Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:27

Putin-lə Kim 'çox mənalı' danışıqlar aparıblar


Kim Jong Un Vladivostokda fəxri qarovulun önündən keçir
Kim Jong Un Vladivostokda fəxri qarovulun önündən keçir

Şimali Koreya lideri Kim Jong Un Rusiya Prezidenti Vladimir Putin-lə “çox mənalı” danışıqlar apardığını deyir.

“Elə indicə qarşılıqlı maraq doğuran məsələlər üzrə çox mənalı fikir mübadiləsi apardıq”, – iki saatadək çəkən təkbətək görüşdən sonra Kim deyib. O, “dinc həllin yollarını müzakirə etdiklərini” sözlərinə əlavə edib.

Putin Kim ilə “əsaslı müzakirə” apardığını, Pxenyanın nüvə proqramı üzrə gərginliyi necə yoluna qoymaq üzrə fikir mübadiləsi etdiklərini söyləyib.

***

Putin və Kim əlaqələri sıxlaşdırmağı vəd edirlər

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Jong Un ilk təkbətək görüşlərində münasibətləri sıxlaşdırmaq vədi veriblər.

Görüş Rusiyanın Vladivostok liman şəhərində universitet şəhərciyində baş tutub. Bu görüş Birləşmiş Ştatların Koreya Yarımadasının nüvə silahlarında təmizlənməsi üzrə Pxenyanla razılaşma əldə etməyə çalışdığı dönəmə təsadüf edir.

Putinlə Kim aprelin 25-də əl sıxaraq konfrans zalına keçib, kameralar qarşısında bir-birini salamlayıblar.

Vladimir Putin (sağda) və Kim Jong Un
Vladimir Putin (sağda) və Kim Jong Un

Putin ümidvar olduğunu deyib ki, Kimin səfəri “bizim Koreya yarımadasında həllə hansı vasitələrlə nail olmaq, birlikdə nə etmək, Rusiyanın hazırda gedən pozitiv prosesləri dəstəkləmək üçün nə edə biləcəyini daha yaxşı anlamağımıza kömək edəcək”.

“Sözsüz ki, sizin Koreyalar arasında dialoqu inkişaf etdirmək, Şimali Koreya-ABŞ münasibətlərini normallaşdırmaq cəhdlərinizi alqışlayırıq”, – Putin vurğulayıb.

Kim Putinə deyib ki, bu görüş Rusiya ilə Şimali Koreyanın münasibətlərinin möhkəmləndirilməsinə və inkişafına kömək edəcək.

“Dünyanın diqqəti Koreya Yarımadasına yönəldiyi bir məqamda Koreya yarımadasında siyasəti birgə dəyərləndirmək, baxışlarımızı bölüşmək, koordinasiya etmək və öyrənmək üçün çox mənalı dialoq aparacağıq”, – Kim söyləyib.

***

Putinlə Kim üzbəüz görüşür, ABŞ növbəti imkanı gözləyir

Şimali Koreya lideri Kim Jong Un deyib ki, o Rusiya prezidenti Vladimir Putinlə ilk üzbəüz görüşünün “uğurlu və faydalı” keçəcəyinə ümid bəsləyir.

İki lider bugün, aprelin 25-də Rusiyanın Uzaq Şərqindəki Vladivostok şəhərində görüşəcək. Kimi aprelin 24-də Vladivostok vağzalında milli geyinmli qızlar duz-çörəklə qarşılayıblar.

Rusiyanın dövlət televiziyasına müsahibəsində Kim deyib ki, onun Putinlə görüşdən məqsədi “Koreya yarımadasında yaranmış vəziyyətin yoluna qopyulmasıdır”.

Moskva və Pxenyan hələ sovet dövrlərindən ənənəvi olaraq sıx münasibətlərdə olublar. Lakin 1991-ci ildə Sovet İttifaqının çökməsindən sonra Moskvanın Pxenyana maliyyə dəstəyi zəifləyib və münasibətlər soyuyub.

Amma son iki ildə Şimali Koreya və Rusiya arasında yenidən yaxınlaşma prosesi başlanıb, hərçənd Moskva Pxenyan üzərində Pekin qədər böyük təsirə malik deyil.

Rusiya bir çox hallarda Şimali Koreyanın hərəkətlərini tənqid etsə də, ABŞ, Cənubi Koreya və Yaponiyanı gərginliyi artıran və ya Pxenyanı təxribata dartan addımlardan çəkinməyə çağırır.

Məsələn 2017-ci ildə Rusiya Pxenyan üzərinə qoyulmuş beynəlxalq sanksiyaların sərtləşdirilməsinə qarşı çıxıb.

Moskva Pxenyanın 6-cı nüvə sınağından sonra beynəlxalq birliyin narahatlığını “hərbi qaraqışqırıq” adlandırıb.

Kimin atası Kim Jong Il 2001-ci ildə Putinlə Moskvada, 2002-ci ildə isə Vladivostokda görüşmüşdü. Həmin vaxtlar Şimali Koreya lideri qapalı həyat keçirirdi.

Kim Jong Un-un atası Kim Jong-il (solda) Vladimir Putinlə 2001-ci ildə görüşmüşdü
Kim Jong Un-un atası Kim Jong-il (solda) Vladimir Putinlə 2001-ci ildə görüşmüşdü

O 2011-ci ildə yenidən Moskvaya səfər etmiş və o vaxt prezident olan Dmitry Medvedevlə görüşmüşdü. Şimali Koreya lideri hər iki səfərində qatardan istifadə etmişdi.

Onun oğlu, indiki lider Kim Jong Un da Pxenyandan Vladivostoka olan 700 kilometrlik məsafəni özünün zirehli qatarında qət edib. Onu bu səfərdə hökumət rəsmiləri və hərbi komandanlar müşayiət edirlər.

Kremlin müşavirlərindən Yury Ushakov aprelin 23-də müxbirlərə demişdi ki, iki lider əvvəlcə təkbətək görüş keçirəcəklər və bundan sonra danışıqlar xarici işlər nazliri Sergei Lavrov da daxil daha geniş heyətdə davam etdiriləcək.

Rusiyanın dövlət RIA Novosti agentliyi aprelin 23-də bildirib ki, görüş zamanı hər hansı bir sazişin imzalanması və ya birgə bəyanat gözlənilmir.

Bu görüş ABŞ prezidenti Donald Trump-ın Koreya yarımadasında nüvə gərginliyinə son qoymağa çalışdığı bir vaxta təsadüf edir.

Kim və Trump arasında bundan əvvəl keçirilmiş iki sammitdə yarımadamın tam nüvəsizləşdirilməsinə dair saziş əldə etmək mümkün olmayıb.

Trump administrasiyası Kimlə üçüncü sammitin keçirilə biləcəyini bildirirdi, lakin Şimali Koreya dövlət katibi Mike Pompeonun gələcək danışıqlardan uzaqlaşdırılmasını tələb edib.

Mike Pompeo aprelin 24-də CBS kanalına müsahibəsində deyib ki, Şimali Koreya ilə danışıqlar “hamar olmayacaq”.

Lakin o ümid etdiyini bildirib ki, Şimali Koreyanın tam nüvəsizləşməyə doğru irəliləməsi yollarını müzakirə etmək üçün daha bir neçə imkanlar olacaq.

Prezident Donald Trumpla (sağda) Kim Jong Un arasında iki sammit nəticəsiz bitib
Prezident Donald Trumpla (sağda) Kim Jong Un arasında iki sammit nəticəsiz bitib

Pompeo vurğulayıb ki, Pxenyanın öz mövqeyini dəyişməsi o qədər də asan məsələ deyil:

"Ölkə uzun müddət ərzində xalqını inandırıb ki, nüvə silahları onların salamatlığı üçün lazımdır. İndi isə onlar bu izahatı dəyişməlidirlər və burada onlar üçün böyük risklər var”.

ABŞ-ın Şimali Koreya üzrə xüsusi elçisi Stephen Biegun bu yaxınlarda Moskvada Rusiya rəsmiləri ilə görüşüb.

Onun burada Şimali Koreyanın “tam, təsdiqlənə biləcək bir tərzdə nüvəsizləşdirilməsi yollarını” müzakirə etdiyi bildirlir.

Ötən mart ayında Birləşmiş Ştatlar Şimali Koreya üzərinə yeni sanksiyalar elan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG