Keçid linkləri

2026, 27 Fevral, Cümə, Bakı vaxtı 17:54

Paşinyanı təhqir etdiyinə görə daha bir şəxs saxlanılıb

Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanda daha bir nəfər sosial şəbəkədə baş nazir Nikol Paşinyanı təhqir etdiyinə görə saxlanılıb və barəsində cinayət işi açılıb.

Hayk Yeğyan iki ay öncə TikTok platformasında Paşinyan barədə təhqiramiz video paylaşıb. O, fevralın 25-də həbs edilib. Vəkili Roman Yeritsyanın sözlərinə görə, Ermənistanın İstintaq Komitəsi ona xuliqanlıqda ittiham edib.

Komitə cinayət işi ilə bağlı şərh verməyib, Yeğyan barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunacağı da bəlli deyil.

Yeritsyan işi "siyasi təqib" adlandırıb. Dediyinə görə, cinayət işi hakimiyyətyönlü partiya liderinin şikayətindən sonra sürətlə açılıb. Amma hansı partiyadan söhbət getdiyini deməyib.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, ötən həftə Paşinyanın başqa bir tənqidçisi barədə həbs-qətimkan tədbiri seçilib. Axuryan şəhərindən 55 yaşlı qadının baş nazir və ailəsi barədə onlayn şəxsi mesajda təhqiramiz ifadə yazdığı bildirilir. Qadının adı açıqlanmayıb. Onun xuliqanlıq və zorakılığa açıq çağırışda ittiham olunduğu xəbər verilir.

Ədliyyə nazirinin mövqeyi

Ermənistan prokurorluğu sosial şəbəkələrdə Paşinyan haqqında qəzəbli şərhlər yazan şəxslərin izlənildiyi, bəziləri barədə cinayət işlərinin açıldığı barədə məlumatları təkzib etməyib. Ədliyyə naziri Srbuhi Qalyan isə fevralın 26-da onlayn məzmunla bağlı cinayət təqiblərini müdafiə edib.

"Bu cür ritorikada nifrət elementləri və ya cinayət məsuliyyəti yaradan təhqiramiz ifadələr yer alırsa, bu, legitimdir", – Qalyan jurnalistlərə deyib.

Yerevanda yerləşən "Rights Protection Without Borders" təşkilatından Anna Melikyan bu cinayət işlərini tənqid edir. O deyir ki, 2020-ci ildən bəri belə hallar iki dəfə artıb. Melikyan Paşinyanı və ya hər hansı digər məmuru təhqir etməyi düzgün saymır, amma bunun həbs və cinayət təqibi üçün əsas olmadığını düşünür. Hüquq müdafiəçisinin fikrincə, hüquq-mühafizə orqanları yalnız hökumət tənqidçilərini hədəfə alır.

Noyabrda müxalifətə yaxın iki podkast aparıcısı parlament sədri Alen Simonyanın şəxsi təhqirlərinə cavab olaraq onu şifahi təhqir etdiklərinə görə saxlanılıb. "Azatutyun" qeyd edir ki, Paşinyanın siyasi müttəfiqlərindən kiminsə müxalif siyasətçiləri təhqir və ya hədələdiyinə görə məsuliyyətə cəlb olunduğuna rast gəlinməyib.

XS
SM
MD
LG