Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:47

Operativ Qərargah: ‘Yoluxmanın artması ciddi və təxirəsalınmaz...’


Müşavirədə peyvəndlənmənin sürətinin artırılması üçün Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinə səyyar vaksinasiya briqadalarının sayının artırılması da daxil olmaqla konkret tapşırıqlar verilib

İyulun 21-də Azərbaycanın baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə bu qurumun geniş tərkibdə müşavirəsi keçirilib.

Nazirlər Kabinetinin məlumatına görə, müşavirənin gündəliyindəki iki məsələ - ölkə üzrə peyvəndlənmə prosesinin gedişi və şənlik mərasimlərinin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarət məsələləri müzakirə olunub.

Açıqlamaya görə, müşavirədə qeyd edilib ki, təcrübəyə əsasən xəstəliyə qarşı ən effektli mübarizə vasitəsi peyvəndlənmədir:

"...Ölkəmizə 15 milyon doz peyvəndin gətirilməsinə dair anlaşmalar əldə olunub, sifarişlər edilib və hissə-hissə gətirilməkdədir. Məqsəd, ölkə əhalisinin təqribən 70 faizə qədərini peyvəndləməkdir".

Habelə deyilib ki, ölkədəki əlverişli epidemioloji vəziyyəti əsas götürərək, 2021-ci ilin iyulun 1-dən etibarən xüsusi karantin rejiminin qəbul olunmuş qaydalarına uyğun olaraq şənlik mərasimlərinin keçirilməsinə icazə verilib:

"Qeyd edilib ki, əsasən Bakı şəhərinin şənliklər təşkil olunan obyektlərində əksər hallarda qaydalara əməl olunur. Bununla belə: qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80 faizinin peyvəndlənmiş olması tələbi tətbiq olunmur".

Arzuolunmaz nəticələr

Açıqlamaya görə, belə mənfi halların nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur:

"Vurğulanıb ki, prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Monitorinqin nəticələri, vətəndaşların çoxsaylı müraciətləri və yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir".

Məlumata görə, müşavirədə peyvəndlənmənin sürətinin artırılması üçün Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinə səyyar vaksinasiya briqadalarının sayının artırılması da daxil olmaqla konkret tapşırıqlar verilib.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı ötən ilin martından karantindir. Ölkədə koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib.

Ölkədə əsasən Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb. İndiyə kimi ölkədə ümumilikdə 4,3 milyondan çox şəxsin peyvənd olunduğu bildirilir. Onlardan yalnız 1,8 milyon şəxsin hər iki mərhələdən keçdiyi vurğulanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 339 min 62 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4998 nəfərin vəfat etdiyi bildirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG