Hazırda növbədənkənar parlament seçkilərinin imzatoplama kampaniyası davam edir. Hakim yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Cavanşir Paşazadə hazırkı mərhələyə qədərki seçki dövrünü normal qiymətləndirir:
“ Bizdə hələ imzalar toplanır. İmzaların toplanması və komissiyalara təqdim edilməsindən çox şey asılıdır. Çünki seçicilərin namizədə müsbət yanaşması bu mərhələdən başlanır”.
Baxmayaraq ki, bayram tətilidir hər şey müsbət görünür”
Cavanşir Paşazadə bir çox namizəd olmaq istəyənlərin Mərkəzi Seçki Komissiyasından (MSK) imza vərəqələrini götürməsi və müəyyən hissəsinin təhvil verməsinə nəzər yetirib seçki prosesinin canlı getdiyini hesab edir:
“Baxmayaraq ki, bayram tətilidir hər şey müsbət görünür. Güman ki, bayramdan sonra insanlar daha fəal olacaqlar”.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə indiki imzatoplama kampaniyasının əvvəlki seçkilərin eyni dövrü ilə fərqləndiyini bildirib. O, əlavə edib ki, əvvəlki seçkilərdə həm namizədlərini irəli sürən şəxslərə, həm də imza toplayanlara kütləvi şəkildə əngəllər olurdu:
“Ən çox inzibati resurslardan istifadə etməklə imza toplayan şəxslərin fəaliyyətləri məhdudlaşdırılırdı, hətta imza verən şəxslərə yaxınları tərəfindən maneələr törədilirdi. Müsbət haldır bu dəfə belə qanunsuzluqlar kütləvi hal almayıb. Başqa bir narazılıq namizəd olmaq istəyən şəxslərə 10 imza vərəqindən artıq imza vərəqi verilməməsidir. Halbuki, MSK sədri Məzahir Pənahov bununla bağlı heç bir məhdudiyyətin olmadığını demişdi. Hazırda namizədlərin qeydə alma prosesi gedir və ciddi problemlər yaşanmır”.
“ Ən böyük pozuntu bundan ibarətdir”
Onun sözlərinə görə, hakim partiyanın nümayəndələrinin imza toplamasına bir elə rast gəlinmir:
“Bu məqam xüsusi diqqət çəkir, çünki onlar da namizəd olmaq istəyir, amma YAP üzvləri qapı-qapı gəzib imza toplamırlar, deməli, proses qeyri-şəffaf aparılır. Eyni zamanda, YAP-çı namizədlərin topladıqları imzaların gerçək olduğunu araşdırmaq imkanı yoxdur”
Bəşir Süleymanlı hesab edir ki, indiki mərhələdə daha ciddi məqam məhkum olunmuş şəxslərə namizəd olmaq şansının tanınmamasıdır:
“ Ən böyük pozuntu bundan ibarətdir. Məsələn, ReAL Partiyasından İlqar Məmmədov, Rəsul Cəfərli və Zaur Qurbanovun hər üçü haqqında Avropa İnsan Haqları Məhkəməsinin qərarı var onların üzərindən məhkumluq götürülməlidir. Hətta Zaur Qurbanlıya imza vərəqələri verildi, amma MSK sonradan bunu qanunsuz saydı”
Burda səslənən fikirlərə, hələlik, rəsmilər və MSK rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Amma onlar hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar yaradılıb.
Xatırlatma
2019-cu ilin noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb. Bir gün sonra prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Əslində, Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.
Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.