Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Müsəlmanın zahiri önəmlidir, ya əməlləri?


İbadətə gəlmiş pakistanlı
İbadətə gəlmiş pakistanlı

“Saqqalın zorla qırxılmasını şərəf və ləyaqətin təhqiri kimi qiymətləndirmək olar”

Azərbaycan Konstitusiyası vətəndaşlara dini etiqad azadlığı verir. Bu etiqad azadlığı insanların dini baxışlarına görə istədiyi xarici görünüşdə olmasını ehtiva edirmi? Qanun insanların başını bağlamasına, saqqal saxlamasına, istənilən uzunluqda şalvar geyinməsinə icazə verirmi? Saqqalları zorla qırxılan insanların hansı hüquqları pozulur?

Bu mövzu “İslam və demokratiya” proqramında müzakirəyə çıxarılıb. AzadlıqRadiosuna verilən məlumata görə, yanvarın 12-də Zaqatalada 3 nəfər dindar polis şöbəsinə aparılıb və onların zorla saqqalları qırxılıb. Yuxarı Tala kənd sakini Vasif Balaşov şöbədə “ya saqqalını qırxmağa razı ol, ya da həbsə” seçimi ilə üz-üzə qaldığını iddia edir. Onun sözlərinə görə, özü bir tərəfə qalsın, indiyə qədər 3 dəfə atasının saqqalı qırxılıb:

ATAMIN SAQQALINI ZORLA 3 DƏFƏ QIRXIBLAR

“Onu zorla aparıb polis şöbəsinə saqqalını qırxıblar. Yaşlı adamdır, zorla gəzir, belə şey yenə təkrarlansa, necə dözəcək? Bu vaxtadək rəsmi şikayət etməmişik, amma indi prezidentə də müraciət edəcəyik. Bizi hədələməsələr, ədəb-ərkanla söhbət etsələr, dözərik. Biz saqqal saxlamaqla özümüzü fərqləndirmirik, sadəcə dinimizi yaşayırıq".

ŞİDDƏTLƏ QINAMAQ LAZIMDIR

Hüquq müdafiəçisi, İslam, Demokratiya və İnsan haqları mərkəzinin rəhbəri Aytəkin İmranova hesab edir ki, əgər belə bir hal baş veribsə, onu qınamaq lazımdır:

“Bunu sadəcə qınamaq yox, şiddətlə qınamaq lazımdır. Çünki burada şərəf və ləyaqət təhqir olunur. Hansısa məmurun ünvanına real əsaslı bir söz gedəndə, məhkəməyə verirlər. İslam da dövlət atributlarından biridir, bizim ideologiyamız, dünya görüşümüzdür. Kimsə buna inanmaya bilər, amma buna görə başqasının davranışına müdaxilə etmək olmaz”.

HƏR CÜR GEYİNƏN İNSANLAR VAR

Verilişin digər qonağı, dinşünas alim, BDU-nun müəllimi Saleh Kazımov hesab edir ki, indi Azərbaycanda bu cür halların kütləvi olduğunu demək olmaz:

”Hansı dinə, hansı məzhəbə qulluq etməsindən asılı olmayaraq, Azərbaycanda müxtəlif tərzdə geyinən, saqqal saxlayan insanlara rast gəlirik. Hər kəs nə uzunluqda istəyirsə, saqqal da saxlayır, şalvar da geyinir”.

S.Kazımov hesab edir ki, bu, dövlətin maraqlarına xələl gətirmək üçün təxribat xarakterli bir hadisə də ola bilər.

Aytəkin İmranova
Aytəkin İmranova
Aytəkin İmranova: “Bu halların kütləvi olmadığını demək düzgün deyil. Çünki belə hadisələr mütəmadi olaraq baş verir. Bir müddət əvvəl Qubada, Xaçmazda da yaşanmışdı. Hətta Bakıda da müəyyən şəxslərin məscidə daxil olmasının qarşısı alınıb”.

GÜNAH VƏTƏNDAŞDA DEYİL

S.Kazımov: “Peyğəmbərin dövründə bəzi adamlar təkəbbürlülük edir, parçanın qıt olduğu bir dövrdə uzunbalaq şalvar geyirdilər. O dövrdə peyğəmbər fərqli tərzdə geyinib ki, nümunə olsun. Ona görə də bəzi insanlar da belə geyinir.

Saqqala gəlincə, bəzən biz İslamın mahiyyətindən uzaqlaşıb, formal məsələləri böyüdüb, onların üzərində dayanırıq. Unuduruq ki, Allah-təala bizim zahiri görkəmimizə yox, qəlblərimizə baxır, mallarımıza deyil, əməllərimizə baxır”.

A.İmranova: “Bunları bilməyən vətəndaşda günah yoxdur. Çünki din işləri üzrə qurumlar var. Amma indi ölkədə İslamın çox yüksək demokratik dəyərləri təbliğ edilmir, maarifləndirmə yoxdur”.

SAQQALIMI QIRXIRAMSA, DEMƏLİ KAFİRƏM?

Saleh Kazımov
Saleh Kazımov
S.Kazımov: “Amma axı mənəvi dəyərlərimiz də var. Cəmiyyətdə uzun saç saxlamağı, normallıqdan çıxa biləcək davranışları xoş qəbul etmirlər. Mən dini həyat yaşayıramsa belə, cəmiyyətə adaptasiya olmalıyam. Şəxsən mən 15 ildir dini həyat yaşayıram, saqqalımı da qırxıram, kostyum da geyinirəm, qalstuk da taxıram. İndi bu deməkdir ki, kafirəm?”

S.Kazımov hesab edir ki, bu cür məzhəb görüşlərini din görüşləri içində vermək düzgün deyil. Və hər bir kəs geyimində, davranışında diqqətli olmalıdır.

Aytəkin İmranova isə belə halla üzləşən insanlara birbaşa məhkəməyə getməyi, rəsmi şəkildə şikayət etməyi məsləhət görür.

POLİS TƏKZİB EDİR

Qeyd edək ki, həm Zaqatala rayon polis idarəsi, həm də Daxili İşlər Nazirliyi belə bir halın baş verdiyini təkzib edir, adətən bu xarakterli iddiaların böhtan olduğunu bildirirlər. Zaqatala rayon Polis Şöbəsindən isə həmin şəxslərin şöbəyə gətirilmədiyini, saqqallarının da polisdə deyil, bərbərxanada qırxıldığını bildiriblər.

Həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən də məsələ ilə bağlı onlara müraciət olunmadığını dedilər.

Radiodebatı BURADAN dinləmək olar:

XS
SM
MD
LG