Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:40

Ermənistan Qarabağa görə Gürcüstandan nə istədi


Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Salome Zurabişvili ilə görüşür
Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Salome Zurabişvili ilə görüşür

Ermənistan Tbilisi rəsmilərindən Dağlıq Qarabağ münaqişəsinə balanslı yanaşma göstərməsini istəyir. Bunu parlamentin spikeri Ararat Mirzoyan martın 14-də Gürcüstan Prezidenti Salome Zurabişvili (Salome Zourabichvili) ilə görüşündə deyib.

Mirzoyan deyib ki, ATƏT üzvü olan Gürcüstan da Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupu formatına qoşulub.

“Bu səbəbdən, balanslı və neytral ifadələrin bundan sonra Dağlıq Qarabağ münaqişəsinə dair bütün bəyanatlarda qorunmasını təmin etməliyik”, – Mirzoyan deyib.

ÖTƏNİLKİ BƏYANAT DA NARAHATLIQ YARADIB

Spiker 2018-ci il oktyabrın 29-da Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin bəyanatıyla bağlı narahatlığını bildirib. Həmin bəyanatda münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən danışılırdı.

Mirzoyan Zurabişvilinin Azərbaycana son səfəri zamanı səsləndirdiyi bəyanatlardan da əndişələnibmi.

Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bu iki ölkənin eyni problemlərlə üzləşdiyini demişdi.

Salome Zurabişvili Bakıda İlham Əliyevlə görüşür, 27 fevral, 2019-cu il
Salome Zurabişvili Bakıda İlham Əliyevlə görüşür, 27 fevral, 2019-cu il

Biz 100 il əvvəl birlikdə müasir dövlət qurmağa başladıq. Biz müstəqilliyimizi bərpa etdik. Vaxtilə bizim kiçik federasiyamız da var idi. Biz müstəqilliyimizi birlikdə itirdik, ağır illərdən keçdik, yaşadıq. Bu gün də biz ölkə üçün ərazilərin işğalının nə demək olduğunu yaşayırıq. Ərazi bütövlüyü hələ bərpa olunmayıb. İşğal məsələsi bizim üçün hələ də açıq yara kimi qalır. Bu, bir tərəfdən bizim inkişafımıza mane olur, digər tərəfdən biz bunlara, bu faciələrə baxmayaraq, dövlətimizi, iqtisadiyyatı gücləndirməyə nail olduq”, – o, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrini nəzərdə tutaraq deyib. ƏTRAFLI

Mirzoyanın deməsinə görə, Gürcüstan prezidentinin bəyanatları erməni cəmiyyətində narahatlıq yaradıb.

“Bütün beynəlxalq qurumlar Dağlıq Qarabağ və digər münaqişələr arasında aydın cızıq çəkirlər”, – spiker vurğulayıb.

GÜRCÜSTAN BU MÜNAQİŞƏNİN ONUN ƏRAZİSİNƏ KEÇMƏSİNİ İSTƏMİR

Zurabişvili martın 13-14-də Ermənistanda səfərdə olub. Martın 13-də Ermənistan Prezidenti Armen Sarkissian ilə birgə mətbuat konfransı keçirib. Sarkissian deyib ki, “Ermənistanla Gürcüstan regiondakı münaqişələrin oxşar olması, amma onların həlli üçün əsasların oxşar olmaması fikrini paylaşırlar”.

Zurabişvili isə Gürcüstanda böyük erməni və azərbaycanlı icmalarının yaşadığını, Dağlıq Qarabağ münaqişəsinin Gürcüstan ərazisinə keçməməsinin vacibliyini vurğulayıb.

“Ermənistan və Azərbaycan əsilli gürcüstanlıların sülh içində yaşaması, Gürcüstanın siyasi, iqtisadi və mədəni həyatına inteqrasiya etməsi bizim üçün çox vacibdir”, – o deyib.

Zurabişvili Yerevanda Baş nazir Nikol Pashinian, Ermənistan Katolikosu II Garegin-lə (Karekin) görüşüb.

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG