►"Yaxınlaşan kimi polislər tökülüşüb bizi maşınlara basdılar"
On gün əvvəl Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirərək rəhbərliyin onları qəbul etməsini istəyən vətəndaşlar yanvarın 29-da yenə ora toplaşıblar.
Onlar ötən dəfə Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşdən sonra problemlərinin həllində heç bir irəliləyiş olmadığını bildirərək, bu dəfə Baş prokurorun özü ilə görüş tələb ediblər. Lakin etirazçılara bildirilib ki, Zakir Qaralov iş yerində yoxdur, Xızıda vətəndaşları qəbul edir.
Bu barədə AzadlıqRadiosuna aksiya iştirakçılarından Aliyə Təmrazova məlumat verib. O bildirib ki, Respublika Prokurorluğundan Prezident Administrasiyasına yollanıblar:
"13 nəfər idik. Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun bizi qəbul etməsini tələb etdik. Şəxsən mən özüm altıncı ildir ki, onun qəbuluna gedirəm, düşə bilmirəm. Bizə dedilər ki, "gözləyin, Fuad müəllim sizi qəbul edəcək". Təxminən saat yarım gözlədəndən sonra dedilər ki, "artıq nahardı, gedin, bir azdan gələrsiz". Saat 3-də yenidən getdik. Elə Prezident Administrasiyasının qarşısına yaxınlaşan kimi polislər tökülüşüb bizi maşınlara basdılar".
Buna da bax: “Pilləkəni sökmüşdülər, gəlib qapını da hördülər”
“SANKİ QATI CİNAYƏTKARIQ”
Polislər şikayətçi vətəndaşları Səbail rayonu, 9-cu polis bölməsinə aparıblar. Orada təxminən bir saat saxlanıldıqdan sonra sərbəst buraxılıblar:
"Polislər Prezident Administrasiyasının qarşısında bizə elə hücum elədilər ki, sanki qatı cinayətkarıq. Bölmədə rəis müavininə də dedik ki, “biz neyləmişik? Haqqımızı tələb edirik, istəyirik ki, özbaşınalığa son qoyulsun, bizə qarşı qanunsuzluqlar aradan qaldırılsın"”.
Aliyə Təmrazova onu da qeyd edib ki, dövlət məmuru ilə görüşmək istəyən vətəndaşlara qarşı bu cür davranışla əlaqədar dövlət başçısı İlham Əliyevə məktub göndərəcəklər:
"Prezident özü deyir ki, "məni məlumatlandırın". Biz də onu məlumatlandırmaq istəyirik ki, məmurlar haqqını tələb edən vətəndaşlarla necə davranır".