Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Prezident seçkiləri apreldə yox, oktyabrda keçirilsəydi...


İ.Əliyev səs verir. 11 aprel 2018
İ.Əliyev səs verir. 11 aprel 2018

Bu il Azərbaycanda oktyabrda keçirilməli prezident seçkiləri təxminən 6 ay önə çəkildi və aprelə təyin edildi. Hakimiyyət niyə tələsdi? Seçkilər yazda deyil, indi keçirilsəydi, nə baş verəcəkdi? O zaman bəzi rəsmilər bunu gözlənilən islahatlarla izah edirdilər. Hətta Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qətiyyətli addımlar atılacağı haqda proqnoz və ehtimallar da az səslənmirdi.

İslahatlar keçirildimi? Münaqişənin həllində hansı addım atıldı? Nə dəyişdi? Seçki indi keçirilsəydi, nə baş verəcəkdi?

Məsələyə münasibətdə şərhlər haçalanır.

M.Əliyev
M.Əliyev

M.Əliyev: «Hakimiyyətdaxili savaş şiddətlənə bilərdi»

«Problem hakimiyyətdaxili mübarizə ilə bağlı idi, qrupların savaşı gedirdi. Seçkilər oktyabrda keçirilsəydi, bu savaş daha da şiddətlənə bilərdi. Komanda daxilində indi gedən proseslər göstərir ki, tələsməyə səbəb vardı», – «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev deyir. Onun sözlərinə görə, məqsəd proseslərin genişlənməsinin qarşısını almaq idi.

«Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ətrafında gedən proseslər, Gəncə hadisələri, APA məsələsi və başqa proseslər də bura daxildir. Bu, klanlararası mübarizənin göstəricisidir. Gələn məlumatlara görə, Naxçıvan klanı oktyabra səfərbər olmalı idi, hansısa hadisələr baş verməli idi», – Əliyev qeyd edir.

Onun qənaətincə, Azərbaycanda maraqları olan beynəlxalq güclər də hakimiyyət daxilində gedən prosesləri bildiklərindən seçkilərin tezləşdirilməsinə mane olmadılar, əksinə, ölkə başçısı İlham Əliyevin tərəfində durdular.

Agentlik rəhbəri deyir ki, İ.Əliyev atası Heydər Əliyevin fəndindən istifadə edərək problemin böyüməsinə, nəzarətdən çıxmasına imkan vermədi.

R.Mirqədirov
R.Mirqədirov

R.Mirqədirov: «Azərbaycan Rusiyanın növbəti qurbanı ola bilərdi»

Avropada yaşayan siyasi şərhçi Rauf Mirqədirovun isə seçkilərin erkən keçirilməsinin hakimiyyətdaxili proseslərlə bağlı olmadığını, prezidentin komandasına nəzarət edə bildiyini düşünür. Siyasi şərhçi seçkilərin vaxtının tezləşdirilməsini ölkədən kənarda gedən proseslərlə izah edir: «Mən hələ apreldə demişdim ki, yayda Rusiyada futbol üzrə Dünya Çempionatı başa çatandan sonra bu ölkə ətrafında vəziyyət gərginləşəcək. Söhbət Suriya ətrafında baş verənlərdən, ABŞ-ın sanksiyalarından, Skripalların zəhərlənməsi ilə bağlı proseslərdən gedir. Gərginlik müharibə həddindədir. Rusiyada müstəqil sosioloji sorğu aparan qurumlar yoxdur, hamısı hakimiyyətə yaxındır, ancaq onlar belə etiraf edirlər ki, prezident Vladimir Putinin reytinqi çox aşağıdır, 2012-ci ildən belə aşağıdır. Hətta Krımın ilhaqından qabaq belə reytinqi bu qədər düşməmişdi».

R.Mirqədirov, adətən, belə durumlarda Putinin keçmiş MDB ölkələrinə hücum edərək reytinqini artırdığını deyir, o, Rusiyanın 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Ukraynaya hücumunu, Krımın ilhaqını yada salır. Siyasi şərhçi Rusiyanın yenə eyni taktikadan yararlanmaq niyyətinin olduğunu və bu durumda Azərbaycanın «növbəti qurban» olacağını istisna etmir: «Hakimiyyət təhqiqat mərkəzləri ilə işləyir və nəticələri hesablayır. Hakimiyyət bu şəraitdə seçkilərin ağrılı nəticə verə biləcəyini düşündüyündən qarmaqarışıqlıq dövründə seçkilərə getmək istəmədi. Azərbaycan iqtidarı hakimiyyətini qorumaq baxımından düzgün addım atdı».

