Keçid linkləri

2025, 14 Dekabr, bazar, Bakı vaxtı 05:39

Ermənistanda müxalifyönlü podkast aparıcıları saxlanılıb


Narek Samsonyanın saxlanılması
Narek Samsonyanın saxlanılması

Ermənistanda müxalifət fəalları və podkast aparıcıları Narek SamsonyanVazgen Sağatelyan saxlanılıb. Təhlükəsizlik əməkdaşları onların Yerevandakı evlərində bir saatdan çox axtarış aparıblar.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, bir həftə öncə onlar keçmiş prezident Serj Sarkisyanın qonaq olduğu yeddi saatlıq podkast yayımlayıblar. Həmin buraxılışda Sarkisyan baş nazir Nikol Paşinyanı Qarabağ danışıqları, 2020-ci il Azərbaycanla müharibənin idarə olunmasına görə kəskin tənqid edib.

"Azatutyun"un əldə etdiyi bilgiyə əsasən, saxlanılma noyabrın 10-da "Imnemnimi" podkastı ilə bağlıdır. Həmin podkastda aparıcıların parlamentin spikeri Alen Simonyan barədə təhqiredici ifadələr və hədələr işlətdiyi bildirilir.

Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları axtarışdan sonra Samsonyanı İstintaq Komitəsinə aparıblar. Müstəntiq Samsonyana xuliqanlıq ittihamı irəli sürüldüyünü təsdiqləyib.

Bundan öncə Samsonyanın vəkili Ruben Melikyan bildirib ki, o, müvəkkilinin mənzilinə daxil olub istintaq hərəkətlərində iştirak etməyə çalışsa da, içəri buraxılmayıb.

Sağatelyan isə Facebook-da yazıb ki, MTX-nın maskalı əməkdaşları onun evinə də daxil olublar. Vəkili Arsen Babayan Sağatelyanın həyətindən çəkilmiş bir foto paylaşıb, içəri buraxılmadığını yazıb. Daha sonra Babayan Sağatelyanın saxlanıldığını göstərən video yayımlayıb.

İstintaq Komitəsi təcili istintaq tədbirlərinin cinayət işi çərçivəsində aparıldığını təsdiqləsə də, əlavə məlumat verməyib.


XS
SM
MD
LG