Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:39

Döyülən məktəb direktoru: 'Yəqin o düşünür ki, icra hakimidir, ona hər şey olar'


Sayhunabad icra hakimi məktəb direktorlarını şillələyir.
Sayhunabad icra hakimi məktəb direktorlarını şillələyir.

Özbəkistanın Sırdərya vilayətinin Sayhunabad rayonunda icra hakimi tərəfindən döyülən məktəb direktorlarından biri AzadlıqRadiosu-nun özbək xidmətinə bildirib ki, yerli administrasiyada keçirilən iclaslarda qanunsuzluq və insanlara əl qaldırma həmişə adi hal olub.

Həmin rayonun icra hakiminin məktəb direktorlarını sıraya düzərək döyməsini göstərən video sosial şəbəkələrdə qızğın müzakirələrə yol açıb.

Sırdərya vilayətinin Sayhunabad rayon məktəblərindən birinin direktoru deyib ki, videoda görüntülənən insident baş verən zaman o, hamıdan çox döyülüb. O əlavə edib ki, sentyabrın 12-də internetə sızmış bu video rayon icra hakiminin özbaşınalığının yalnız kiçik bir hissəsidir:

Buna da bax:​ Özbəkistanda məktəb direktorlarının döyüldüyü video yayılıb [video]

"Bizdə bu, daim baş verir. Əvvəllər hokim (icra hakimi) başqa peşə sahiblərinə əl qaldırırdı, fermerləri və tibb müəssisələrinin rəhbərlərini döyürdü. Onları döydüyü və hətta təpiklədiyi də olub. Özüm şəxsən görmüşəm, hokim əvvəlcə onları yanına çağırır, sonra təpiklə qovurdu. Yəqin o düşünür ki, icra hakimidir və ona hər şey olar. Ancaq insanlarla belə davranmaq olmaz. Yayılmış videoda həmin gün baş verənlərin hamısı çəkilib. Həmin gün bizim hokim bir neçə direktoru təpiklə qovmuşdu", – deyə məktəb direktoru danışır.

DİREKTORLAR ŞİKAYƏTÇİ DEYİLLƏR

Məktəb direktorunun sözlərinə görə, videoda görüntülənən insident avqustun 28-də baş verib. O deyir ki, məktəb direktorları dərs ilinin başlanmasına hazırlaşdıqları üçün Müstəqillik günü tədbirlərinə yetərincə adam toplamağa imkanları olmayıb.

"Həmin gün məni hamıdan çox döydü. Mənə üç dəfə şillə vurdu. Yanımdakı məktəb direktorunu döymədi, çünki o yaşlıdır. Həmkarımdan cavan olduğuma görə, hokim məni vurdu", – Sayhunabad məktəbinin müdiri deyir.

Buna da bax:​ Məktəb direktoru: 'Uşaqlar arasında 'razborka' olub'

Ancaq direktorun sözlərinə görə, o, icra hakiminin qanunsuz davranışından hüquq mühafizə orqanlarına şikayət etmək niyyətində deyil:

"Axı o icra hakimidir. Biz şikayət etsək, prokurorluq onsuz da onun tərəfini tutacaq. Bizi isə günahkar çıxaracaqlar. Bu videonu çoxları gördü. Bəzi tanışlarım deyirlər: «Axı, hokim səni vuranda niyə susdun? Onun şillələrinə niyə cavab vermədin?» Axı o icra hakimidir, mənsə adi müəllim! Mənim ona cavab verməyə gücüm var. Ancaq icra hakiminin müəllimi döyməsi artıq cinayətdir. Əgər mən hokimi vursaydım, onda döyülən həmkarlarımın bəziləri məni günahlandıra bilərdilər. İstənilən halda, o, icra hakimidir. Ona görə səsimizi çıxarmadıq", – məktəb direktoru deyir.

PROKURORLUQ ARAŞDIRMAĞA BAŞLAYIB

Sayhunabad rayon prokurorluğu icra hakiminin məktəb direktorlarını döyməsi faktı üzrə istintaqa başladığını bildirib.

Buna da bax: Yeni direktor gələn kimi qarderobçu qızı işdən azad etdi

Videonu yaymış Kun.az saytı isə yazır ki, vilayət administrasiyası insidenti pisləyib.

Ancaq Sırdərya vilayət administrasiyasının mətbuat xidmətinin rəhbəri Artyk Sultanov AzadlıqRadiosu-na bu barədə məlumatı olmadığını deyib:

"İndi biz pambıq yığımındayıq. Elə indicə bu videoya baxmağa başlamışıq. Ona görə bir şey deyə bilmərəm. Ola bilsin ki, sizin sualınıza şöbə müdirləri cavab verə bilərlər, çünki qalan hamı pambıq sahələrindədir", – administrasiyanın mətbuat katibi deyib.

Kun.uz saytı yazır ki, sentyabrın 12-si axşam Sırdərya vilayətinin icra hakimi Gofurjon Mirzaev təcili iclas keçirmək üçün Sayhunabad rayonuna gəlib.

Buna da bax:​ Dağıstanda bayramın sentyabrın 1-nə düşməsi qalmaqal yaradıb

İclasda rayon icra başçısı Nosirjon Egamberdiev döydüyü məktəb direktorlarından üzr istəyib.

PAMBIQ YIĞIMI BİTƏNDƏN SONRA

Bundan başqa, həmin iclasda dalaşqan icra hakimi ilə bağlı ciddi tədbirlər görüləcəyi bildirilib.

«Hokimin işinə pambıq yığımı mövsümü bitəndən sonra baxılacaq. Onun bu vəzifədə səlahiyyətlərini davam etdirməsi məsələsi "yuxarının" göstərişi ilə bağlıdır», – deyə Kun.uz saytı yazır.

Ancaq döyülən məktəb direktorlarından ikisi AzadlıqRadiosu-na bildirib ki, Egamberdiev onlardan üzr istəməyib.

Buna da bax:​ Başıbağlı qızları məktəbə buraxmırlar

"Əgər o bizdən üzr istəmək niyyətindədirsə, qoy bizi rayon administrasiyasına çağırsın. Ora rayon sakinlərini də toplasın və onların qarşısında bizdən üzr istəsin. Çünki bu video hər yerdə yayılıb, onu çox adam görüb", – direktorlardan biri deyib.

2016-cı ilin oktyabrında Sırdərya vilayətinin Sayhunabad rayonunun icra hakimi təyin olunan Nosirjon Egamberdiev həmkarları arasında sərtliyi ilə tanınır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG