Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 18:02

Prezident 2 ay vaxt vermişdi, 14 ay keçdi


Özəlləşdirmə çekləri

Ötən ilin mayında prezident İlham Əliyev Nazirlər Kabinetinə iki ay vaxt vermişdi ki, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» yeni qanun layihəsini hazırlayıb ona təqdim etsin. On dörd ay keçib, sənəddən xəbər-ətər yoxdur.

AzadlıqRadiosu prezidentin «Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» 19 may 2016-cı il tarixli fərmanının icrası ilə bağlı hökumətə sorğu göndərib. Sorğu qəbul olunandan bir neçə gün sonra (6 iyul) qeydiyyata alınıb və cavab hazırlanması üçün Nazirlər Kabinetinin hüquq və iqtisadiyyat şöbələrinə göndərilib.

Buna da bax:​ Böyük özəlləşdirməyə hazırlıq başladı

Jurnalist sorğusu it-bata düşüb

Sorğunun cavablandırılmasına qanunla ayrılmış 7 iş günü bitdiyindən müxbir telefonla əlaqə saxlamalı olub. Di gəl ki, hər iki şöbədə informasiya sorğusundan xəbərsiz olduqlarını deyiblər.

Odur ki, prezident fərmanının icrasının bu qədər yubanmasına aydınlıq gətirmək mümkün olmayıb.

ƏMDK da qanun layihəsi haqda danışmır

Elə dövlət əmlakının satışı ilə məşğul olan Əmlak Məsələləri Dövlət Komitəsində də yeni özəlləşdirmə qanununun hazırlanmasının hansı mərhələdə olması haqda AzadlıqRadiosu-nun sualından yayınıblar. Komitənin sədri Kərəm Həsənov Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş yığıncağında bu məsələyə toxunmayıb.

Buna da bax: İqtisadçıdan hökumətə özəlləşdirmə tövsiyələri

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, əslində, özəlləşdirməni 2000-ci ilin avqustundan qüvvədə olan ikinci özəlləşdirmə qanunu ilə də, müəyyən düzəlişlər etməklə davam etdirtmək olar. Lakin Dövlət əmlakının özəlləşdirilməsinin III Dövlət Proqramının qəbul edilməsi şərtilə.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Ekspert: «Pis-yaxşı qanun var, yeni proqram lazımdır»

«Yeni özəlləşdirmə qanunu prosesin məqsədini, ümumi istiqamətlərini, hüquqi öhdəlikləri müəyyən etməlidir. İcra mexanizmi və səlahiyyət bölgüsü isə proqramda əksini tapacaq. Şəxsi fikrimsə bundan ibarətdir ki, mövcud qanun iri müəssisələrin özəlləşdirilməsini forma və mexanizmlərini çözəcək 3-cü özəlləşdirmə proqramının qəbuluna hüquqi çərçivə yaradır. Fərdi layihələr, investisiya müsabiqələri və digər üsullardan istifadə etməklə böyük özəlləşdirməyə bu qanunla da yola çıxmaq olar», – ekspert deyib.

Buna da bax:​ 1 milyonluq dövlət əmlakı özəlləşdirilib

Nələr özəlləşdirilsin?

Özəlləşdirilməsi zəruri sahələr sırasında Qubad İbadoğlu rabitə müəssisələrini qeyd edib. Bunlar «Azteletom» MMC, «AzİnTelecom» MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və s. dövlət şirkətləridir. Ekspert mərhələli özəlləşdirmənin mümkünlüyünü də nəzərdən keçirir. Bu, ilkin mərhələdə şirkətin uzunmüddətli idarəetməyə verilməsidir. Şərtlərə əməl olunarsa, növbəti mərhələdə şirkət idarəedici tərəfindən özəlləşdirilə bilər. Bu sırada Qubad İbadoğlu ictimai əmtəə və xidmətlər (elektrik və istilik enerjisi, təbii qaz və su) təklif edən dövlət inhisarçı şirkətlərini göstərir.

III dövlət özəlləşdirmə proqramı çərçivəsində iqtisadçı SOCAR-ın özəlləşdirməyə çıxarılmasını da doğru hesab edir: «Neft şirkətinin səhmləşdirilməsi və özəlləşdirilməsinə başlanması onun şəffaflığının artırılması baxımından önəmli addım olardı. Çünki şirkət artıq səhmdarları qarşısında hesabatlı olacaq. Düzdür, SOCAR-ın tam özəlləşdirilməsi haqda danışmaq hələ tezdir. Lakin qonşu neft ölkələrinin təcrübəsindən istifadə etmək, SOCAR-ın səhmlərinin bir hissəsini beynəlxalq birjalarda listinqə çıxarmaq perspektivini nəzərdən keçirmək olar».

Buna da bax:​ 25 minlik səhmə 600 min manat ödənildi

Ekspert maliyyə sektorunda dövlətə aid bank və sığorta şirkətlərinin də yaxın dövrdə özəlləşdirilməsini təklif edir. Bunlar Azərbaycan Beynəlxalq Bankı, Dövlət Sığorta Şirkəti, Azər-Türk Bank, «Aqrarkredit» bank olmayan kredit təşkilatıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG