Keçid linkləri

2025, 07 Dekabr, bazar, Bakı vaxtı 08:39

Putin Zelenski ilə Moskvada görüşmək istədiyini deyir


V.Putin
V.Putin

Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekununda mətbuat konfransında deyib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü, əgər yaxşı hazırlanarsa, istisna etmir.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp ondan belə bir görüş keçirməsini xahiş edib: "Dedim ki, "Bəli, bu mümkündür". Yekunda əgər Zelenski hazırdırsa, qoy Moskvaya gəlsin, belə bir görüş baş tutar".

Putin artıq ikinci dəfədir Zelenskiyə Moskvada görüş təklif edir.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Putinin Zelenskiyə Moskvaya gəlmək dəvətini "qəbuledilməz" adlandırıb. O, X sosial şəbəkəsində yazıb ki, "hazırda azı yeddi ölkə müharibəni dayandırmaq üçün Ukrayna və Rusiya liderlərinin görüşünü keçirməyə hazırdır: Avstriya, Müqəddəs Taxt-Tac, İsveçrə, Türkiyə və Fars körfəzinin üç ölkəsi. Bunlar ciddi təkliflərdir və Zelenski hər an belə görüşə hazırdır".

Mətbuat konfransı zamanı Putin Ukraynanın indiki siyasi rəhbərliyi ilə danışıqları mənasız saydığını da deyib. Onun fikrincə, Zelenskinin prezident səlahiyyətlərinin müddəti başa çatıb.

Putin Ukrayna Konstitusiyasında hərbi vəziyyət zamanı seçkilərin keçirilməsini qadağan olunması ilə razılaşıb. Amma bildirib ki, bu halda prezident səlahiyyətlərinin uzadılması haqda Konstitusiyada heç nə deyilmir.

V.Zelenski
V.Zelenski
2 sentyabr

Zelenski: 'Putin Çində nağıllarını davam etdirir'

"Rusiya Ukraynadakı müharibənin dayandırılması üçün dünya ictimaiyyətinin səylərini açıq şəkildə görməzdən gəlir". Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. O, Rusiya prezidenti Vladimir Putinin Çində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində, digər liderlərlə görüşlərində səsləndirdiyi fikirləri şərh edib.

Putin çıxışında iddia edib ki, Ukraynadakı müharibəni Rusiyanın hücumu başlatmayıb, Kiyevdə Qərbin dəstəklədiyi dövlət çevrilişi səbəbindən yaranıb. O, Rusiyanın Ukraynada yalnız öz maraqlarını qoruduğu vurğulayıb. Putinin köməkçisi Yuri Uşakov isə deyib ki, ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarıyla Alyaska görüşündə Tramp, Putin və Zelenski arasında üçtərəfli görüş barədə razılaşma əldə olunmayıb.

"Dünən ruslar əslində prezident Trampın liderlərin görüşü haqda dediklərini inkar etdilər. Bu görüş müharibəni dayandıra bilərdi. İndi isə Çin Xalq Respublikasında Putin öz nağıllarını danışmağa davam edir, guya bu müharibədə onun heç bir günahı yoxdur. Guya onu kimsə daim müharibə aparmağa, öldürməyə, uşaqları sığınacaqlara salmağa və minlərlə insanı mövqelərimizə hücuma göndərməyə məcbur edir. Görürük ki, Rusiya qoşunları cəbhənin bəzi hissələrində yenidən yığılır. Rusiya açıq-aşkar sülhə can atmır. O, hücumlarını davam etdirir. Biz isə, əlbəttə, cavab verəcəyik. Elə cavab verəcəyik ki, onlar həyasızlıqlarının nəticələrini hiss etsinlər, həm də assimmetrik şəkildə, dəqiq anlasınlar ki, bu, alınmayacaq", – Zelenski videomüraciətində deyib.

Prezident bildirib ki, 2 sentyabr gecəsi Ukrayna üzərində ən azı 150 Rusiya hərbi dronu vurulub: "Əslində, Rusiya dronları səmamızda onların Çindən gələn bəyanatlarını müşayiət edir".

Robert Fitso və Vladimir Putin
Robert Fitso və Vladimir Putin

Putin Ukraynanın Aİ-yə üzvlüyünə qarşı olmadığını deyir

Rusiya prezidenti Vladimir Putin Pekində Slovakiyanın baş naziri Robert Fitso ilə görüşüb. İki lider "Drujba" neft kəmərinə zərbələrə görə Ukraynanı qınayıblar, Slovakiyanın da üzv olduğu Avropa İttifaqı və NATO rəhbərliyini tənqid ediblər.

Putin Rusiyanın hər hansı bir Aİ ölkəsinə hücum ehtimalını bir daha rədd edib, belə ehtimaldan danışanları "nağıl və qorxu filmi mütəxəssisləri" adlandırıb. Onun sözlərinə görə, Rusiyanın "heç vaxt, indi də, gələcəkdə də kiməsə hücum etmək niyyəti olmayıb və yoxdur".

Rusiya prezidenti Ukraynada artıq üç ildən çoxdur apardığı müharibə barədə danışaraq deyib ki, Rusiya orada sadəcə öz maraqlarını müdafiə edir. Onun sözlərinə görə, Moskva heç vaxt Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxmayıb, amma ölkənin NATO-ya üzvlüyünə qəti qarşıdır.

R.Fitso Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxdığını, Aİ məsələsini isə müzakirə etməyə hazır olduğunu bildirib. O, Aİ-ni tənqid edib, onu "quyunun dibində oturan, ətrafındakı dünyanı görməyən" qurbağaya bənzədib.

Putin Alyaskada ABŞ prezidenti Donald Tramp ilə son görüşünü müsbət qiymətləndirib, təhlükəsizlik zəmanətləri barədə razılığa gəlməyin mümkün olduğunu deyib. Onu da əlavə edib ki, Ukrayna öz təhlükəsizliyini necə təmin etməyə özü qərar verməlidir.

Fitso Pekində İkinci Dünya müharibəsində qələbənin 85 illiyi münasibətilə parada gedən yeganə Aİ ölkəsi lideridir. Mayda isə Moskvaya Qələbə paradına getmişdi. Baş nazir deyib ki, Aİ-də onun səfəri tənqid olunacaq, amma Putinin mesajını İttifaqın rəhbərliyinə çatdırmağa hazırdır.

XS
SM
MD
LG