Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:31

Prezident BMT tribunasından 'pulsuz müayinə' deyəndə nəyi nəzərdə tuturmuş?


Prezident İlham Əliyev, BMT-nin 72-ci sessiyasında çıxış edir, Nyu York, 20 sentyabr 2017
Prezident İlham Əliyev, BMT-nin 72-ci sessiyasında çıxış edir, Nyu York, 20 sentyabr 2017

“Böyük Britaniyada infarkt keçirən bir adamın ürəyinə stend qoyulmalıdırsa və ya şuntlama aparılmalıdırsa, bilir ki, bunu dövlət hesabına rahatca etdirə biləcək. Amma bizdə bu, real deyil. Yük vətəndaşın çiyninə düşür və bəzən də ona çox böyük çətinliklər yaradır”.

“Hər il 5 milyondan artıq insan, yəni ölkə əhalisinin yarısı tamamilə dövlət büdcəsindən maliyyələşən tibbi yoxlamadan keçir”,

– Azərbaycanın dövlət başçısı İlham Əliyev sentyabrın 20-də BMT-dəki çıxışında belə deyib.

Prezidentin səsləndirdiyi bu rəqəmlə bağlı mütəxəssislər fərqli fikir söyləyirlər.

Buna da bax: 'Avromed' şirkətinə 'çirkli pul fondundan' 130 milyon dollar köçürülüb

“Dövlətin tibb müəssisələrində qeydiyyatdan keçənlərin statistikasıdır”

Tibb elmləri doktoru, professor Adil Qeybullanın qənaətincə, bu rəqəm ilboyu dövlətin səhiyyə strukturlarında qeydiyyatdan keçən insanların sayına əsasən götürülüb:

Adil Qeybulla, 2013
Adil Qeybulla, 2013

“Amma bizdə icbari tibbi sığorta olmadığından bunu birmənalı demək çətindir. Vətəndaşların sosial müdafiəsinin mühüm elementi sayılan icbari sığortanın olmaması onların səhiyyə xidmətindən tam yararlanmasına imkan vermir. Amma dövlət tabeliyindəki səhiyyə ocaqlarından qeydiyyatdan keçən insanların sayı, ola bilsin, ona uyğun gəlsin. Çox güman, bu statistika Səhiyyə Nazirliyi tərəfindən verilib. Azərbaycanda icbari tibbi sığorta işə düşərsə, əlbəttə, bu rəqəm daha çox və daha real olar”.

Buna da bax: AvroMed şirkətinin “pulyuyan maşından” milyonlarla dollar aldığı güman edilir​

“ASAN xidmət”in pulsuz müayinəsindən keçənlərdir”

İqtisadçı Natiq Cəfərli isə prezidentin “ASAN xdimət”in təşkil etdiyi səyyar tibbi müayinələri nəzərdə tutduğunu güman edir. Ancaq o da rəqəmin reallığı əks etdirmədiyini düşünür:

“Xəbərlərdə, mediada “ASAN xidmət”in avtobusları vasitəsilə regionlarda və şəhərlərdə poliklinikalarda belə bir kampaniyanın getdiyini görürük. Hamımızın çevrəsi var, qohumu-tanışı var. Amma mən öz çevrəmdən – çevrəm də elə dar deyil – hələ bir nəfərin pulsuz müayinədən keçdiyinə şahidlik etməmişəm. Bu xidmətdən nə qədər insanın istifadə etdiyini söyləmək çətindir. Ancaq prezidentin dediyi kimi, hər iki adamdan biri bu müayinədən keçsəydi, bir bilgimiz olardı. Şəxsən məndə belə bilgi yoxdur”.

Natiq Cəfərli
Natiq Cəfərli

Adı çəkilən qurumun saytında deyilir ki, “ASAN xidmər” vaxtaşırı yerlərdə səyyar tibbi müayinələr aparır. Məqsəd də “əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir”. Amma müayinədən keçənlərin sayı göstərilmir.

“Böyük Britaniyada vətəndaşın tibb xərcini dövlət üzərinə götürüb”

Bu gün Azərbaycanda keyfiyyətli pulsuz müayinə mümkündürmü? Professor Adil Qeybulla cavab verir ki, bunu demək çətindir, dərhal da başqa ölkədən örnək gətirir. Onun sözlərinə görə, normal ölkələrdə vətəndaşlar icbari tibbi sığortadan yararlanırlar və dövlət vətəndaşın bütün xərclərini üzərinə götürür, hətta ən ağır əməliyyatlar da daxil olmaqla:

“Böyük Britaniyada infarkt keçirən bir adamın ürəyinə stend qoyulmalıdırsa və ya şuntlama aparılmalıdırsa, bilir ki, bunu dövlət hesabına rahatca etdirə biləcək. Amma bizdə bu, real deyil. Yük vətəndaşın çiyninə düşür və bəzən də ona çox böyük çətinliklər yaradır”.

