Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:43

Nyu-Yorkda müsəlman polislərə saqqal saxlamağa icazə verildi


Nyu-York polisi
Nyu-York polisi

Nyu-York Polis Departamenti (NYPD) qaydalarını yumşaldaraq, sikh və müsəlman zabitlərin dini inanclarına görə 1.27 sm uzunluğunda saqqal saxlamasına icazə verib. Qurum bu addımı müxtəlifliyi dəstəkləmək və azlıqları təmsil edən daha çox şəxsi öz sıralarına qatmaq niyyəti ilə atıb.

Polis komissarı James O'Neill bu yeni qaydanı çərşənbə günü yeni işə götürülmüş polislərin buraxılış mərasimində elan edib. O deyib ki, yeni qaydalara görə, sikh zabitlər ənənəvi polis baş örtüyünün yerinə çalma taxa biləcəklər.

ÖNCƏ İCAZƏ ALMAQ

Çalmalar polis zabitlərinin baş örtüyü kimi tünd göy rəngdə olacaq. Zabitlər çalmanın üzərindən Nyu-York Polis Departamentinin metal nişanını taxacaqlar. Ancaq bu baş örtüyünü geyməkdən ötrü onlar əvvəlcədən rəhbərliyin icazəsini almalıdırlar.

Buna da bax-Müsəlmanın zahiri önəmlidir, ya əməlləri?

«Biz bu dəyişiklikləri ona görə edirik ki, Nyu-York şəhərində yaşayan hər kəsin ölkənin ən böyük polis departamentində işləməyə ərizə verməsinə və burada çalışmasına şərait yaradaq. Biz onlara bu imkanı vermək istəyirik», – O'Neill deyib.

«The New York Times» yazır ki, kursu bitirən 557 yeni polis nəfərindən 33-ü müsəlman, ikisi sikhdir.

Sikh inancına mənsub insanların dini hüquqlarını müdafiə edən «Sikh Koalisiyası» bildirib ki, «bu addımın tərəqqi baxımından ümidverici mənası var».

TEXNİKİ SƏBƏB

Sikh Zabitlər Assosiasiyası isə bu addımı alqışlayaraq, onu «sikh icması üçün qürurverici an» adlandırıb.

Buna da bax-Məhbus qadınların hicab problemi

NYPD-nin bundan öncəki patrul qaydalarına görə, zabitlərin saqqal saxlamasına icazə verilmirdi. Hərçənd, yazılmamış qaydaya görə, onlar bir millimetr uzunluğunda saqqal saxlaya bilərdilər.

Saqqalın yasaqlanmasının səbəbi texniki idi. Belə ki, saqqal qaz maskalarının bəzi növlərini taxmağa mane olurmuş.

Sözügedən dəyişiklik bir müsəlman polis zabitinin saqqal qadağasının qeyri-konstitusion olmasına dair məhkəmə iddiasından sonra gerçəkləşdirilib.

İŞİNƏ QAYTARILDI, SAQQALA DA İCAZƏ VERİLDİ

NYPD-də hüquq katibi olan Masood Syed dini baxışlarına görə illərlə saqqal saxlayırmış. Ancaq sonra rəisləri ona saqqalını qısaltmalı olduğunu deyiblər. Əmrə tabe olmayan Syed işdən kənarlaşdırılıb.

İyunda NYPD Syed-i işinə bərpa edib və onunla bağlı saqqal qadağasına yenidən baxmağa razılıq verib.

Artıq illərdir ki, NYPD-də çalışan müsəlman qadınların dini baş örtüyü taxmasına icazə verilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG