Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

'Avtomobillər anbarlara yığılır'-media-icmal


Neftçala, “Khazar” avtomobil zavodu, 2018
Neftçala, “Khazar” avtomobil zavodu, 2018

VII Qlobal Bakı Forumu, ölkədə istehsal edilən avtomobillərin bazar problemi, problemli kreditlərlə bağlı fərmandan gözləntilər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

20 faiz anbarda

“Marja.az” saytı-nda “Neftçalada yığılan avtomobillər anbarlara yığılır” sərlövhəli yazı yer alır.

Yazıda Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2019-cu ilin yanvar - fevral aylarında Azərbaycanda 176 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin yanvar-fevralında isə ölkədə minik avtomobili istehsal edilməyib.

Müəllifin qeyd etməsinə görə, 2019-cu ilin yanvar ayında 89 ədəd, fevralında isə 87 ədəd minik avtomobili istehsal edilib.

Yazıda vurğulanır ki, 2019-cu il martın 1-nə hazır məhsul ehtiyatı 189, fevralın 1-inə isə 190 ədəd təşkil edib.

Müəllif qeyd edib ki, 2018-ci ildə Azərbaycanda bütünlükdə 969 ədəd minik avtomobili yığılmışdı və 2019-cu il yanvarın 1-nə hazır məhsul ehtiyatı 193 ədəd təşkil edib (yığılmış avtomobillərin 20 faizi).

Yazıda vurğulanıb ki, 2018-ci ildən qalan hazır məhsul ehtiyatı və 2019-cu ilin iki ayı ərzindəki istehsal daxil cəmi 369 avtomobilin 180-ni satılıb, 189-u anbarlarda qalıb.

Müəllif “Azərmaş” Açıq Səhimdar Cəmiyyətinin (ASC) idarə heyətinin sədri Emin Axundov-a istinadən yazıb ki, 2019-cu ildə Neftçaladakı avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur.

“Emin Axundov 2019-cu il Fevralın 11-də bildirmişdi ki, 2018-ci ilin yazında işə düşmüş Neftçala Avtomobil Zavodunda bu vaxta kimi 1250-dək avtomobil istehsal olunub. Bu rəqəm, rəsmi statistikadan yüksəkdir. Rəsmi statistikaya görə, ötən il və bu ilin yanvar-fevralında Azərbaycanda cəmi 1145 ədəd minik avtomobili istehsal edilib”

​ “Əhaliyə 670 mln. manat kompensasiya ödəniləcək”

Manat və dollar
Manat və dollar

“Oxu.az” saytı-nda “Zakir Nuriyev: Problemli kreditlərin silinəcək hissəsi 750 milyon manatdır” sərlövəhli yazı oxumaq olar.

Müəllif banklara 10 min dollara qədər borcu olan fiziki şəxslərə güzəşt edilməsi ilə bağlı ölkə başçısının imzaladığı fərmanın icrası ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev-lə söhbətləşib.

Z.Nuriyev deyib ki, 2018-ci ilin sonuna ölkə iqtisadiyyatına qoyulmuş kreditlərin tərkibində problemli kreditlərin payı 12.2 faiz və ya 1 mlrd. 585 mln. manat təşkil edir:

“Prezidentin fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası tam başa çatdıqdan sonra prosesin problemli kreditlərin də azalacağına müsbət təsir edəcəyinə inanırıq.”

Z.Nuriyev hesab edir ki, fərman daha çox sosial yönümlüdür:

“İlkin hesablamalar göstərir ki, əhaliyə ödəniləcək kompensasiyanın məbləği təqribən 670 mln. manat və onların problemli kreditlərinin silinəcək hissəsi isə təqribən 750 mln. manat həcmindədir.Nəticədə, bu fərman ölkə əhalisinin əhəmiyyətli bir hissəsinin, təqribən 800 min nəfərinin vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq”.

Z.Nuriyevin deməsinə görə, dollar kreditləri üzrə aprelin 15-dən kompensasiyaların verilməsinə başlanacaq və fərmana əsasən, on beş gün müddətində Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bank ilə birlikdə prezidentlə razılaşdırmaqla fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi qaydasını təsdiq edəcək: “...Əlbətdə ki, xüsusi halların olması istisna edilmir. Bu zaman isə müştərilər banklara müraciət edərək öz suallarına cavab tapa biləcəklər”, ABA rəhbəri proseduru belə izah edir.

“Müstəqil xarici siyasət”

7-ci Beynəlxalq Humanitar Forum, Bakı, 14 mart 2019
7-ci Beynəlxalq Humanitar Forum, Bakı, 14 mart 2019

“Azərbaycan" qəzeti-ndə isə “Müstəqil siyasətin qlobal təsdiqi” sərlövhəli yazıda VII Qlobal Bakı Forumunu dəyərləndirilir.

Müəllif yazıb ki, martın 14-dən başlayan və 3 gün davam edən Forum “Dünyanın yeni xarici siyasəti” mövzusu ətrafında müzakirələr açıb.

Müəllif Forum iştirakçılarının tərkibinə əsasən onu beynəlxalq miqyaslı və intellektual potensiala malik ən mühüm platformalardan biri adlandırır. “Bizim forumumuzun intellektual səviyyəsi ildən-ilə artır. Bu tədbirdə lap əvvəldən iştirak edən insanlar kimi biz, əlbəttə ki, bunu söyləyə bilərik. Bu gün bu forumun dünya xəritəsində çox mühüm yeri var və forum hələ də inkişaf prosesini yaşayır” - deyə müəllif Forumda prezident İlham Əliyev-in çıxışından sitat gətirir.

Yazıda vurğulanır ki, prezident İlham Əliyev Azərbaycanın maraqlarını bütün səviyyələrdə layiqincə təmin edərək ölkənin mövqelərini davamlı gücləndirir və bunun təsdiqi kimi Forumda dövlət başçısından sitat gətirilir:

“Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır”.

Yazının sonunda isə vurğulanır ki, prezident İlham Əliyev tam müstəqil və Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsinə, inkişafına xidmət edən uğurlu siyasət həyata keçirir:

“Beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və rəğbətlə yanaşmasının da əsas səbəbi məhz bu siyasətdir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG