Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:51

Kim deyir, 'əsas pul deyil, cansağlığıdır'?


Ahıllar
Ahıllar

Hazırda bütün dünyada ömür həddi uzanıb. Ancaq Birləşmiş Ştatlarda fərqli mənzərə ortaya çıxıb. Varlı amerikalılar, sən demə, yoxsullardan daha çox yaşayırmış. «Project Syndicate» portalında Thorvaldur Gylfason yazır ki, bu, təkcə gəlir və sərvətdə deyil, əsas tibbi xidmətə çıxışda da bərabərsizliyi ortaya qoyub.

Ayrı-ayrı ölkələrdə ömür uzunluğu fərqlidir. Şkalanın dibində Svazilend durur, burada 50 yaşına çatmadan ölürlər. Başda isə Honq-Konq gəlir, 84 yaşınadək yaşayırlar.

Hələ 1960-cı illərdə ölkələri yaşam həddinə görə iki qrupa bölürdülər. Birinci qrupda yer alan Malidə orta ömür uzunluğu 28 il, Salvadorda 50 idi. İkinci qrupa daha az ölkə düşürdü, buradakı Norveç, İslandiya, Niderland və İsveçdə ortalama 73 il yaşayırdılar.

***Buna da bax-Azərbaycanda orta ömür uzunluğu DSK-dan kənar rəqəmlərlə...

BƏZİ ÖLKƏLƏRDƏ ÖMÜR UZANIR

Ancaq o vaxtdan Honq-Konq bu Şimali Avropa qrupunu ötüb keçib. İndi Yaponiyada orta ömür 84, İtaliyada 83, İspaniyada 83, İsveçrədə 83-dür. Artıq Honq-Konqda 1960-cı ildəkindən 17 il çox yaşayırlar. Yaponiyada yeni doğulan körpə 16 il, İslandiyada isə 10 il çox ömür sürür.

Müəllif ömür uzunluğunun artmasını uşaq ölümünün azalmasıyla izah edir. Üstəlik, artım qadınlara da aiddir, onlar kişilərdən 3 il çox yaşayırlar. İslandiyada kişilər və qadınlar üçün orta ömür uzunluğu 81 və 84 ildir.

Sən demə, ölkələr daxilində də ömür uzunluğu fərqlənirmiş, özü də varlılar və yoxsullar arasında. Massaçusets Texnologiya İnstitutundan (MIT) iki tədqiqatçının ortaya qoyduğu araşdırmaya görə, amerikalı kişilərin ən varlı 1%-i ən yoxsul 1%-dən 15 il çox yaşayır. Ən varlı 1% amerikalı qadın isə ən yoxsul həmvətənlərindən 10 il artıq ömür sürür.

Nikolayı taxtda görən qadın - 122 yaşı var
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

Bu uçurum zamanla dərinləşirmiş. Son 15 ildə 5% ən varlı amerikalının orta ömür uzunluğu kişilər üçün 2, qadınlar üçün 3 il artıb. 5% ən yoxsul amerikalı kişidən ötrü bu rəqəm cəmi 3 aydır, qadınlar üçün heç artmayıb.

23 MİLYON AMERİKALI TİBBİ SIĞORTADAN MƏHRUM OLSA...

Məqalədə bu fərq tibbi xidmətə çıxışda bərabərsizliklə izah olunur. Üstəlik, ABŞ prezidenti Donald Trump və Konqresdəki respublikaçılar 2010-cu ildə qəbul olunmuş, «Obamacare» adını almış aktı ləğv etmək, bununla 23 milyon amerikalını tibbi sığortadan məhrum etmək istəyirlər.

***Buna da bax-Yaşadığın yerə görə ömrün 20 il uzana, ya qısala bilər

«Bunu etsələr, Birləşmiş Ştatlarda ömür uzunluğu digər inkişaf etmiş ölkələrə baxanda azalacaq. Məsələn, 1960-cı ildən bəri ABŞ-da orta ömür 70 ildən 79 ilə yüksəlib. İtaliyada isə 69-dan 83-ə çatıb. 1960-cı ildə orta amerikalı italyandan bir il çox yaşayırdısa, indi italyan amerikalıdan 4 il çox ömür sürür», – məqalədə deyilir.

1945-ci ildə yaradılmış Beynəlxalq Valyuta Fondu bu yaxınlarda üzv ölkələrdə gəlir və sərvətin bölünməsinə diqqət ayırmağa başlayıb. Bərabərsizliyin iqtisadi artımı əngəlləyə biləcəyini anlayan qurum artıq bir neçə üzvüylə bərabərsizlik-artım əlaqəsini müzakirə etməyə başlayıb.

«Əslində, bərabərsizlik artanda demokratiyaya zərbə dəyir. Bəlkə də elə bu səbəbdən Birləşmiş Ştatların dünya demokratiyalarının sıralamasında geriləməsi təəccüb doğurmur», – müəllif yazır.

XS
SM
MD
LG