Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi ölkəsinin təklifləri ilə bağlı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın söylədiklərinə münasibət bildirib.
İdarədən qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı onların mövqeyi aydın, ardıcıldır:
“Azərbaycan münaqişə sonrası iki ölkə arasında münasibətlərin normallaşması, bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu istiqamətdə irəliləməyə hazırdır.”
Qeyd edilib ki, əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman konkret təkliflərini təqdim etməlidir:
“Beləliklə də, substantiv və nəticəyə yönəlik danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirməlidir”.
Mirzoyan 'danışıqlar ilkin şərtlərsiz aparılmalıdır' deyir
Azərbaycanla sülh sazişi üzrə danışıqlar ilkin şərtlərsiz aparılmalıdır. Bunu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan “Armenpress”ə müsahibəsində Bakının 5 bənddən ibarət sülh təklifinə münasibət bildirərkən deyib.
Mirzoyan təklif olunan bəndlərin mövcud problemləri tam əhatələmədiyini qeyd edib. Onun sözlərinə görə, Ermənistan tərəf üçün “prinsipial və əsas olan Artsax (qarabağ) ermənilərinə hüquq və azadlıqların tam təmin edilməsi, Dağlıq Qarabağın statusunun yekun olaraq dəqiqləşdirilməsidir”. Nazir Dağlıq Qarabağ münaqişəsinin Ermənistan tərəf üçün ərazi deyil, hüquq məsələsini olduğunu deyib.
Azərbaycan Prezidenti İlham Əliyev isə İkinci Qarabağ Müharibəsindən dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin, status məsələsinin artıq tarixdə qaldığını bildirib.
Mirzoyan 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr razılaşmalarının tam həyata keçirilməli olduğunu deyib.
“Biz bu məsələdə ardıcıl mövqedəyik. Biz hətta bu razılaşmaların gerçəkləşməsi üçün kompleks təkliflərlə çıxış etmişik, məsələn, qoşunların güzgü metoduyla geri çəkilməsi, beynəlxalq monitorinq mexanizmini təklif etmişik, amma Azərbaycan tərəfi bunu rədd edib”, – Mirzoyan bildirib.
***
Martın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında telefon söhbəti olub. Tərəflər Cənubi Qafqazdakı prosesləri, Dağlıq Qarabağda vəziyyəti, gərginliyin artmasını müzakirə ediblər.
Paşinyanın mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı regionda sabitlik və sülhün saxlanmasının, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə hərtərəfli tənzimlənməsinin vacibliyi vurğulanıb.
Ukraynanı da müzakirə ediblər
Bakının Yerevana təqdim etdiyi beş bəndlik sülh təklifi, Ermənistanın sülh danışıqlarının təşkili üçün Minsk qrupuna müraciətinə də toxunulub.
Paşinyanla Blinken Ermənistanla Azərbaycanın sərhədlərinin delimitasiyası və demarkasiyası, regionda kommunikasiyaların açılması imkanlarını, Ermənistanla Türkiyənin dialoqu məsələsini də müzakirə ediblər.
Tərəflər beynəlxalq arenada, o cümlədən Ukraynada baş verənlərə də toxunublar.
Ermənistanla ABŞ arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədilə fasiləsiz strateji dialoqun təminatının vacibliyi qeyd edilib.
Azərbaycanın baza prinsipləri
Martın 14-də Ermənistan Azərbaycanın 5 bəndlik sülh təklifinə cavabında sülh danışıqlarının təşkili üçün ATƏT-in Minsk qrupuna müraciət etdiyini açıqlayıb.
Azərbaycanın həmin gün açıqladığı baza prinsiplərinə dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması, bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi; bir-birinin təhlükəsizliyinə hədə törətməkdən çəkinmə; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılması daxildir.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda vasitəçilik üçün yaradılıb.