Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 19:14

Yaşadığın yerə görə ömrün 20 il uzana, ya qısala bilər


ABŞ-da ömür uzunluğu

ABŞ-da bərabərsizliyi göstərən təzə xəbər yayılıb. Belə ki, Birləşmiş Ştatların müxtəlif yerlərində yaşayanların ömür uzunluğu arasında ciddi fərqlər varmış və bu uçurum dərinləşirmiş. Bunu Vaşinqton Universitetinin alimləri yeni tədqiqatla üzə çıxarıb.

Tədqiqata rəhbərlik etmiş Christopher Murray göstəriciləri «dramatik» adlandırıb.

NPR yazır ki, səhiyyə ekspertləri ölkənin müxtəlif dairələrində yaşayan amerikalıların ömür uzunluğunun fərqləndiyini bilirdilər. Amma Murray-ın komandası bunu araşdırmaq qərarına gəlib, 1980-2014-cü illəri əhatələyən sənədləri tədqiq edib.

YAPONİYA VƏ HİNDİSTANA UYĞUN

Tədqiqatçılar üzə çıxarıblar ki, bəzi dairələrdə 87 il, bəzilərində isə 67 il yaşayırlar.

Bu fərq inkişaf etməkdə olan və yüksəkgəlirli ölkələrdəkinə uyğun gəlir, - Murray deyir.

Məsələn, uzunömürlülük həddi Yaponiyadakına, qısa ömür həddi isə Hindistandakına uyğun gəlir.

ABŞ-da sakinlərin daha çox yaşadığı ərazilər Kaliforniya ştatının Marin və Kolorado ştatının Sammit inzibati dairələridir. Bu yerlərdə imkanlılar və yüksək təhsillilər yaşayır.

Yoxsul və aşağı təhsilli dairələrdə isə ömür də qısadır. Ən az ömür sürənlər Cənubi Dakota (SD) ştatının Oqlala Lakota inzibati dairəsidir. Payn Ric qoruğu da bu ərazidədir. Ömür həddinin qısa olduğu digər ərazilər Alabama, Qərbi Virciniya və Kentukki ştatlarının bəzi hissələrində, Missisipi çayı boyunca yerləşir.

Maraqlı olan odur ki, bu uçurum azalmaq əvəzinə, artır. 1980-2014-cu illər arası ən uzun və ən qısa ömür həddi arasındakı fərq iki il artıb. «Bu, təhlilin ən çox narahatlıq yaradan hissəsidir», – Murray deyib.

UÇURUM GENİŞLƏNİR

Uçurumun səbəbləri qəliz olsa da, görünən odur ki, aşağı göstəricilərə malik ərazilərdə səhiyyə problemləriylə mübarizədə ciddi irəliləyiş əldə olunmayıb.

Mərkəzi Kolorado, Alyaskadakı dairələrdə ömür həddində artım qeydə alınıb, cənubda yerləşən dairələrdə isə çox az irəliləyiş baş verib.

Dartmut İnstitutunda səhiyyə siyasətini araşdıran Ellen Meara deyir ki, bu tədqiqat ölkədə iqtisadi bərabərsizliyin daha bir göstəricisi sayıla bilər. Meara sözügedən tədqiqatda iştirak etməyib.

«Bu ölkədə gördüyümüz odur ki, bəzi qrupların imkanları valideynlərinkindən də pisdir. Amma sonrakı nəsillər öncəkilərdən daha çox qabağa getməlidirlər», – Meara deyir.

Bir müddət öncə aparılmış digər tədqiqat isə üzə çıxarmışdı ki, ortayaşlı ağ amerikalılar arasında ölüm halları artır.

Günün bütün mövzuları

XS
SM
MD
LG