Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:13

Azərbaycanda orta ömür uzunluğu DSK-dan kənar rəqəmlərlə...


Pensioner.
Pensioner.

Azərbaycanda yaşı 100 və daha yuxarı olan təxminən 800 nəfər var. Ölkə əhalisinin 3,9 faizinin yaşı ya 70-i haqlayıb, ya da ötüb. 60-69 yaşlı insanların sayı əhalinin 6 faizi qədərdir. Bunlar Dövlət Statistika Komitəsinin (DSK-nın) ötən ilə olan məlumatıdır.

Sual doğur: Bu rəqəmlər Azərbaycanda orta ömür müddətinin artdığına dəlalət edirmi?

Demoqrafın fikrincə, ölkədə orta ömür müddəti artıb

AMEA-nın müxbir üzvi, akademiyanın İqtisadiyyat İnstitutunun demoqrafiya şöbəsinin müdiri Şahbaz Muradov AzadlıqRadiosu-na müsahibəsində deyir ki, DSK-nın hesablaması düzdür, hazırda Azərbaycanda orta ömür təxminən 75 yaşdır: “Yaşayış səviyyəsi və təbiət ömrün uzanmasına təsir göstərir. Təhsil və səhiyyənin səviyyəsi də yaşayış meyarına aiddir. Qadınlarda orta ömür müddəti kişilərdən çoxdur - 77 il. Dünyada orta ömür müddətinin ən çox olduğu ölkə Yaponiyadır - 83 yaş”.

Buna da bax:​ Azərbaycanda orta ömür

Şahbaz Muradov: 'DSK-nın hesablaması düzdür, hazırda Azərbaycanda orta ömür təxminən 75 yaşdır'
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00
Direct-ə keçid

1959-cu ildə ölkə əhalisinin hər min nəfərindən 58-i 65 yaşdan yuxarı əhali qrupuna aid olub. Ötən il bu göstərici çox cüzi dəyişib - 61 nəfər. Ən yüksək göstərici 2010-cu ildə qeydə alınıb - 65 nəfər. İqtisadçı Rövşən Ağayev deyir ki, bu göstəricinin ən yüksək səviyyəsi Yaponiyadadır: “BMT-nin son statistikasına görə, Yaponiyada hər min nəfərdən 260-ı 65 yaşını aşıb. Yerdə qalan inkişaf etmiş ölkələrdə bu rəqəm 140-200 nəfər civarında dəyişir. Azərbaycanda bu göstərici qat-qat aşağıdır”.

Ekspert deyir ki, insanların nə qədər az hissəsi əmək qabiliyyətli yaşda və pensiyaya çıxandan sonrakı ilk 5 ildə vəfat edirsə və nə qədər çox hissəsi 70 yaşdan sonra uzun ömür sürürsə, ölkə üzrə orta ömür uzunluğu da bir o qədər yüksək olur.

Şahbaz Muradov
Şahbaz Muradov

“50 faiz ya ölüb, ya da ölkədən gedib”

Azərbaycanda insanların təqaüd yaşından sonra nə qədər yaşadığına rəqəmlərin gözü ilə baxanda, durum daha aydın görünür. Dövlət Statistika Komitəsi təqaüd yaşını haqlayanları 3 qrupda toplayıb - 60-64; 65-69 və 70 və yuxarı yaş qruplarında.

Buna da bax:​ Azərbaycanda 100 yaşı adlayanlar

65-69 yaşda olan sakinlər 1947-51-ci illərdə doğulanlardır. Bu illərdə 433 mindən çox adam doğulsa da, onlardan təxminən 220 min adam sağdır. Başqa sözlə, həmin illərdə doğulanların yarısı ya ölüb, ya da ölkədən gedib.

Eyni halı 70 yaşdan yuxarı qrupda da görmək olur. Bu yaş kateqoriyasında ölkədə 375 min adam var. DSK əhalinin doğum tarixini 1935-ci ildən hesablasa da, həmin kateqoriyaya aid insanların doğum tarixi 1920-ci illərdən 1946-cı ilədək uzanır. Bu illər ərzində ölkədə 843 mindən çox adam doğulub. İndi onların 44 faizi yoxdur - ya ölüb, ya da miqrasiya edib.

“Cəmi 7,85 faiz təqaüd yaşındadır”

Daha bir müqayisədə 65-70; 71-75 və 75 yaşdan yuxarı qrupların əhali arasında xüsusi çəkisinə baxmaq olar. AzadlıqRadiosu-nun müxbiri Bakı, Gəncə, Zaqatala, Quba və Sabirabad üzrə hər bölgədən təxminən 1400-1500 seçicinin yaşını təhlil edib. 7 min 300-dən çox seçicinin cəmi 3,8 faizi 65-70 yaşlarındadır. 71-75 yaş arasında olanlar 1,19; 74 yaşı aşanlarsa 3.7 faizdir. 5 məntəqədə seçicilərin cəmi 0,25 faizinin yaşı 90 və daha çoxdur. Sözügedən 5 məntəqədə seçicilərin cəmi 7,85 faizi təqaüd yaşındadır.

Buna da bax:​ '65 yaşına kimi kim yaşayır axı?' [video]

Rövşən Ağayev
Rövşən Ağayev

Ekspert Rövşən Ağayev deyir ki, inkişaf etmiş ölkələrdə 65 və yuxarı yaşda əhali ümumi sayın 15-20 faizidir: “Yaxın zamanlarda bu nisbətin daha da artacağı gözlənilir. Bu ölkələrdə yaşlı əhali ona görə çoxdur ki, onlar pensiya yaşından sonra uzun yaşayırlar, orta hesabla, 15-20 il. Beynəlxalq standarta görə, təqaüd yaşı elə müəyyən edilməldir ki, insanlar pensiyaya çıxandan sonra ortalama 12 il yaşaya bilsinlər. Ən son məlumata görə, inkişaf etmiş ölkələrdə yaşlı əhalinin, ən azı, 70 faizi 70 yaşdan sonra vəfat edir, cəmi 30 faizi əmək qabiliyyətli yaşda və pensiyaya çıxandan sonra ilk 5 ildə dünyasını dəyişir”.

“Əmək qabiliyyətli adamlar arasında ölüm faizi yüksəkdir”

Azərbaycanda isə əmək qabiliyyətli adamların ölüm statistikası son 20 ildə artan xətlə gedib. Düzdür, 2000-ci illərin əvvəllərində bu qanqaraldan artım nisbətən zəifləyib, ancaq sonradan yenə artan xətlə davam edib və 2015-ci ildə 1994-cü ilin səviyyəsinə qalxıb: Hər iki ildə təxminən 17 min əmək qabiliyyətli insan həyatını itirib.

Buna da bax:​ Hadı Rəcəbli pensiya yaşının artırılması haqda: 'Əhalinin ömrü uzanıb'

Belə insanlar arasında ölüm daha çox kişilərin payına düşür. Qadınlar arasında ölüm faizi kişilərə nisbətən bir neçə dəfə azdır.

Demoqraf Şahbaz Muradov da bunu təsdiqləyir və deyir ki, Azərbaycanda ölənlərin 70 faizi əmək qabiliyyətli kişilərdir: “Qadınlar arasında bu faiz azdır, əsasən, kişilərdə yüksək faiz gözə dəyir”.

“Kimsə bizdən bir şey soruşmur”

Elə bu səbəbdən professor təqaüd yaşının 65-ə qaldırılmasını düzgün saymır: “Pensiya yaşını qaldıra-qaldıra gedirlər, halbuki, orta ömür müddəti ilə pensiyadan sonra yaşam illərini müqayisə etmək lazımdır. Axırda elə edəcəklər ki, adamlar pensiyaya ömrünün sonunda çıxmalı olacaqlar”.

Şahbaz Muradov Azərbaycanda orta ömür müddətinin artdığını bir daha təsdiqləyir, ancaq bildirir ki, bu, təqaüd yaşını dərhal qaldırmağa əsas vermir: “İnsan ölənədək işləməli deyil ki?!”.

Buna da bax: Parlament pensiya yaşını da, iş stajını da artırdı

Demoqraf təqaüd yaşının artırılmasıyla bağlı qanun layihəsi hazırlanarkən, AMEA mütəxəssislərinə heç kimin müraciət etməməsinə diqqət çəkir: “Nəyin əsasında pensiya yaşı qaldırılır? Bizdə uzunömürlülüklə bağlı illərlə araşdırma aparan mütəxəssislər var, amma kimsə bizdən bunu soruşmur”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG