ABŞ prokurorları Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-ə 6 aylıq həbs cəzası istəyiblər.
O 2017-ci ildə Rusiyanın Vaşinqtondakı keçmiş səfiri ilə əlaqələri barədə FTB-yə yalan ifadə verdiyini etiraf etmişdi.
Prokurorluğun 7 yanvar qərarı prezident Donald Trump-ın keçmiş yaxın müşaviri barədə əvvəlki qərardan ciddi şəkildə fərqlənir. Bundan əvvəl prokurorlar onun ABŞ xüsusi prokuroru Robert Mueller-in təhqiqatı ilə əməkdaşlıq etməsini nəzərə alaraq Flynn üçün yalnız şərti sınaq müddəti istəmişdilər.
61 yaşlı Flynn təqsirini 2017-ci il, dekabrın 1-də Vaşinqtonda keçirilən məhkəmədə etiraf etmişdi.
O etiraf etmişdi ki, Rusiyanın ovaxtkı səfiri Sergei Kislyakla müzakirələri barədə Trump-ın keçid komandasının vəzifəli üzvlərinə bu danışıqlardan əvvəl və sonra məlumat verib.
Flynn bildirmişdi ki, o müzakirələr zamanı Rusiyadan, Moskvanın üzərinə ABŞ seçkisinə müdaxiləsi ilə bağlı keçmiş prezident Barack Obamanın qoyduğu sanksiyalara sərt reaksiya verməməyi xahiş edib.
Flynn təqsirini etiraf etdikdən sonra onun vəkilləri Mueller-in təhqiqatına qarşı inadkar mövqe nümayiş etdirmiş və prokurorları Flynn-in xeyrinə olan sənədləri açıqlamamaqda ittiham etmişdilər.
Prokurorlar bu iddiaları rədd ediblər və bildiriblər ki, Flynn əməllərinə görə məsuliyyətini dərk etməyib və buna görə də müəyyən müddətdə həbsxana cəzası çəkməlidir.
Trump-ın seçki kampaniyasının baş məsləhətçisi olmuş Flynn daha sonra onun tərəfindən ilk milli təhlükəsizlik müşaviri vəzifəsinə təyin edilmişdi.
Lakin Flynn Kislyakla əlaqələri faş olandan 24 saat sonra istefa vermişdi.
Flynn-in vəkilləri prokurorların yeni tövsiyəsinə yanvarın 13-dək münasibət bildirməlidirlər.
Bu iş üzrə hökm yanvarın 28-də elan ediləcək.