Noyabrın 3-də ABŞ prezidenti Donald Tramp Nyu-York meri vəzifəsinə Nyu-Yorkun keçmiş qubernatoru Endryu Kuomonun namizədliyini dəstəkləyib. Prezident demokrat namizəd Zohran Mamdani seçkidə qalib gəlsə, şəhərə federal vəsaitləri kəsməklə hədələyib.
Respublikaçı Tramp Kuomonu öz partiyasından namizəd Körtis Slivadan belə üstün tutub. Sliva demokratların güclü üstünlük təşkil etdiyi şəhərdə ictimai rəy sorğularında xeyli geri qalır.
Kuomo uzun müddət Demokrat Partiyasının üzvü olub. O, demokratların ilkin seçkisində Mamdaniyə uduzandan sonra müstəqil namizəd kimi yarışır.
Bu gün, noyabrın 4-də keçiriləcək Nyu-York mer seçkiləri ABŞ-də diqqətlə izlənir. Bu seçkilərin nəticələri Demokrat Partiyasının Trampa qarşı namizədini formalaşdırmaq cəhdlərinə təsir göstərə bilər. Özünü "demokratik sosialist" adlandıran 34 yaşlı Mamdani sorğularda Kuomodan öndədir. O, gənc, daha proqressiv seçiciləri cəlb edə bilib. Amma eyni zamanda sola çox yönəlmənin əks təsirindən qorxan daha mülayim demokratları narahat edib.
Tramp Mamdanini "kommunist" adlandırır, respublikaçılar kampaniya boyu ona hücum ediblər. Prezident sosial hesabında yazıb ki, Slivaya səs vermək Mamdaniyə fayda verər.
7.4 milyard dollar
"Kommunist namizəd Zohran Mamdani Nyu-York meri seçkilərində qalib gəlsə, mənim ilk doğma evim olan bu şəhərə qanunla tələb olunan minimumdan artıq federal vəsait ayıracağım ehtimalı çox aşağıdır", – Nyu-Yorkda doğulmuş Tramp deyib.
ABŞ federal hökuməti 2026-cı maliyyə ilində Nyu-York şəhərinə 7.4 milyard dollar ayırır ki, bu da şəhərin ümumi xərclərinin təxminən 6.4 faizini təşkil edir.
Mamdani Uqandada doğulub. "Reuters" yazır ki, o, iyunun 24-də ilkin seçkilərdə inamlı qələbəsi ilə siyasi müşahidəçiləri təəccübləndirib. Mamdani seçki kampaniyası zamanı nyu-yorkluları Kuomo kimi "isteblişment" siyasətçilərinə qarşı səfərbər edib. Kuomo Nyu-York qubernatoru vəzifəsinə üç dəfə seçilmişdi, lakin 2021-ci ildə onun 11 qadına qarşı cinsi təcavüz xarakterli hərəkətlər etdiyi ortaya çıxandan sonra istefa verib.
Mamdani Nyu-Yorkun ən varlı sakinlərindən daha çox vergi tutmağı, korporativ vergi dərəcəsinin, dövlət subsidiyalı yaşayış evlərini artırmağı nəzərdə tutur.
"Reuters" yazır ki, Mamdaninin yüksəlişi Demokrat Partiyasına həm risklər, həm də fürsətlər yaradır. Partiya gənc seçiciləri cəlb etməyin vacibliyini qəbul edir. Amma Mamdaninin İsrailin Fələstin ərazilərini tutmasına tənqidi yanaşmasından, demokratik sosializminə respublikaçıların hücumundan da narahatdır.