Rusiya prezidenti Vladimir Putin ümidvar olduğunu bildirib ki, rusiyapərəst qüvvələr iyunun 7-də Ermənistanda keçiriləcək seçkilərə buraxılacaq. Bu barədə o, Kremldə Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşdə bəyan edib.
Onun məlumatına görə, bəzi siyasətçilər "Rusiya pasportlarına sahib olmalarına baxmayaraq", həbsdədirlər: "Bu sizin qərarınızdır, biz müdaxilə etmirik. Amma istərdik ki, onların hamısı, hər halda, seçkilər zamanı bu daxili siyasi işdə iştirak edə bilsinlər".
Paşinyan cavabında: "Ermənistan Konstitusiyasına görə, Rusiya pasportu olan şəxslər deputatlığa və ya baş nazirliyə namizəd ola bilməzlər, burada heç bir məhdudiyyət yoxdur", - deyib.
O əlavə edib ki, Ermənistanda demokratik sistem var və bir çoxları "hətta demokratiyanın həddindən çox olmasından şikayətlənirlər": "Ümumi kontekstdə, düzünü desəm, bizim həbsxanalarda siyasi proses iştirakçıları yoxdur".
Ermənistanda parlament seçkiləri iyunun 7-nə planlaşdırılıb.
Bir müddət əvvəl Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, Aİ seçkiləri hibrid təhdidlərdən və xarici müdaxilələrdən qorumaq üçün Ermənistana çevik reaksiya qrupu göndərəcək.
Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Avropa siyasətçiləri hər şeydə Moskvanın müdaxiləsini görürlər — "bu, köhnə mahnıdır". "Əlbəttə, onlar Ermənistan seçkilərində də bu mahnını oxuyacaqlar", - o bildirib.
Putin Paşinyana: Ya biz, ya da...
Putin Paşinyana xəbərdarlıq edib ki, Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi Birliyi (AİB), həm də Avropa İttifaqında (Aİ) ola bilməyəcək: "Başa düşürük ki, istənilən ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır. Lakin bu, aşkar olmalıdır, dürüst olmalıdır, necə deyərlər, əvvəlcədən, hələ işin başında deyilməlidir: həm Aİ, həm də AİB ilə gömrük ittifaqında olmaq qeyri-mümkündür".
Onun sözlərinə görə, "bu, siyasi məsələ deyil, sırf iqtisadi xarakter daşıyır".
Paşinyan cavab verib ki, Aİ və AİB-ə eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü başa düşür, lakin bu gündəmləri birləşdirmək mümkün olduğu müddətcə Ermənistan bunu edəcək. Seçim anı gələndə qərarı Ermənistan xalqı verəcək, - baş nazir əlavə edib.
AİB Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarusdan ibarət iqtisadi inteqrasiya birliyidir.
Xatırlatma
İlin əvvəlində Paşinyan ölkəsinin Aİ-nin tamhüquqlu üzvü olmaq istəyini bəyan edib. O xatırladıb ki, 2024-cü ilin martında parlament "Aİ-yə üzvlük prosesinin başlanması haqqında" qanun qəbul edib, bununla da avrointeqrasiya prosesinə rəsmən start verib. Buna baxmayaraq, onun sözlərinə görə, Ermənistan bundan sonra da mümkün olduğu müddətcə AİB-ə üzvlüyü Aİ-yə qoşulmaq cəhdləri ilə uyğunlaşdırmağı planlaşdırır.