Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:04

Polis rəisinin müavinini təcavüzdə suçlayan qadın həbs olunub


Foto arxiv.
Foto arxiv.

İsmayıllı Rayon Polis Şöbəsinin rəis müavini Pərviz İsmayılovu təcavüzdə suçlayan qadının özü həbs olunub. Rəis müavini etiraf edir ki, həmin qadınla münasibətləri olub. Amma sonradan qadın bu münasibətlər haqda məlumatları yaymaqla onu hədələyib. Rəis müavininin dediyinə görə, hətta bir neçə dəfə məcbur olub, qadına pul da verib.

Rəis müavininin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayəti əsasında saxlanılan Vəfa Dadaşova indi Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, istintaq dövründə həbs olunmamışdı, başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi. Amma məhkəməsi başlayandan sonra onun işinə baxan hakimlər qərarı dəyişdilər, Vəfa Dadaşova həbs olundu.

«ƏLİNDƏ QƏLYAN GƏLDİ»

O, özünü təqsirli bilmir. İfadəsində də deyib ki, rəis müavini bihuşedici maddə verib onu halsızlaşdırıb, bundan sonra isə dostu ilə birlikdə təcavüz edib.

Təqsirləndirilən qadın deyir ki, rəis müavinini 2008-ci ildən tanıyır. İsmayılovun müəyyən təkliflərini dəfələrlə rədd etdiyini deyən Dadaşovanın sözlərinə görə, həmin vaxt o, başqa bir rayonda əməliyyat müvəkkili idi:

***Buna da bax-Aktrisa George H.W. Bush haqqında: '... arxadan mənə toxundu'

«Pərviz işlədiyi rayondan Bakı şəhərinə gələndə hər dəfə onunla zəngləşərək görüşürdüm, bir yerdə çay içib, çörək yeyirdik. 2010-cu ilin aprel-may aylarında Pərviz yenə zəng eləyib dedi ki, Bakıda kiçik yığıncaq təşkil edib, məni də dəvət edir. Pərvizin həmkarları da orada idi. Axşam həmin məclisdən çıxanda onun Pərviz adlı başqa bir dostu da bizimlə idi. Məni yaşadığım evə gətirməli idilər. Yolda Pərviz fikrini dəyişdi və birlikdə çay içməyə getdik. Orada Pərviz əlində qəlyan gəldi, təkid etdi ki, çəkim. Bundan sonra halsızlaşdım. Sanki qəlyanın içinə nə isə bihuşedici dərman atmışdılar. Özümə gələndə gördüm ki, məni tanımadığım yerə gətiriblər. Mənə təcavüz elədilər, işgəncə verdilər. Məni soyuq suyun altında saxlamışdılar ki, özümə gəlim».

«İŞ YERİNİ TAPDIM»

Təqsirləndirilən qadının sözlərinə görə, rəis müavini onu hədələyib, olanlar haqda kimsəyə heç nə danışmamağı tələb edib. Hadisədən sonra səhhətində problemlər yaranıb. Ona görə Pərviz İsmayılov müalicə üçün bir neçə dəfə ona pul verib:

«Birinci dəfə mənə həkimə getmək üçün 300 manat göndərdi. O gündən telefonunu söndürüb yoxa çıxdı. Bir də 2016-cı ilin sonunda Pərvizin iş yerini tapdım. Ona dedim ki, «mənə təcavüz edib, sağlamlığıma ziyan vurmusuz. Ona görə məhkəməyə verəcəm, cəzalanmasını tələb edəcəm». Yalvardı ki, bir işdir olub, nə ziyan dəyibsə, ödəməyə hazırdır. Dedi ki, bu gün-sabah yüksək postlara təyin olunacaq, şikayət eləsəm, ona zərbə vurmuş olaram. Pərviz özü ziyanın ödənilməsi üçün 50 min manat təklif elədi. 2016-cı ilin dekabrında 2 min, 2017-ci ilin martında daha 3 min 500 dollar pul göndərdi. Əməliyyat üçün qalan 6 mini mayda verəcəyini dedi. Mayın 1-də görüşdük, stolun üstünə pulu qoydu. Çıxanda polislər məni saxlayıb idarəyə apardılar. Bildim ki, Pərviz məndən polisə şikayət edib».

***Buna da bax-İş yerlərində cinsi qısnamaya qarşı qanunlar varmı

«BİRLİKDƏ ÇÖRƏK YEDİK»

1994-cü ildən polis orqanlarında işləyən Pərviz İsmayılov da ifadə verib. Deyib ki, 2008-ci ildə Göyçay polisində cinayət-axtarış bölməsinin rəisi işləyəndə Vəfa Dadaşovanın birlikdə yaşadığı Vaqif adlı şəxs axtarışda olub. Onun yerini müəyyənləşdirib tutmaq üçün Vəfa ilə münasibət qurublar. Onun köməyi ilə Vaqif Əliyevi yaxalayıblar:

«Bundan sonra Vəfa Dadaşova ilə aramızda olan səmimi münasibət davam edib. Onunla bir neçə dəfə rayondan Bakı şəhərinə gələrkən bir yerdə çörək yemişik».

Rəis müavini 2010-cu ilin təxminən aprel-may aylarında dostlarının da iştirak etdiyi məclisdə Vəfa Dadaşova ilə birlikdə yeyib-içdiyini etiraf edib:

«Vəfa sərxoş olduğundan onun yaşadığı evin ünvanını öyrənə bilmədik. Vəfanın bir-iki saat ayılmasını gözlədik, ayıldıqdan sonra onu tanışım Pərvizlə, özünün deməsinə görə, kirayədə qaldığı 9-cu mikrorayonda evinin həyətinə düşürdük».

Vəfa Dadaşovanın bundan sonra onu şantaj etdiyini, bu səbəbdən bir neçə dəfə ona pul verdiyini deyən rəis müavininin sözlərinə görə, sonuncu dəfə ondan 50 min pul tələb edib:

«Məsələni İsmayıllı Rayon Polis Şöbəsinin rəisinə məruzə etdim. Ardınca da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə yazdım».

Məhkəmə davam edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG