Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:57

Kreml deyir ki, Flynn-Kislyak görüşünün Putinin qərarında rolu olmayıb


Flynn (solda) və Vladimir Putin RT-nin 2015-ci ildə keçirilmiş 10 illiyi yubileyində
Flynn (solda) və Vladimir Putin RT-nin 2015-ci ildə keçirilmiş 10 illiyi yubileyində

Kreml bildirir ki, Vladimir Putin ötən il Birləşmiş Ştatların yeni sanksiyalarına dərhal cavab verməmək qərarını Michael Flynn-in heç bir təsiri olmadan “tamamilə müstəqil qəbul edib.

Kremlin sözçüsü Dmitri Peskov bu bəyanatı dekabrın 4-də, qısa müddətdə ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik müşaviri olmuş Flynn özünün Rusiya ilə əlaqələrinə dair FTB-yə yalan məlumat verdiyini etiraf edəndən üç gün sonra verib.

Flynn həmçinin, Donald Trump-ın yaxın çevrəsinin 2016-cı ilin prezident seçkisi kampaniyası zamanı hərəkətlərini araşdıran xüsusi prokuror Robert Mueller-in təhqiqatı ilə əməkdaşlıq etməyə razılıq verib.

ABŞ prokurorları deyirlər ki, Flynn və Rusiyanın ABŞ-dakı ovaxtkı səfiri Sergey Kislyak, Obama administrasiyasının Rusiyanın seçkiyə müdaxiləsi ilə bağlı Moskva üzərinə qoyduğu sanksiyaları müzakirə ediblər.

Birləşmiş Ştatlar o vaxt Rusiyanın iki əsas xüsusi xidmətini kibercasusluqda ittiham etmiş, Rusiyanın 35 diplomatına ölkənı tərk etmək əmri verilmiş və Rusiyanın ABŞ-dakı iki diplomatik şəhərciyi müsadirə olunmuşdu.

Bunun ardınca yanvar ayında ABŞ-ın kəşfiyyat orqanları, Rusiya hökumətinin 2016-cı ilin seçkisinə Trump-ın tərəfində müdaxiləyə əlaqələndirilmiş cəhdlər göstərdiyini bildirmişdi.

Putin dekabrın 30-da bəyan etmişdi ki, Moskva Trump-ın rəhbərliyi altında iki ölkə arasında münasibətlərin necə inkişaf edəcəyini gözləyəcək və buna görə də hələlik yeni sanksiyalara heç bir reaksiya verilməyəcək.

Lakin ABŞ millət vəkilləri Rusiyanın üzərinə yeni sanksiyalar qoyan qanunu qəbul etdikdən sonra Moskva, özünün dediyi kimi cavab tədbirinə əl atmış və Rusiyadakı ABŞ diplomatik missiyasının kəskin ixtisarını tələb etmişdi.

Dekabrın 4-də verdiyi bəyanatda Peskov israr edib ki, Flynn-in Rusiyanın ovaxtkı səfiri Sergey Kislyakla söhbətləri Putinin ABŞ sanksiyalarına reaksiyasını təsirləndirməyib.

O deyib ki, Rusiya prezidentinin, Flynn-in iddia olunduğuna görə sanksiyalara dərhal cavab verilməməsi barədə ricasından xəbəri olmayıb.

İddiaları “absurd” adlandıran Peskov deyib ki, Flynn Kislyakdan belə bir xahiş etmək səlahiyyətində deyildi.

Sözçü deyib ki, Putinin ABŞ-ın sanksiyalarına dərhal cavab verməmək qərarı “heç bir xahiş və ya tövsiyələrlə əlaqədar ola bilməzdi”.

Flynn-i FTB-yə yalan dediyinə görə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Lakin onun cəzası həm də istintaqla əməkdaşlığının dərəcəsindən asılı olacaq.

Flynn Trump-ın milli təhlükəsizlik müşaviri vəzifəsindən ötən fevralda səfir Kislyakla görüşü barədə vise-prezident Mike Pence-ə yanlış məlumat verdiyinə görə istefa edib.

Flynn bu işlə əlaqədar barəsində cinayət işinə başlanan dördüncü şəxsdir. Ötən oktyabrda Trump seçki kampaniyasının keçmiş başçısı Paul Manafort və onun biznes şəriki Rick Gates-ə qarşı federal orqanlara yalan məlumat vermək ittihamı üzrə cinayət işi qaldırılıb.

Trump-ın keçmiş xarici işlər müşaviri George Papadopoulos da FTB agentlərinə yalan danışdığını etiraf edib və Mueller-in təhqiqatı ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG