İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2025-ci il üzrə hesabatında Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin olunması məqsədəuyğun hesab edilib.
Hesabatda deyilir ki, Ombudsmana ünvanlanan müraciətlərdə Azərbaycan ərazisindən kənara gedə bilmək hüququnun əsassız olaraq məhdudlaşdırılması faktları da yer alır.
Sənəddə xatırlanır ki, Miqrasiya Məcəlləsinin 9.3.1-ci maddəsinə əsasən, vətəndaş Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda, yaxud barəsində qətimkan tədbiri seçildikdə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər: "Bununla belə, bəzi şikayətlər üzrə aparılmış araşdırmalar zamanı aidiyyəti dövlət qurumları tərəfindən Məcəllənin bu tələbinin pozulduğu müəyyən edilib. Ərizəçi Ə. (6400-25) Ombudsmana müraciət edərək hər hansı bir əsas olmadan ölkədən çıxmaq hüququnun Daxili İşlər Nazirliyi tərəfindən məhdudlaşdırıldığını, bununla bağlı müraciətlərinə cavab verilmədiyini bildirib".
Hesabatda hesab edilir ki, bu kimi halların baş verməsi funksional problemlərlə yanaşı, Miqrasiya Məcəlləsindəki maddi hüquq normalarının Cinayət Prosessual Məcəlləsində dəqiq prosessual mexanizmlərlə təsbit olunmaması ilə bağlıdır.
Ombudsman nə qədər haqlıdır?
Amma bir sıra hüquq müdafiəçiləri bu problemi yalnız qanunvericilikdə "dəqiq" prosessual mexanizmlərin olmaması ilə izah etmirlər.
Onlar vurğulayırlar ki, Azərbaycanda belə hallar özünü siyasi müstəvidə, əsasən, 2013-cü il prezident seçkisindən sonra göstərib. Qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi qaldırılarkən bəlli olub ki, çoxsaylı şəxslərin ölkədən çıxışına "stop" qoyulub. Ən diqqət çəkən məqam isə onların bir çoxunun cinayət işlərində adlarının sadəcə şahid kimi çəkilməsi olub.
Sonradan bəzi jurnalist və vətəndaş cəmiyyətinin təmsilçisi məhkəmə yolu ilə onlara qoyulan səyahət qadağasının götürülməsinə nail olublar.
Bu ilin özündə də bəzi jurnalist və ictimai fəallardan səyahət qadağası ilə bağlı şikayətlər eşidilir. Adlarının çəkilməsini istəməyən həmin şəxslər bununla bağlı rəsmi qurumlara müraciətlərinin da cavabsız qaldığını vurğulayırlar.