Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Putin Kimlə danışıqları barədə Çin və ABŞ-a məlumat verəcəyini deyib


Vladimir Putin aprelin 25-də Pekinə gəlib
Vladimir Putin aprelin 25-də Pekinə gəlib

Rusiya prezidenti Vladimir Putin bildirib ki, o Şimali Koreya lideri Kim Jong Unla yenicə başa çatmış sammitinin nəticələri barədə Çin liderlərinə məlumat vermək məqsədilə Pekinə yollanır. Putin bunu da deyib ki, o həm də bu detalları Birləşmiş Ştatlarla bölüşmək istərdi.

Bu arada, aprelin 26-da Şimali Koreyannın dövlət mediası xəbər verib ki, Kim Putini “onun üçün münasib vaxtda” Pxenyana dəvət edib.

Koreya Mərkəzi Xəbər Agentliyi bildirib ki, Putin bu təklifi “dərhal” qəbul edib. Bu səfər üçün dəqiq tarix bildirilməyib.

Siyasi müşahidəçilər bildirirlər ki, bu addımlar Vaşinqton və Pxenyan arasında gedən danışıqlarda Moskvanın təsir və rolunu artırmaq məqsədi güdür.

İndiyədək keçirilmiş iki ABŞ-Şimali Koreya sammitinə baxmayaraq Donald Trump və Kim Jong Un arasında Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair danışıqlar nəticəsiz qalıb.

ABŞ prezidenti Trump keçmişdə həm Putin, həm də Kimə heyranlığını ifadə edib və deyib ki, hər iki liderlə sıx bağlara can atır.

Putin deyib ki, Kimlə “əsaslı müzakirələr” aparıb və Pxenyanın nüvə proqramı ilə bağlı yaranmış qarşıdurmanın aradan qaldırılması yollarına dair fikir mübadiləsi keçirib.

Rusiyanın Uzaq Şərqindəki Vladivostok şəhərində Kimlə danışıqlardan sonra Putin Pekinə ikigünlük səfərə yollanıb. O bildirib ki, Vladivostok danışıqlarının detalları barədə Çin rəhbərlərinə məlumat verəcək:

“Biz elə eyni açıqlıqla bu məsələni ABŞ rəhbərliyi ilə də müzakirə edəcəyik. Bizim heç bir sirrimizyoxdur. Rusiyanın mövqeyi həmişə şəffaf olub. Burada heç bir şəkildə qəsd yoxdur”.

Sammit başa çatdıqdan sonra Kim Birləşmiş Ştatlarla danışıqlar barədə sərt ifadələr işlədib və Vaşinqtonu fevral ayında Hanoyda keçirilən sammit zamanı “bədniyyətli” olmaqda günahlandırıb:

"Koreya yarımadasında və regionda hazırda durğunluq yaranıb və vəziyyət kritik nöqtəsinə çatıb. ABŞ-ın ikinci sammit danışıqlarında nümayiş etdirdiyi bədniyyətli birtərəfli yanaşma bizi yenidən sıfır nöqtəsinə qaytara bilər”.

Vaşinqton Pxenyanın nüvə və raket proqramlarından əl çəkməsinə çalışır, lakin Şimali Koreya, o hələ sonrakı addımları atmazdan əvvəl Pxenyan üzərindəki sanksiyaların qaldırılmasını tələb edir.

Ötən mart ayında Birləşmiş Ştatlar Şimali Koreya üzərinə onun nüvə silahı proqramı ilə bağlı yeni sanksiyalar qoyub.

Putin aprelin 25-də deyib ki, Pxenyana, o hələ öz nüvə proqramına son qoymazdan əvvəl çoxmillətli çərçivədə beynəlxalq “təhlükəsizlik qarantiyaları” lazımdır.

Kim bildirib ki, Putinlə “qarşılıqlı maraq kəsb edən məsələlərə dair mənalı fikir mübadiləsi” edib.

Bu arada Brüsseldə Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, “biz Şimali Koreyanı konkret olaraq nüvəsizləşmə ilə məşğul olmağa və özünün bütün silahlarını tam demontaj etməyə çağrırıq”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG