Keçid linkləri

2026, 14 İyul, çərşənbə axşamı, Bakı vaxtı 18:53

Paşinyanı tənqid edən həkim və hüquqşünas işdən çıxarılıb

Nikol Paşinyan seçki mitinqində
Nikol Paşinyan seçki mitinqində

Ermənistanda tanınmış həkim və hüquqşünas hökuməti tənqid etdiklərinə görə işdən çıxarıldıqlarını deyirlər.

Həkim Arpine Soğoyan hesab edir ki, baş nazir Nikol Paşinyanla seçki kampaniyası zamanı açıq mübahisə edəndən cəmi iki ay sonra dövlət poliklinikasındakı işindən çıxarılması siyasi qisasçılıqdır.

Soğoyan mayın 18-də Paşinyanın seçkiqabağı görüşü zamanı ona yaxınlaşıb, qardaşı, hərbi həkim Hrant Papikyanın 2020-ci ildə Qarabağ müharibəsi zamanı itkin düşməsinə görə hökuməti ittiham edib.

Paşinyan ona sərt reaksiya verib, Soğoyanı Ermənistanın üç əsas müxalifət qüvvəsinin rəhbərləri ilə əlaqələndirib, həmin siyasətçiləri "siyasi səhnədən siləcəyinə" söz verib.

Arpine Soğoyan
Arpine Soğoyan

Həmin gün Paşinyan digər sakinlərlə də mübahisə etmişdi. Qarabağdan köçkün fəal Artur Osipyan baş nazirin seçki kampaniyasına mane olmaq, ona qarşı zorakılığa çağırış etməkdə ittiham olunaraq həbs edilib, 23 günlük aclıq aksiyasından sonra azadlığa buraxılıb.

Yerevanın meri həkimin işdən çıxarılmayacağını demişdi

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Soğoyanın poliklinikanın ginekologiya şöbəsinin müdiri vəzifəsindən istefaya məcbur edildiyi xəbərləri yayılsa da, Yerevan meri Tiqran Avinyan onun siyasi baxışlarına görə işdən çıxarılmayacağını demişdi.

Amma təcrübəli ginekoloq iyulun 13-də poliklinikanın direktoru Vartan Akopyandan məktub alıb. Məktubda onun tutduğu vəzifənin ləğv edildiyi bildirilib. Akopyan AzadlıqRadiosunun erməni xidmətinin sorğusunu cavablandırmaqdan imtina edib.

Yerevan meriyasının sözçüsü isə iddia edib ki, Soğoyan yeni tibbi sığorta sisteminin tətbiqindən sonra xərclərin azaldılması proqramı çərçivəsində işdən çıxarılıb. Soğoyan isə bu iddianı rədd edib. Onun dediyinə görə, son aylar məhz həmin islahat səbəbindən həkimlərin iş yükü daha da artıb.

Soğoyana göndərilən məktubda ona alternativ vəzifə təklif edilməyəcəyi də qeyd olunub, səhhətinin pis olduğu əsas gətirilib. Həkim isə heç bir sağlamlıq problemi olmadığını, 21 illik iş təcrübəsi bir dəfə də xəstəlik vərəqəsi götürmədiyini bildirib. Onun fikrincə, işdən çıxarılmasının yeganə səbəbi Paşinyanla yaşadığı insident, müxalifətə yaxın mövqeyidir.

Müxalifətçinin bacısı, hüquqşünas

“Azatutyun” yazır ki, son parlament seçkilərindən sonra Paşinyanı tənqid edən bir sıra şəxslər və ya onların qohumları dövlət sektorundan uzaqlaşdırılıb.

Parlament seçkilərində iştirak etmiş müxalifət nümayəndəsinin bacısı Lilit Qazaryan onlardan biridir. O, Ermənistan hökumətinin Dərman Vasitələrinə Nəzarət Agentliyində 22 il rəhbər müavini vəzifəsində çalışdıqdan sonra ötən ay işdən çıxarılıb.

Paşinyan hökumətini açıq tənqid edən tanınmış hüquqşünas Ruben Melikyan da işini itirib.

Ruben Melikyan
Ruben Melikyan

Melikyan son 23 ildə Yerevan Dövlət Universitetində hüquq fənnini tədris edib. Onun sözlərinə görə, universitetin hakimiyyətə yaxın sayılan rektoru Hovannes Hovannisyan ötən həftə ona yarımştat əmək müqaviləsinin sentyabrda uzadılmayacağını bildirib. Qərarın səbəbi izah edilməyib.

"Bunun hüquq müdafiə fəaliyyətimin nəticəsi olduğuna inanıram", – Melikyan AzadlıqRadiosunun erməni xidmətinə deyib.

Melikyan Paşinyan hökumətinin fəal tənqidçisidir. O, baş nazirin səkkiz illik hakimiyyəti dövründə həbs edilmiş müxalifət fəallarını müdafiə edib. Hüquqşünasın fikrincə, universitetdən uzaqlaşdırılması mübahisəli parlament seçkilərindən sonra müxalifət nümayəndələrinə qarşı aparılan həbslər və təzyiqlərlə əlaqəlidir.

Universitet rəhbərliyi, hələlik, bu qərarla bağlı açıqlama verməyib. Hovannisyan Melikyanın siyasi baxışlarına görə işdən çıxarılıb-çıxarılmadığını “Azatutyun”a şərh etməkdən imtina edib. O, universitetə rəhbər təyin olunmazdan əvvəl hakim "Vətəndaş Müqaviləsi" Partiyasından deputat olub.

iyunun 7-də keçirilmiş parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyası səslərin təxminən 50 faizini qazanaraq hökuməti təkbaşına formalaşdırmaq hüququnu qoruyub. İkinci yeri 23 faiz səslə "Güclü Ermənistan", üçüncü yeri isə 10 faizə yaxın səslə "Ermənistan" bloku tutub.

XS
SM
MD
LG