Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

'Netflix' və 'Spotify' istifadəçiləri haker hücumuna qarşı neyləsinlər


Haker
Haker

Kibertəhlükəsizlik məsələlərindən başı çıxan adamlar bilirlər ki, artıq sizin kiberhücuma məruz qalıb-qalmayacağınız sual edilmir, bunun nə zaman baş verəcəyi aktualdır. Keçirilən yeni sorğu bəzi xidmət istifadəçilərinin hücuma məruz qalmaq ehtimalının daha çox olduğunu üzə çıxarıb. Bu xidmətlər arasında Netflix, EA, Xbox, Sony Entertainment Spotify-ın adları çəkilir.

Araşdırmanı aparan DynaRisk kibertəhlükəsizlik şirkəti məlumatı qara internet və haker birliklərindən götürüb.

Şirkət bu məlumatın cinayətkar qruplar arasında necə ötürüldüyünü ortaya qoyub. Bu cinayətkar dəstələr oğurlanmış məlumatlardan sui-istifadə etmək, yaxud onları hər hansı formada pula çevirmək (satmaq və s.) məqsədi güdür. Bu data çox zaman başqa məlumat növləri ilə birləşdirilir. Məqsəd kimliyi oğurlanan fərdin ətraflı profilini yaratmaqdır.

Ən çox hücuma məruz qalan brendlər

Bəs, görəsən, ən çox hücuma məruz qalan saytlar hansılardır? Bu brendlərin çox sayda istifadəçisinin olmasını nəzərə alsaq, araşdırmanın nəticələri çox da təəccüb doğurmur. Adıçəkilən şirkətlərin bəziləri iri həcmdə data toplayır (Facebook kimi), yaxud da keçmişdə ciddi data pozuntusuna yol verib (məsələn, Facebook və Yahoo).

«Təəssüf ki, qorxunc həqiqət budur ki, brend nə qədər məhsuldardırsa, o, kibercinayətkarlara bir o qədər cəlbedici görünür. Hakerlər iri brendləri təkcə dəyərli informasiyanı oğurlamaq üçün yox, həm də öz bacarıqlarını cinayətkar icmalarındakı həmkarlarına nümayiş etdirmək üçün hədəfə alırlar», – DynaRisk yaydığı press-relizdə bildirib.

DynaRisk şirkəti bildirib ki, hakerləri məsələnin maddi tərəfi də cəlb edir. Netflix Spotify cinayətkarlar üçün ideal hədəfdir. Çünki əldə etdikləri məlumatları xüsusi müştərilərə sata biləcəklər.

Kibertəhlükə və haker hücumları artdıqca, kibertəhlükəsizlik mütəxəssisləri öz xidmətləri üçün qiymətləri qaldırırlar.

Matt Comyns 2012-ci ildə baş informasiya təhlükəsizliyi mütəxəssisi kimi Amerikanın ən böyük kibertəhlükəsizlik şirkətlərindən birində işə başlayıb. O bu iş təklifini ildə 650 min dollar maaş müqabilində qəbul edib. Bu il həmin şirkət eyni vəzifəni doldurmaq üçün nə az, nə çox, 2.5 milyon dollar maaş təklif etməli olub.

«Kibermütəxəssislər uğrunda əsl müharibə gedir. CEO-lar bunu bilirlər və buna görə də ağır şərtlərlə oynayırlar. Hamı buna pul qoyur», –Caldwell Partners axtarış şirkətinin idarəçi partnyorlarından biri, informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşan Comyns deyir.

300 mindən çox vəzifə boş qalıb

Rəqəmsal pozuntular, onların tərədə biləcəyi maliyyə cəzaları, cərimələr, məhkəmə şikayətləri, yüksəksəviyyəli istefalar şirkətləri bazarda az tapılan kibertəhlükəsizlik mütəxəssislərinin ovuna çıxmağa vadar edib.

Artmaqda olan maaş paketi və vəzifələrin ciddiliyi əvvəllər şirkətlərin IT departamentinə aid edilən, rəhbərlərin çox da yadına düşməyən bu işçiləri ön plana çəkib.

ABŞ-ın Kibertəhlükəsizlik Təhsili Təşəbbüsünün dəstəklədiyi CyberSeek layihəsinin verdiyi məlumata görə, ötən ilin avqustunda bitən 12 ay ərzində ABŞ-da 300 mindən çox kibertəhlükəsizlik vəzifəsi boş qalıb. Araşdırmalar göstərir ki, yaxın illərdə bütün dünyada bu göstərici 1 milyona çatacaq. Özü də bu, dünyada rəqəmsal hücumların artmaqda olduğu vaxta təsadüf edir.

Bu ilin aprelində nüfuzlu JPMorgan Chase&Co şirkətinin rəhbəri Jamie Dimon səhmdarlarına deyib ki, kibertəhlükəsizlik ABŞ-ın maliyyə sistemi üçün ən böyük təhlükə mənbəyi ola bilər. Onun Amerika Bankındakı (Bank of America Corp.) həmkarı Brian Moynihan isə daha öncə bankın kibertəhlükəsizlik şöbəsinin qeyri-məhdud büdcə ilə fəaliyyət göstərdiyini bildirmişdi.

Ötən həftə Capital One Financial Corp. bank şəbəkəsi 100 milyonadək müştərisinin məlumatlarının Sietldə oturan bir qadın tərəfindən ələ keçirildiyini bildirib. Bəlkə də, ABŞ banklarında baş vermiş ən böyük pozuntu olan bu hadisə nəticəsində şirkətin səhmləri bircə həftədə 8.9% dəyər itirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG