Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:21

NİDA-çı fəalı 'kars'a salıblar


E.Qəhrəman
E.Qəhrəman

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın saxlandığı 14 Saylı Cəzaçəkmə Müəssisəsində cərimə otağına (kars) salındığı bildirilir. Bu barədə AzadlıqRadiosuna onun atası Camal Qəhrəmanov məlumat verib.

«Elgizi iki gündür karsa salıblar. Bizdə olan məlumata görə, Elgizə qarşı fiziki təzyiq olub. Özü ilə danışmaq imkanımız olmayıb. Sonuncu dəfə onunla oktyabrın 7-də görüşmüşdük, o zaman heç nə deməmişdi. Bu da xarakterindən irəli gəlir. Nə qədər problemi olsa da, bizi üzməmək üçün deyən deyil», – C.Qəhrəmanov bildirib.

«Yeni rəis təyin olunub»

E.Qəhrəmanın da üzv olduğu NİDA Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli deyir ki, 14 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi orada saxlanılan ictimai-siyasi fəalları incidir:

«Bir müddət öncə müəssisəyə yeni rəis təyin olunub - Namiq Qocayev. O, gəldiyi gündən orada saxlanılan dostlarımız – bloqqer Mehman Hüseynova, Elgiz Qəhrəmana qarşı kobudluq edir. Onların telefon danışıqlarına da məhdudiyyət qoyulub. Bizdə olan məlumata görə, orada saxlanılan başqa məhkumların da vəziyyəti yaxşı deyil. Müəssisənin rəhbərliyi, əməkdaşları onları da incidir, döyür».

Penitensiar Xidmət isə məhkumların, o cümlədən E.Qəhrəmanın əsassız cəzalandırılması, döyülməsi barədə deyilənləri qəbul etmir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, daxili intizam qaydalarını pozan məhkumların cərimə təcridxanasına salınması qanuna uyğun qaydada həyata keçirilir: «Adını çəkdiyiniz məhkum da bizim üçün sıradan bir məhkumdur. Əgər intizam qaydalarını pozursa, ona münasibətdə də qanuna uyğun davranılır. Bizim müəssisələrdə məhkum cərimə kamerasına salınmamışdan öncə onunla profilaktik iş, söhbət aparılır. Əgər əvvəlki mövqeyində israr edirsə, nəticə çıxarmırsa, o halda keçirilir».

E.Qəhrəmanın 14 Saylı Cəzaçəkmə Müəssisəsində fiziki təzyiqlərə məruz qalmasına gəlincə, M.Sadıqov bildirir ki, Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə saxlanılan şəxslər döyülmür: «Əgər məhkum çılğınlıq edib fiziki müqavimət göstərirsə, özünə, başqa bir məhkuma və ya müəssisənin əməkdaşına xəsarət yetirməyə çalışırsa, bu halda, əl qandalı, dəyənək kimi xüsusi vasitələrlə onun qarşısı alına bilər. Bu da qanuna uyğun şəkildə həyata keçirilir, mütləq aktlaşdırılır».

M.Sadıqov əlavə edir ki, əgər məhkum saxlandığı müəssisədə ona verilən cəzadan narazıdırsa, yuxarı instansiyaya, yaxud məhkəməyə şikayət edə bilər.

Xatırlatma

E.Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur. Gənc fəalı bir həftə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.

NİDA-çı gənc 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə onun ittiham olunduğu maddəni dəyişib. Gənc fəala CM-in 234.1 (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik saxlama) maddəsiylə 3 il cəza təyin olunub.

E.Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG