Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin strateji və iqtisadi əlaqələri dərinləşdirməyi hədəfləyən bir sıra sazişlər imzalayıblar. Lakin illərdir yubanan "Sibirin Gücü-2" qaz kəməri layihəsi ilə bağlı yenə də heç bir irəliləyiş qeydə alınmayıb.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, qaz kəməri layihəsi üzrə "qarşılıqlı anlaşmanın əsas parametrləri" artıq formalaşıb, marşrut və tikinti üsulları müəyyənləşdirilib. Sözçünün dediyinə görə, bəzi nüanslar hələ də dəqiqləşdirilməli olduğu üçün meqalayihənin icrasına dair dəqiq zaman qrafiki mövcud deyil.
S.Cinpin bildirib ki, Çin və Rusiya iki böyük dövlət kimi məsuliyyətli hərəkət etməli, "təktərəfli təzyiqlərə və tarixi geriyə çevirməyə yönəlmiş addımlara qarşı birgə müqavimət göstərməlidirlər".
S.Cinpindən sonra söz alan Putin Rusiyanın Çinə kəsintisiz neft və qaz tədarükünü davam etdirməyə tam hazır olduğunu vurğulayıb. O, ikitərəfli ticarətin xarici təsirlərdən və qlobal bazarlardakı qeyri-sabitlikdən etibarlı şəkildə qorunduğunu bildirib.
Putin ilə Si enerji və İrandan danışırlar
Rusiya prezidenti Vladimir Putin mayın 20-də Pekində Çin lideri Si Cinpinlə görüşüb. Danışıqlar enerji əlaqələrinin dərinləşdirilməsinə və hər iki liderin Qərbin hegemon saydığı qlobal nizama qarşı ortaq cəbhə formalaşdırmasına yönəlib.
Sammitin açılışında Si Cinpin bildirib ki, Çin və Rusiya bir-birinin inkişaf və dirçəlişini dəstəkləməyə davam etməlidir. Putin isə ikitərəfli münasibətlərin "misilsiz" səviyyəyə yüksəldiyini vurğulayıb. Onun sözlərinə görə, İran müharibəsi və Hörmüz boğazının qapadılması qlobal neft-qaz tədarükünə, həmçinin qiymətlərə mənfi təsir göstərdiyi bir şəraitdə Rusiya "etibarlı enerji təchizatçısı" statusunu qoruyur.
Rəsmi Moskva Çinlə yeni uzunmüddətli strateji enerji sazişləri imzalamaqda maraqlıdır. "Sibirin Gücü-2" qaz kəməri layihəsi də bura daxildir. Ukraynaya təcavüzdən sonra Avropa qaz bazarlarından məhrum olan Moskva üçün bu layihə həyati əhəmiyyət daşıyır.
"İndiyədək Pekin bu məsələni yubadırdı, lakin indiki danışıqlarda vəziyyət dəyişə bilər", – İsveç Beynəlxalq Münasibətlər İnstitutunun Çin mərkəzinin tədqiqatçısı Henrik Vaxtmayster AzadlıqRadiosuna bildirib.
İran ətrafında alovlanan böhran Pekinin enerji təhlükəsizliyi və qlobal neft bazarı ilə bağlı narahatlıqlarını daha da artırıb. Analitiklər hesab edir ki, bu vəziyyət Moskvanın bir arqumentini gücləndirib: quru marşrutları vasitəsilə enerji nəqli Çinin dəniz yollarından asılılığını minimuma endirə bilər. Bununla belə, Pekin Rusiyadan birtərəfli asılılıq vəziyyətinə düşməkdən ehtiyat edir.
"Rusiyanın ticarət gəlirlərinə olan ehtiyacı Çinin Rusiya enerjisinə olan tələbatından qat-qat çoxdur. Rusiyanın alternativ alıcı variantları məhduddur və sanksiyalar ucbatından neftini endirimlə satmaq məcburiyyətindədir. Çinin isə təchizatçı bazası genişdir və o, daha böyük iqtisadiyyata sahibdir", – deyə Vaxtmayster qeyd edib.
Mürəkkəb tərəfdaşlıq
Putinin səfərindən cəmi dörd gün əvvəl ABŞ prezidenti Donald Trampın Pekində S.Cinpinlə görüşməsi Çin-Rusiya tərəfdaşlığının getdikcə daha qeyri-bərabər xarakter aldığını göstərir. Rusiyanın iqtisadiyyatı Qərb sanksiyaları və Ukraynaya qarşı apardığı müharibə səbəbindən zəifləyir. Moskva ticarət, texnologiya və enerji gəlirləri baxımından Pekindən getdikcə daha çox asılı vəziyyətə düşür.
Si və Putin əvvəlcə daha həssas məsələlərin müzakirəsi üçün qapalı, "dar formatlı" görüş keçiriblər, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli danışıqlar baş tutub.
Çin dövlət mediasının yazdığına görə, Si beynəlxalq mühitin mürəkkəb və dəyişkən olduğunu, birtərəfli hegemonluğun geniş yayıldığını qeyd edib. Bu ifadələr əsasən ABŞ və onun müttəfiqlərinə yönəlmiş rəsmi mesaj hesab olunur.
Putin S.Cinpini gələn il Rusiyaya səfərə dəvət edib və Moskva ilə Pekin arasındakı əlaqələrin qlobal sabitliyə töhfə verdiyini bildirib.
Kreml Çinlə əməkdaşlığı Qərbin Rusiyanı təcridetmə siyasətinin iflasa uğramasının göstəricisi kimi təqdim edir. Amma Moskvanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan sonra iki ölkə arasındakı münasibətlər tamamilə rəvan olmayıb.
Çin Rusiyanın ən böyük ticarət tərəfdaşıdır və Rusiya neft ixracının təxminən yarısını qəbul edir. Çin şirkətləri Rusiyanı istehlak malları və sənaye avadanlıqları ilə təchiz edən əsas mənbəyə çevrilib. Qərb rəsmilərinin fikrincə, bura Rusiyanın hərbi-sənaye bazasını ayaqda saxlayan ikili təyinatlı texnologiyalar da daxildir. Pekin Rusiyaya öldürücü hərbi yardım göstərdiyini təkzib edir və ikili təyinatlı məhsulların ixrac marşrutlarına ciddi nəzarət olunduğunu bəyan edir.
"SİBİRİN GÜCÜ-2" QAZ KƏMƏRİ
İran müharibəsi Rusiya qazı ilə bağlı müzakirələri aktuallaşdırıb
Sammitin ən diqqətçəkən mövzusu "Sibirin Gücü-2" qaz kəməri layihəsidir. Uzunluğu 2 min 600 kilometr olan bu kəmər vasitəsilə ildə 50 milyard kubmetr Rusiya təbii qazının Monqolustan ərazisindən Çinə nəqli planlaşdırılır.
Rusiya illərdir bu layihəni irəli aparmağa çalışsa da, qiymət şərtləri və Pekinin Rusiya enerjisindən birtərəfli asılılıq vəziyyətinə düşmək istəməməsi səbəbindən danışıqlar dəfələrlə dalana dirənib. Lakin regional miqyasda alovlanan İran müharibəsi bu yanaşmaları qismən dəyişə bilər.
Hörmüz boğazında tranzitin pozulması fonunda Rusiyadan gələn əlavə quru enerji tədarükü Çin üçün strateji baxımdan daha cəlbedici görünür. Çünki rəsmi Pekin öz neft və mayeləşdirilmiş təbii qaz (MTQ) idxalının böyük hissəsini münaqişələrə qarşı həssas olan dəniz marşrutları ilə reallaşdırır.
Buna baxmayaraq, təhlilçilər Pekinin güzəştlərə tələsməyəcəyini qeyd edirlər.
"Müəyyən mənada Rusiya bir çıxış yoludur, lakin Çin üçün bu, olduqca ləng, hətta bəlkə də həddindən artıq gecikmiş bir həldir. Xüsusilə də əgər İran müharibəsi yaxın iki-üç ay ərzində başa çatsa", – Vaşinqtondakı Kennan İnstitutunun direktoru Maykl Kimmic AzadlıqRadiosuna bildirib.
Çin illərdir enerji idxalını şaxələndirməyə, yaşıl texnologiyalar vasitəsilə daxili enerji təhlükəsizliyini gücləndirməyə, həmçinin Mərkəzi Asiya və Yaxın Şərqdən alternativ təchizat mənbələri tapmağa çalışır.