Z.Oruc
Z.Oruc

«Cənubi Qafqazla bağlı siyasi ssenarilər zəif bənd olaraq Ermənistanı vurdu»

«Seçkilər 15 oktyabr 2018-ci ildə də keçirilsəydi, nəticə dəyişilməz qalacaqdı, İlham Əliyevin qələbəsi ilə başa çatacaqdı, sadəcə, müxtəlif ssenarilər əsasında daxildə iqtisadi, siyasi gərginliklər yaradılacağı şübhəsiz idi. Düşünürəm ki, hakimiyyət özünü bundan sığortalaya bildi, beynəlxalq təhlükələrdən özünü qorumaq məqsədilə seçkilər önə çəkildi», – həmin prezident seçkilərində namizədliyini vermiş, hakim komandanı dəstəkləyən deputat Zahid Oruc da seçkilərin önə çəkilməsini məhz Rusiya amili ilə bağlayır.

«Həmin dövrdə Cənubi Qafqazla bağlı hazırlanan siyasi ssenarilər vardı. Ssenari Azərbaycandan yan keçdi, zəif bənd olaraq Ermənistanı vurdu, orada yaranan hakimiyyət böhranı İrəvanı bu hadisələrin episentrinə saldı. Orda hələ də dövlətçilik məsələlərinin küçədə dartışılması onu göstərir ki, Rusiyanın Qafqazda müharibə, inqilabi ssenariləri vardı. Seçkilərin keçirilməsi imkan verdi ki, Azərbaycan regionda maraqları olan dövlətlər arasındakı savaşın ortasında qalmasın. Öncədən planlanan hadisələr ayrı-ayrı namizədlərin timsalında seçki davasında təzahür etmədi», – deyən Z.Oruc şübhə etmir ki, son aylarda Qərbin Rusiya, ABŞ-ın İranla davası Azərbaycandakı seçki mübarizəsinə hansısa formada təsir göstərəcəkdi.

Deputatın fikrincə, oktyabr seçkiləri vətəndaş toqquşmaları, müxtəlif maraq qrupları arasındakı davayla əlamətdar ola bilərdi, eyni zamanda, beynəlxalq medianın 2-3 aylıq davamlı hücumları başlaya bilərdi: «Amma seçkilərin önə çəkilməsi bəzi qüvvələri fiks vəziyyətində yaxaladı».

N.Paşinyan və İ.Əliyev
N.Paşinyan və İ.Əliyev

Təhlükə sovuşdumu? Qarabağı kim yada salıb?

R.Mirqədirov isə təhlükənin sovuşmadığını qeyd edir. O, son zamanlar Qarabağ münaqişəsinin toplumun gündəminə gətirilməsini təsadüfi saymır və bunun arxasında hakimiyyətin dayandığını istisna edir: «Bizim hakimiyyət suisidə gedəcək, intihar edəcək hakimiyyət deyil. O bilir ki, Qarabağda hərbi əməliyyatlar suisid deməkdir. Azərbaycanda çoxları səmimi şəkildə düşünür ki, Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlişindən sonra bu ölkənin Rusiya ilə münasibətlərinin soyumasından istifadə edib işğal altındakı torpaqları azad etmək mümkündür. Amma belə bir əməliyyat zamanı müharibə alovlanacaq və Rusiya burdakı proseslərə əl qoyaraq həm prosesi nəzarətə götürəcək, həm də ölkəsində imicini bərpa edəcək. Bütün dünyanı da inandıracaq ki, ondan başqa kimsə burda sabitlik yarada bilməz. Mən son yazılarımda dəfələrlə demişəm, indiki halda Qarabağın azad edilməsi Azərbaycanın müstəqilliyi hesabına başa gələ bilər. Hakimiyyət bunu gözəl bildiyindən özünü qorumağa çalışır. Bu gün Azərbaycanda bilərəkdən, ya bilməyərəkdən Qarabağ kartından yenə istifadə edilir».

Siyasi şərhçiyə görə, bu gün Azərbaycan «təhlükəli və ağrılı» dönəmdən keçir.

İ.Əliyev hakimiyyətə 2003-cü il 15 oktyabr seçkilərindən sonra gəlib. Onun hakimiyyəti dövründə keçirilən seçkilər həmişə mübahisələrə yol açıb, beynəlxalq müşahidəçilər seçkilərdə pozuntuların olduğunu, bütün namizədlərə bərabər şərait yaradılmadığını deyiblər. Hakimiyyət isə tənqidləri rədd edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG