Keçid linkləri

2025, 19 Aprel, şənbə, Bakı vaxtı 18:39

Azərbaycan deputatları Avropa Parlamentinə cavab verib


Xarabalıqlar arasında Ağdam məscidi
Xarabalıqlar arasında Ağdam məscidi

Avroparlamentin qətnaməsində Azərbaycanın “Dağlıq Qarabağ və onun ətrafında erməni mədəni irsinin inkarı və silinməsi siyasəti” qətiyyətlə pislənir

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin 10 mart tarixli qətnaməsinə dair bəyanat verib.

Bəyanatda qeyd edilir ki, Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib.

Sənəddə vurğulandığına görə, qətnamə Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin tamamilə yalan məlumatlarına əsaslananır.

Üstəlik, müəlliflərin fikrincə, o, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründən irəli gələn reallıqları, bu torpaqlarda mədəni irsə qarşı törədilən vandallıq faktlarını təhrif edir, ölkələrinin ərazi bütövlüyü və suverenliyini şübhə altına alır.

“Regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səyləri zədələyən bu qətnamə özündə bir sıra təhlükəli məqamları ehtiva etməklə bəşəriyyətin dini, irqi ayrı-seçkiliyin və dözümsüzlüyün aradan qaldırılması səylərinə də kölgə salır.” - müəlliflər hesab edir.

Bəyanatda hətta qətnamə “Avropa demokratiyasının növbəti qürubu” adlandırılır:

“Avropa Parlamentinin qətnaməsi Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizmi tamamilə inkar edir. İşğal dövrü Ermənistanın müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri ilə müşayiət olunub. Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib.”

Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq

Sənəddə qeyd edilir ki, Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan işğal dövründə UNESCO ( BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə qurumu) və digər ixtisaslaşmış beynəlxalq qurumların mədəni irsin vəziyyətinin qiymətləndirilməsi üçün bu ərazilərə səfərlərinin qarşısını alıb:

“Öz qətnaməsində UNESCO-ya dəfələrlə istinad edən, lakin qeyd olunan faktları inkar edən və Azərbaycanı UNESCO-nun missiyasını əngəlləməkdə ittiham edən Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticələri, mədəni irsinə qarşı törədilən vandallıqlara dair ötən illər ərzində bir dəfə də olsun məsələ qaldırmaması düşündürücüdür.”

Müəlliflərin bildirməsinə görə, bu il fevralın 4-də Azərbaycan prezidenti İlham Əliyevin, Fransa prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşün nəticəsində UNESCO missiyasının Azərbaycan və Ermənistana göndərilməsinə dair razılıq ifadə edilib.

Xatırlatma

2020-ci ildə isə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG