Keçid linkləri

2026, 03 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:51

Azərbaycan xəbərləri

Putin Azərbaycana gəlib

Rusiya prezidenti Vladimir Putin Bakıda
Rusiya prezidenti Vladimir Putin Bakıda

Rusiya prezidenti Vladimir Putin avqustun 18-də axşam saatlarında Azərbaycana gəlib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, iki gün davam edəcək səfər zamanı müzakirə olunacaq əsas mövzulardan biri “Rusiya-Azərbaycan strateji partnyorluq və müttəfiqliyinin daha da inkişaf etdirilməsi” məsələsi olacaq. Danışıqlar zamanı habelə digər aktual beynəlxalq və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir. Kremlin məlumatında vurğulanır ki, səfərin nəticəsi olaraq birgə bəyanat və bir neçə başqa sənədlər imzalanacaq.

Vladimir Putin Azərbaycanda sonuncu dəfə 2018-ci ilin sentyabrında olub. Həmin səfər zamanı o, cüdo üzrə dünya çempionatı yarışlarına tamaşa edib və Rusiya-Azərbaycan regionlararası forumunun IX plenar iclasına qatılıb.

2 il əvvəl, fevralın 22-də Moskvada Azərbaycan və Rusiya dövlət başçıları iki ölkə arasında “… müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb. Sənəddə iki ölkə arasında siyasi, iqtisadı və daha bir çox sahələrdə əməkdaşlığın inkişafının vacibliyindən bəhs edilir.

Rusiya prezidentinin Azərbaycana indiki səfəri tamam fərqli geosiyasi şəraitdə baş verir.

Azərbaycan və Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibə nəticə etibarilə Bakının ərazi bütvlüklərini tədricən bərpa etməsi ilə başa çatıb. İki ölkə arasında münaqişə ötən əsrin 80-ci illərində yenidən gərginləşən Qarabağ məsələsi üstündə baş verib. 4 il əvvəlki 44 günlük müharibədən sonra Azərbaycanın Qarabağ bölgəsinə üçtərəfli razilaşmaya (Azərbaycan, Rusiya və Ermənistan) əsasən Rusiya sülhməramlı kontingenti yeridilmişdi. Sülhməramlılar Azərbaycanda 2025-ci ilədək qalmalı idilər. Lakin 2023-cü ildə Azərbaycan bir günlük hərbi əməliyyatla Qarabağ üzərində nəzarəti tam bərpa etdi və oradan erməni əhali köç etdi. Bu il isə Rusiya sülhməramlıları Azərbaycanı tərk elədi.

Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələ də, sülh sazişi imzalanmayıb. Azərbaycan-Ermənistan sərhəddində tez-tez olmasa da ara-sıra atəşksəin pozulması ilə bağlı məlumatlar yayılır. Tərəflər buna görə bir qayda olaraq bir-birlərini günahlandırırlar. Bir neçə gün öncə də belə məlumatlar yayılmışdı.

Haaqada mənzillənən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Ukrayna uşaqlarının Rusiyaya qanunsuz deportasiyasına görə 2023-cü ilin martında prezident Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belova barəsində həbs orderi verib. Bu isə o deməkdir ki, BCM-in yurisdiksiyasına daxil ölkələr, o cümlədən Ermənistan onları öz ərazisində həbs etmək öhdəliyinə malikdir. Putin Azərbaycanda həbs oluna bilməz, çünki Bakı BCM-nin Roma statutuna qoşulmayıb.

Bütün xəbərləri izləyin

'Şəki Yaylası'nda ölümlərə görə sahibkar və bir şəxs həbs olunub

Kanat qurğusu (Foto illüstrasiya)
Kanat qurğusu (Foto illüstrasiya)

“Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar və digər bir şəxs həbs olunub.

Bu barədə noyabrın 2-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, istintaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramiz Hüseynovun istirahət mərkəzini idarə etdiyi müddətdə işə “laqeyd münasibət göstərərək” iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib:

“'Zipline' kanat yolu üçün nəzərdə tutulmuş qüllənin inşasını bu sahədə müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə şifahi qaydada həvalə edən Ramiz Hüseynov öz rəhbərliyi və birbaşa göstərişləri ilə qülləni qanunsuz inşa etdirib. Qüllənin üzərindəki dəmir konstruksiyanın deformasiyaya uğraması nəticəsində kanatlarda dalğalanma yaranıb və sürüşməni təmin edən əsas zipline qurğusu kanatdan çıxıb”.

Əlavə edildiyinə görə, kustar üsulla hazırlanmış tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsinin kanata keçirilməsi səbəbindən kanatın titrəməsi nəticəsində həmin qurğunun parça hissəsi cırılıb, nəticədə, kanatdan istifadə edən Ucal Bayramovla Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Noyabrın 2-də Ramiz Hüseynov Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq), Abasət Paşayev isə 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittihamlar elan edilib. Şəki rayon Məhkəməsinin qərarları ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.

Hələlik, rəsmi açıqlamaya həbs edilən şəxslərdən və onların yaxınlarından münasibət almaq mümkün olmayıb,
Həmin ittiihamlarla şəxslərə üç ildən yeddi ilədək (sahibkara verilən ittiham üzrə) və iki ildən altı ilədək (digər şəxsə) həbs cəzası verilə bilər.

10.09.2026

Şəkidə iki nəfərin öldüyü hadisə ilə bağlı cinayət işi başlanıb

Şəkinin Baş Küngüt kəndi ərazisindəki "Şəki yaylası" istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Rəsmi açıqlamaya görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü B.U.A. və 1995-ci il təvəllüdlü M.C.C. "Zipline" əyləncəsindən istifadə edərkən kanat sisteminin bərkidildiyi metal qurğu əyilərək formasını itirdiyi üçün əsas mexanizm kanatdan çıxıb və təhlükəsizlik avadanlığı zədələnib.

Nəticədə hər iki şəxsin hündürlükdən yerə düşərək hadisə yerindəcə həyatını itirdiyi bildirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

Bu maddə üzrə təqsiri sübuta yetirilən şəxsləri 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Rəsmi açıqlamaya sözügedən istirahət mərkəzinin rəhbərliyi və həlak olan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

9 sentyabr

FHN ölümə səbəb olan qurğunun onun nəzarətində olmadığını bildirib. Suallar açıq qalır

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki rayonunda ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib.

Qurumdan APA-nın sorğusuna cavab olaraq deyilib: "Mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərin siyahısına daxil deyil. Bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil".

Bu açıqlamaya, hələlik, istirahət mərkəzinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

FHN-in açıqlamasında onun nəzarət etmədiyi bir qurğunun istirahət mərkəzində quraşdırılmasına və istifadəsinə görə hansı qurumun konkret məsuliyyət daşıdığından bəhs edilmir. Hələlik, ölümlərlə bağlı hər hansı başqa versiya da səslənmir.

Üstəlik, istirahət mərkəzlərində texniki təhlükəsizlik məsələlərinin vaxtaşırı gözdən keçirilib-keçirilmədiyi sualı da açıq qalır.

8 sentyabr

Şəkidə kanatın trosu qırılıb, iki nəfər ölüb

Sentyabrın 8-də Şəki rayonundakı istirahət mərkəzlərinin birində bədbəxt hadisə olub, iki nəfər ölüb.

İlkin məlumata görə, mərkəzdəki əyləncə qurğusunda texniki nasazlıq baş verib və iki nəfər hündürlükdən yıxılaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Hələlik məsələyə istirahət mərkəzinin rəhbərliyindən və ölənlərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Bu, ölkədəki istirahət yerlərində baş verən ilk belə hadisə deyil. Əvvəllər də oxşar qəzalarda ölənlər olub.

Digər tərəfdən, bəzi ekspertlərin qənaətinə görə, istintaq zamanı faciəni doğuran real səbəblərin üstündən çox vaxt sükutla keçilir.

Bu il kəskin bahalaşan 'qara qızıl'ın hasilatı azalır, SOCAR qazma işlərini sürətləndirir

Neft yatağından qaz da çıxacaq – ekspert: 'Böyük təsiri olmayacaq'
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

2026-cı ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qazma işlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 74.3 faiz artıb.

Bu barədə noyabrın 2-də şirkət özü məlumat yayıb.

Məlumata görə, bu ilin üçüncü rübündə SOCAR 21 min metrdən çox qazma işi həyata keçirib və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 74.3 faiz çoxdur.

Habelə bildirilir ki, 2026-cı ilin üçüncü rübündə Azərbaycanda SOCAR üzrə 6.6 milyon ton xam neft hasil edilib.

Bir qədər əvvəl isə Energetika Nazirliyi 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumilikdə 19.9 milyon ton neft (kondensatla birlikdə) hasil edildiyini açıqlamışdı. Həmin həcmə SOCAR-la yanaşı, "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" və "Abşeron" yataqlarından əldə olunan hasilat da daxil idi.

Bununla da neft hasilatının ötən ilin eyni dövrü ilə müqayisədə 3.86 faiz azaldığı bildirilirdi.

Bu il Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Azərbaycanın "qara qızıl"ı 70 faizdən çox bahalaşıb.

Son illər Azərbaycanda neft hasilatı kəskin azalıb; belə ki, 2010-cu ildə 50.83 milyon ton olan bu rəqəm ötən il 28 milyon tona belə çatmayıb.

Müstəqil iqtisadçılar hesab edirlər ki, Azərbaycan hökuməti qazma işlərini artırmaqla yanaşı, real iqtisadi şaxələndirməyə diqqəti gücləndirməlidir. Onların fikrincə, əks halda dayanıqlı iqtisadiyyat qurmaq istəyi sadəcə söz olaraq qalacaq.

Bəxtiyar Hacıyev həbsxana rəhbərliyindən və nəzarətçilərdən şikayətçidir

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və nəzarətçilərindən şikayətçidir.

Bu barədə onun qardaşı Vüqar Hacıyev sosial şəbəkə hesabında məlumat yayıb.

V.Hacıyevin sözlərinə görə, qardaşı cəzaçəkmə müəssisəsindəki qeyri-insani rəftardan şikayət edir.

O vurğulayıb ki, B.Hacıyev Penitensiar Xidmətin yeni təyin olunmuş rəisi, ədliyyə general-mayoru Sahib Rzayevə müraciət edərək nümayəndə göndərilməsini və şikayətinin araşdırılmasını istəyib.

Amma bu pis rəftarın konkret nədən ibarət olduğu barədə əlavə məlumat verilməyib.

Hələlik bu açıqlamaya Penitensiar Xidmətin yeni rəhbərliyindən və sözügedən müəssisədən münasibət almaq mümkün olmayıb.

S.Rzayev oktyabrın 27-də prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib. O, bu vəzifədə Mirsaleh Seyidovu əvəz edib.

B.Hacıyev bundan əvvəl də 6 saylı Cəzaçəkmə Müəssisəsində hüquqlarının pozulduğunu bildirmişdi.

O vaxt Hacıyevin vəkillə və Ombudsman Aparatı ilə əlaqə saxlamaqda, həmçinin lazımi tibbi yardım almaqda çətinlik çəkdiyi bildirilirdi.

Həmin vaxt da rəsmilərdən konkret bu şikayətə münasibət almaq mümkün olmamışdı. Amma Penitensiar Xidmət bundan əvvəl oxşar şikayətlərə münasibət bildirərkən məhbuslara qarşı heç bir ayrı-seçkilik edilmədiyini və onlarla qanun çərçivəsində davranıldığını açıqlayıb.

Xatırlatma

B.Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs edilərkən ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə sayqısızlıq) maddələri ilə ittiham irəli sürülmüşdü.

İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. kimi əlavə ittihamlar da irəli sürülüb.

Ötən ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi B.Hacıyevə 10 il həbs cəzası kəsib, onun mənzilinin və bank hesabındakı vəsaitin müsadirə olunması barədə qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

B.Hacıyev özünü təqsirli bilmir və bu ittihamların hamısının əsassız olduğunu vurğulayır.

Azərbaycanda əhali dollarını satır

Dollar ucuzlaşır
Gözlə
Embed

No media source currently available

0:00 0:02:38 0:00

2026-cı ilin ötən dövründə Azərbaycanın valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu tendensiya özünü həm nağd, həm də qeyri-nağd seqmentdə aydın büruzə verib.

Mərkəzi Bankın oktyabrın 29-da yaydığı məlumatda deyilir: "2026-cı ilin 9 ayında mübadilə məntəqələrinin müştərilərdən aldığı nağd xarici valyutanın həcmi satışı 759 milyon ABŞ dolları qədər üstələyib. Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi son bir ildə 3.3 faiz bəndi azalaraq, 2026-cı ilin sentyabrında 25.7 faizə enib".

Mərkəzi Bank əlavə edib ki, valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı bir şəraitdə qurum valyuta alışları həyata keçirib: "9 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 33.4 faiz artaraq 15.4 milyard ABŞ dollarına yüksəlib".

Müstəqil iqtisadçılar isə bildirirlər ki, bu il Yaxın Şərqdə gərginliyin artması fonunda neftin bahalaşması ölkənin gəlirlərinə müsbət təsir göstərib. Bununla belə, ekspertlər bu müsbət amilə rəğmən, ölkədə iqtisadi fəallığın xeyli aşağı düşdüyünü və Ümumi Daxili Məhsulda (ÜDM) artımın cüzi olduğunu (bu ilin 9 ayında cəmi 1.5 faiz) vurğulayırlar.

İqtisadçıların fikrincə, mövcud vəziyyət devalvasiya riskini müəyyən müddətə aradan qaldırsa da, ölkədə davamlı iqtisadi inkişafın təmin olunacağına dair şübhələri artırır.

Gələn il yaşayış minimumundakı artım rəsmi inflyasiyadan az olacaq

Ərzaq
Ərzaq

Azərbaycanda 2027-ci il üçün yaşayış minimumunun 14 manat artırılması nəzərdə tutulur. Bu dəyişiklik "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, gələn il ölkə üzrə yaşayış minimumu 314 manat təşkil edəcək. Bu göstərici əməkqabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat olaraq müəyyən edilib. Eyni zamanda, ehtiyac meyarının həddinin də 314 manata çatdırılması proqnozlaşdırılır.

Lakin nəzərdə tutulan 14 manatlıq bu artım rəsmi inflyasiya tempindən aşağıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5.7 faiz yüksəlib. Bununla belə, müstəqil iqtisadçılar rəsmi statistikanın doğruluğuna şübhə edir və son bir ildə real inflyasiyanın ikirəqəmli olduğunu bildirirlər.

Qanun layihəsinin gələn həftə deputatların müzakirəsinə çıxarılacağı gözlənilir.

4 nəfərlik ailənin başçısı: 'Ayda min manat ölməmək üçün bəs edər'
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00


Azərbaycanda tibb işçilərinin sayı bir ildə 2 mindən çox azalıb

Həkimlərin maaşı artdı - Xaricə axın azalacaq?
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Azərbaycanda bütün ixtisaslar üzrə həkimlərin sayı son bir ildə (2024-2025-ci illərdə) 35 min 233-dən 34 min 776 nəfərə, orta tibb işçilərinin sayı isə 57 min 663-dən 55 min 314 nəfərə düşüb.

Bu barədə Dövlət Statistika Komitəsinin oktyabrın 27-də dərc etdiyi "Azərbaycanda qadınlar və kişilər – 2026" statistik məcmuəsində bəhs edilir.

Azalma əsasən qadın tibb işçiləri ilə bağlıdır. Belə ki, onların sayı 54 min 466-dan 52 min 126 nəfərə geriləyib.

Rəsmi qurumlar, hələlik, bu azalmanın səbəbini izah etməyiblər.

Amma son bir ildə Azərbaycanda bir çox həkimlərin, xüsusilə də stomatoloqların ixtisarlarla bağlı şikayətləri eşidilib.

Cavabdeh rəsmi qurumlar isə həmin şikayətlərə cavab olaraq optimallaşdırma tədbirlərinin görüldüyünü diqqətə çatdırıblar.

Mirsaleh Seyidov vəzifəsindən azad edildi

Mirsaleh Seyidov
Mirsaleh Seyidov

Mirsaleh Seyidov Azərbaycan ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsindən azad olunub. Prezident İlham Əliyev oktyabrın 27-də bununla bağlı sərəncam imzalayıb. M.Seyidov 2023-cü ildən bu vəzifəni icra edirdi.

Onun fəaliyyəti ölkədə birmənalı qarşılanmayıb. Xüsusilə siyasi məhbus hesab olunan şəxslər cəzaçəkmə müəssisələrindəki işgəncə şikayətlərinin obyektiv araşdırılmaması, müayinə və müalicə imkanlarının məhdudluğu, eləcə də ümumi saxlanma şəraiti ilə bağlı tez-tez tənqidi fikirlər səsləndiriblər. Penitensiar Xidmət isə bu qəbildən olan tənqidləri əsassız sayıb.

Bəzi hüquq müdafiəçiləri isə hesab edirlər ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində yaşanan bu çatışmazlıqlar sırf Penitensiar Xidmət rəhbərliyinin idarəçiliyindən qaynaqlanmır, bu daha çox sistemin problemidir.

Prezidentin digər bir sərəncamı ilə onun yerinə Sahib Rzayev təyin edilib.

Yeni rəisi kimdir

S.Rzayev də sələfi ilə eyni yaşdadır, o, 1977-ci ildə doğulub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi alıb. O, 2006-cı ilə qədər daxili işlər orqanlarında müstəntiq, 2006–2023-cü illərdə isə Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb.

2025-ci ilin yanvarından Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini, daha sonra isə həmin idarənin rəisi vəzifəsində işləyib.

Azərbaycanda problemli kreditlər son bir ildə 42 faizdən çox artıb

Kredit faizləri niyə artır? 'Ərzaq almaq üçün borca girən də var'
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi yenə artmaqda davam edir. Mərkəzi Bankın bu gün, oktyabrın 27-də açıqladığı hesabata görə, bu il oktyabrın 1-nə ölkə banklarında vaxtı keçmiş kreditlərin məbləği 754.3 milyon manata çatıb.

Son bir ildə problemli kreditlərin həcmində – bəzi aylar (ötən ilin dekabrı, bu ilin iyun və avqust ayları) istisna olmaqla – davamlı artım müşahidə edilib. Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 35, bir il əvvəlki dövrlə nisbətdə isə 42 faizdən çox artıb.

Rəsmi qurumlar problemli kreditlərdəki bu artım tendensiyasını hələlik şərh etməyiblər. Müstəqil ekspertlər isə bu prosesi birbaşa əhalinin maddi durumunun və alıcılıq qabiliyyətinin getdikcə pisləşməsi ilə əlaqələndirirlər.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, nəticədə manat iki dəfədən çox dəyər itirmişdi. O dövrdə problemli kreditlərin məbləğinin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman imzaladı. Həmin fərmana əsasən, 10 min dollara qədər kredit götürmüş fiziki şəxslərin 2015-ci il devalvasiyaları nəticəsində yaranmış borc fərqini dövlət ödədi. Bu addımdan sonra problemli kreditlərin həcmi azaldı.

2021-ci ilin əvvəlində vaxtı keçmiş kreditlərin yenidən artdığı açıqlandı və bu tendensiya koronavirus pandemiyası ilə əlaqələndirildi. 2022-ci ildə isə problemli kreditlərin azaldığı vurğulanırdı. Amma son bir ildə, əsasən, tam əks proses müşahidə edilir.

AXCP üzvünün 10 sutka həbs edildiyi bildirilir

Layiq Rəşidov
Layiq Rəşidov

Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin üzvü Layiq Rəşidovun 10 sutka inzibati həbs cəzası aldığı deyilir. AXCP onun əsassız yerə həbs olunduğunu hesab edir.
Partiyadan bildirilir ki, O, Xətai Rayonunun 35-ci Polis Bölməsinə aparılıb və sosial şəbəkələrdəki paylaşımlarına görə, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə günahlandırılıb.

Həmin maddə internetdə və ya informasiya-telekommunikasiya şəbəkəsində qanunla yayılması qadağan edilən məlumatların yerləşdirilməsi ilə bağlıdır. Maddəyə əsasən, fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə edilə bilər. Qanunvericilikdə nəzərdə tutulan hallarda bir ayadək inzibati həbs də tətbiq oluna bilər.

Lakin, partiyadan başqa detallar açıqlanmayıb.AXCP-nin vurğulamasına görə, bu, 2026-cı ildə partiya üzvlərinin üzləşdiyi 10-cu inzibati həbsdir. Hələlik partiyanın bu açıqlamasını rəsmi qurumlardan dəqiqləşdirmək və onlardan münasibət almaq mümkün olmayıb.

L.Rəşidov iki gün əvvəl "Facebook" səhifəsində partiyanın həbsdə olan rəhbər şəxslərin müdafiəsi ilə bağlı paylaşım etmişdi.

Xatırlatma

Son illər AXCP-nin bir çox üzvü vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20 civarında üzvü isə uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Hüquq müdafiəçilərinin hazırladığı son siyahıya əsasən, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 322 siyasi məhbus var. Lakin rəsmi qurumlar, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətinə görə həbslərin olması ilə bağlı iddiaları əsassız sayırlar. Onlar mühakimə olunan şəxslərin sırf törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edildiyini vurğulayırlar.

Pərviz Şahbazov rusiyalı həmkarı ilə görüşdü: Azərbaycan Rusiyadan yenidən qaz alır?

Azərbaycan Avropaya Rusiya qazı satmadığını sübut etməlidir
Gözlə

No media source currently available

0:00 0:06:57 0:00

Moskvada Azərbaycan ilə Rusiya arasında enerji əməkdaşlığının gündəliyində duran aktual məsələlər müzakirə olunub. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkə hesabında məlumat verib.

Nazir bildirib ki, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşü və 8-ci Sammiti çərçivəsində rusiyalı həmkarı Sergey Tsivilyovla görüşüb. Görüş zamanı həm GECF çərçivəsində tərəfdaşlıq, həm də Azərbaycan-Rusiya enerji əməkdaşlığının aktual bəndləri ətrafında fikir mübadiləsi aparılıb.

Bir sıra kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, rəsmi Bakı Rusiyanın "Qazprom" şirkətindən yenidən qaz almaq niyyətindədir. Azərbaycan 2022-ci ildə də sözügedən şirkətlə qaz tədarükünə dair müqavilə imzalamışdı. Həmin razılaşmaya əsasən, 2022-ci ilin noyabrından 2023-cü ilin martına qədər Rusiyadan Azərbaycana 1 milyard kubmetrə yaxın qazın nəqli nəzərdə tutulurdu. Lakin son illərdə Azərbaycanın sanksiyalar altında olan şimal qonşusundan qaz idxalını əhəmiyyətli dərəcədə azaltdığı bildirilirdi.

Xatırlatma

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzə başlayıb, bundan səkkiz il əvvəl isə Ukraynanın Krım yarımadasını ilhaq etmişdi. Yeni müharibənin başlaması ilə Qərb ölkələri və bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdiriblər. Azərbaycan bu sanksiyalara qoşulmasa da, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bu ölkəyə humanitar yardım göstərdiyini dəfələrlə bəyan edib.

Azərbaycanda mal əti istehsalı azalıb, idxalı kəskin artıb

Azərbaycanlı avropalıdan iki dəfə az ət yeyir, amma... 'Qiymət artımı qaçılmazdır'
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Azərbaycanda mal əti və ət məhsullarının istehsalı azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bugünlərdə açıqlanan "Azərbaycanın ərzaq balansları-2026" statistik məcmuəsində bildirilir.

Hesabata əsasən, 2025-ci ildə mal əti və ət məhsullarının istehsalı 150 min 479 ton təşkil edib. 2024-cü ildə bu göstərici 152 min 878 ton olmuşdu. Beləliklə, illik istehsal 2 min 399 ton, yəni 1.6 faiz azalıb.

Yerli istehsaldakı geriləmə cüzi olsa da, idxalda kəskin artım qeydə alınıb. Eyni balans cədvəlinə əsasən, idxalın həcmi 2024-cü ildəki 19 min 937 tondan 2025-ci ildə 29 min 619 tona yüksəlib (+48.6 faiz).

İstehsalın azalması və idxalın kəskin artması qiymətlərə də birbaşa təsir edib. Son aylarda Azərbaycanda dana əti daha da bahalaşmaqdadır. Artıq Bakıda dana ətinin kiloqramı 19 manata, sümüksüz ət isə 23-25 manata təklif olunur. Halbuki ötən ilin müvafiq dövründə ölkədə dana ətinin kiloqramı 16 manata, iki il əvvəl isə 13-14 manata satılırdı.

Ekspertlər bu bahalaşma tendensiyasının bir müddət də davam edəcəyini proqnozlaşdırırlar. Onlar bildirirlər ki, son illər ölkədə həm mal-qaranın baş sayı azalıb, həm də yem məhsulları bahalaşıb. Mütəxəssislər onu da vurğulayırlar ki, son dövrlər pambıq əkininin genişləndirilməsi səbəbindən örüş və otlaq sahələrində ciddi azalma müşahidə olunur.

'Naxçıvan Aqroservis'in sədri həbs edilib

Korrupsiyadan danışana təzyiq qadağan edildi, bəs kim inanacaq?
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

"Naxçıvan Aqroservis" ASC-nin sədri həbs olunub. Bu barədə məlumatı oktyabrın 22-si günün ikinci yarısında Naxçıvan MR-in bəzi media orqanları yayıb.

Məlumata görə, dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək saxlanılan İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində həbs-qətimkan tədbiri seçilib.

Müstəntiqin vəsatəti və prokurorun təqdimatı ilə Naxçıvan şəhər Məhkəməsi C.Ağaməliyev barəsində 4 aylıq həbs qərarı verib.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumun rəhbəri dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Naxçıvan Prokurorluğunda onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi açılıb.

Hələlik ittihama və məhkəmə qərarına müdafiə tərəfinin mövqeyini öyrənmək mümkün olmayıb.

Bu ittihamla şəxsi 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Xatırlatma

1995-ci ildən Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbovun 2022-ci ildəki istefası muxtar respublikada dəyişikliklərə səbəb olmuşdu. Həmin il dekabrın 22-də prezident İlham Əliyev bura səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini göndərdi və ardınca bir çox rəsmi şəxs mənimsəmə ittihamı ilə istintaqa cəlb edildi.

Ötən il F.Nəcəfli də işdən çıxarılaraq yerinə MR baş naziri Ceyhun Cəlilov təyin olunub.

1924-cü ildə yaradılan Naxçıvan MR-in Azərbaycanın digər əraziləri ilə quru sərhədi yoxdur; o, Türkiyə, Ermənistan və İranla həmsərhəddir.

Son bir ildə Azərbaycandan İrana gedənlərin sayı 44 faizdən çox azalıb

Yaxın Şərqdəki gərginlik Azərbaycanda turizm mövsümünü 'vurdu': 60 faiz azalma
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 831.8 min xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azdır. Gələnlərdən ən çox- 27.1 faizi Rusiyanın, 19.4 faizi Türkiyənin, 7.7 faizi İranın və 4.9 faizi isə Gürcüstanın payına düşüb.

2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 6.1 faiz, MDB ölkələrindən gələnlərin sayı 4.3 faiz artıb, Körfəz ölkələrindən gələnlərin sayı isə 32 faiz azalıb.

Eyni zamanda, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı da 1.8 faiz azalaraq 1 milyon 575.3 min nəfərə düşüb. Onların da ən çoxu- 44 faizi Türkiyəyə (ötən ilin eyni dövrünə nisbətən 2.3 faiz çox), 14.6 faizi Rusiyaya (2 faiz az), 13 faizi Gürcüstana (17.6 faiz çox) və 5.1 faizi isə İrana (44.5 faiz az) yollanıb.

Son illər Azərbaycana gələn xarici turistlərin sayında azalma diqqət çəkir. Ekspertlər bu geriləməni, əsasən, ölkədəki turizm şəraitinin bəzi qonşu dövlətlərə nisbətən əlverişsiz olması ilə əsaslandırırlar. Onlar bildirirlər ki, Azərbaycanda turizm qiymətləri qonşu ölkələrlə, xüsusilə də Gürcüstanla müqayisədə xeyli yüksəkdir.

Digər tərəfdən, 2020-ci ilin əvvəlindən bəri koronavirus pandemiyası səbəbindən Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Pandemiya dövrü geridə qalsa da, bu qadağanın hələ də qüvvədə saxlanmasını rəsmilər təhlükəsizlik amili ilə, ekspertlər isə hökumətin iqtisadi maraqları (ölkədən valyuta axınının qarşısını almaq və s.) ilə izah edirlər.

Azərbaycan vətəndaşlarının xaricə gedişindəki azalma isə daha çox İran amili ilə bağlıdır. Ötən ilin sonlarında İranda baş verən xalq etirazları, bu il isə İsrail və ABŞ-la yaşanan hərbi gərginlik bu ölkənin cəlbediciliyini xeyli azaldıb.

Lakin İrana gediş-gəlişin kəskin azalması əsasən 2020-ci ildə pandemiyaya görə quru sərhədlərinin bağlanmasından sonra başlayıb. Əvvəllər Azərbaycan vətəndaşlarının ora daha çox quru yolla — ucuzluq olduğu üçün alış-veriş məqsədilə getdiyi bildirilirdi. Həmçinin, İrana müalicə almaq və dini məkanları ziyarət etmək üçün yollananların da sayı az deyildi.

Azərbaycan NATO ilə tərəfdaşlığı dərinləşdirməyi müzakirə edib

Rusiya ilə münasibətləri korlanan Azərbaycan NATO-ya üz tuta bilərmi?
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.

Bu barədə məlumat Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Paylaşımda tərəflərin tərəfdaşlığın dərinləşdirilməsi, eləcə də siyasi, hərbi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ortaq istəklərini təsdiqlədikləri bildirilir.

Xatırlatma

Azərbaycan-NATO əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir. 2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-cü ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaq üçün rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında isə prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını təsdiqləyib.

Buna baxmayaraq, Azərbaycan rəsmiləri son illər ölkə qarşısında NATO-ya üzvlük məqsədinin qoyulmadığını açıq şəkildə bəyan edirlər. Müxalifət isə bunu hökumətin islahatlara hazır olmaması və Rusiyanın mövqeyinin nəzərə alınması ilə izah edir.

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

TƏBİB ləğv edilirmi?
Gözlə
Embed

No media source currently available

0:00 0:03:44 0:00

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Prezident İlham Əliyev bu gün, oktyabrın 19-da bununla bağlı müvafiq fərman imzalayıb.

Fərman səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə izah edilib.

TƏBİB 2018-ci ildə dövlət başçısının fərmanı ilə təsis edilib. Rəsmi açıqlamaya görə, publik hüquqi şəxs olan qurumun əsas məqsədi dövlət tibb müəssisələrini idarə etmək və icbari tibbi sığorta sistemində xidmət keyfiyyətini yüksəltmək olub. Qurum yaradılarkən Səhiyyə Nazirliyinin bir çox səlahiyyətləri də ona dövr edilmişdi.

Son illər TƏBİB rəhbərliyinin fəaliyyətindən narazılıqlar və müxtəlif şikayətlər yaranıb. Hətta bu ilin yanvarında işdən çıxarıldıqlarını iddia edən bir qrup stomatoloq qurumun inzibati binası qarşısında etiraz aksiyası da keçirib. TƏBİB isə cavabında qurumda şəffaflıq və optimallaşdırma işlərinin aparıldığını bildirib.

Səhiyyə naziri dəyişdi: Yeni nazir TƏBİB-dəndir

Prezidentin digər sərəncamı ilə Anar Bayramov yeni səhiyyə naziri təyin edilib. 2022-ci ilin əvvəlindən bu postu tutan Teymur Musayev isə baş nazirin müavini vəzifəsinə gətirilib.

Yeni nazir A.Bayramov bu il aprelin 14-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunmuşdu.

Davamı

XS
SM
MD
LG