Buna da bax: Dövlət xəstəxanaları publik olandan sonra... [video]​

Adil Qeybulla deyir ki, Azərbaycanda da “bu yükü” dövlətin üzərinə götürməsini istəyir.

“Ancaq təəssüflər olsun ki, bu mümkün deyil. Çünki icbari tibbi sığortanın özü xeyli xərc tələb edir. Əslində, bu sistemin işə düşməsinin yubadılmasının səbəbi də budur”,

– söyləməklə professor fikrini izah edir.

Natiq Cəfərli isə düşünür ki, Azərbaycanda təxminən 18 ildir icbari tibbi sığortanın həllini tapmamasının iki başlıca səbəbi var:

Sumqayıt, uşaq klinikası, 12 iyun 2017
Sumqayıt, uşaq klinikası, 12 iyun 2017

“Bu məsələ iki yerdə düyünə düşüb. Birincisi, icbari tibbi sığortanın tətbiqindən ötrü idarəetmə islahatları gerçəkləşdirilməlidir ki, effekt versin. İkincisi, icbari tibbi sığortanın işləməsi üçün “ağ mühasibatlıq” və müqavilə şərtləriylə çalışanların sayının çox olması vacibdir. Hər iki məsələdə ciddi problemlər var. Bir tərəfdən, hökumət idarəetmədə islahatlara getmək istəmir. İlk növbədə dövlət müəssisələri hüquqi şəxslərə çevrilməli, onlara özünü idarəetmə statusu verilməlidir. Bununla da Səhiyyə Nazirliyindən və başqa dövlət qurumlarından asılı vəziyyətdə qalmamalıdırlar. İkinci məsələ əmək müqavilələri ilə bağlıdır. Azərbaycanda 6 milyona yaxın əməkqabiliyyətli insan var. Muzdla çalışanların sayı 1,6 milyon nəfərdir. Bunun da 900 mindən çoxu dövlət qurumlarında çalışır, yerdə qalanı isə özəl sektorda. Yalnız 1,6 milyon insan müqaviləsi olduğundan icbari sığortaya cəlb edilə bilər. Qeyri-leqal işləyənlərin sayı isə həddən çoxdur və bu səbəbdən də problem illərdir həll olunmur”.

Roza Əliyevanın çıxış yolu

Bakının Əhmədli qəsəbəsində yaşayan Roza Əliyeva da son vaxtlar səhhətindən şikayətçidir. Danışır ki, əvvəllər türkəçarəylə dərdinə əncam qılarmış, amma daha bu kara gəlmir. Odur ki, “əməlli-başlı, dərindən” müayinə” olunmalıdır, bunun üçün yetərincə vəsaiti olmadığından payızı gözləyir:

“150 manat pensiya alıram. Onunla hara gedim? Ona görə gəlinimlə yaydan bir balaca tədarük görməyə başladıq. Qonşuların yorğan döşəyini, palazını yuduq, allah bərəkət versin, pis olmadı. Havalar, hələlik, isti keçir, müştərimiz də var, belə getsə, həm özüm həkimə gedəcəm, həm də iki nəvəmi də göz həkiminə apara biləcəm”.

60 yaşlı Roza xanım deyir ki, bu yaşa gəlib hələ bir dəfə pulsuz müayinə, ya müalicə olunmayıb:

“Burda pul verməsən, sənə kim baxar? Bəlkə kənddə-kəsəkdə həkim hörmət edib səni bir az gözlər ki, əlinə pul düşəndə aparıb verəsən. Bakıda pulun olmasa, yaralı barmağa bir sarğı da vurmazlar”.

Natiq Cəfərlinin fikrincə, Azərbaycanda pulsuz müayinələrin yerinə işlək mexanizmlər tətbiq olunsa, daha yaxşı olardı, məsələn, Türkiyədə “yaşıl kart” sistemi sayəsində aztəminatlı ailələrin bütün tibb xərcləri dövlət tərəfindən ödənilir.

“Əməliyyatdan tutmuş dərmanlara qədər dövlət tərəfindən ödənilir. Bu, sistem halına gətirilib. Belə sistemli və institusional addımların olması daha vacibdir, nəinki pulsuz tibbi müayinələr”, – ekspert deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG