal işçi qrupunun iclasında deyib.

Hökumətin koronavirusa həsr olunmuş rəsmi vebsaytında da eyni rəqəm dərc olunub.

Martın 25-dək Rusiya hakimiyyəti koronavirusdan ölüm halları açıqlamayıb. COVID-19 diaqnozu qoyulmuş 79 yaşlı bir qadın ötən həftə Moskvada yoluxucu xəstəliklər xəstəxanasında vəfat edib. Moskva rəsmiləri əvvəlcə bu ölümün virusla bağlı olduğunu desələr də, sonradan ölüm səbəbini dərhal dəyişərək qan laxtalanması ilə əlaqələndirdilər.

Ancaq Birləşmiş Ştatlarda yerləşən Johns Hopkins Universiteti Rusiyada koronavirusdan bir nəfərin öldüyünü bildirir.

XS
SM
MD
LG