Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Ermənistan Azərbaycanın təklifinə cavab verib


Səsgücləndiricilərlə müraciətə Qarabağ ermənilərinin reaksiyası
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Səsgücləndiricilərlə müraciətə Qarabağ ermənilərinin reaksiyası

Ermənistan Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəyib. Bunu AzadlıqRadiosu-nun Ermənistan xidməti bu gün – martın 14-də açıqlayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü ötən cümə deyirdi ki, rəsmi Yerevan Bakı ilə sülh danışıqlarının təşkili üçün ATƏT-in Minsk qrupuna müraciət etməyi nəzərdən keçirir.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov isə həmin gün deyib ki, Bakı Yerevana münasibətlərin normallaşdırılmasından ötrü “beş bəndlik təklif” göndərib. Nazirin sözlərinə görə, “Ermənistan səmimi olaraq münasibətləri normallaşdırmaq istəyirsə, bu onlar üçün yaxşı fürsətdir”. Nazir sənəddəki bütün prinsiplərin beynəlxalq münasibətlərin prinsiplərini olduğunu qeyd edirdi.

Ermənistan Xarici İşlər Nazirliyi martın 14-də yaydığı bəyanatda qeyd edir ki, Azərbaycanın təkliflərinə cavab verib və Ermənistanla Azərbaycan arasında BMT Xartiyasına, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında sülh razılaşmasının imzalanmasından ötrü danışıqlar təşkil etmək üçün ATƏT-in Minsk Qrupu həmsədrliyinə müraciət edib.

Azərbaycanın baza prinsipləri bunlardır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın vurğulamasına görə, Azərbaycanın iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi bir neçə gün öncə vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Orada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən il də tərəflər arasında bölgədə iqtisadi, nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalanmışdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda vasitəçilik üçün yaradılıb.

Azərbaycan əməliyyatlar bitəndən sonra Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını dəfələrlə vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh sazişinə çağırıb. Ermənistanın Baş naziri Nikol Paşinyan da regionda “sülh erası”na çağırış edib, Yerevanın sülh sazişi üzrə danışıqlara hazır olduğunu söyləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG